İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyanın arvadı Simonyanla birlikdə Bakıya gəlmək istəyir

Azərbaycan paytaxtında həbsdə olan separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana birlikdə Bakıya səfər etməyi təklif edib.

Musavat.com-un erməni mediasına istinadən yaydığı məlumata görə, bu barədə onun yaydığı bəyanatda bildirilir.

O, Simonyanın Bakıya mümkün səfəri barədə məlumatlı olduğunu qeyd edib və Ermənistan rəsmisinin belə bir səfəri həyata keçirməyə hazır olmasını müsbət qarşılayıb. Zonabend ümid edir ki, səfər erməni məhbuslar və onların ailələri ilə bağlı humanitar məsələlərin həlli üçün əlavə imkanlar yaradacaq.

Zonabend Simonyanın sülhə nail olmaq üçün bütün humanitar məsələlərin həllinin vacib olması və bu kontekstdə erməni məhbusların təcili və təhlükəsiz şəkildə geri qaytarılmasının müstəsna əhəmiyyət kəsb etməsi barədə bəyanatını xatırladıb.

“Mən bu mövqeyi bölüşürəm. Sizinlə birlikdə Bakıya getməyə hazıram. Bilirəm ki, digər saxlanılan şəxslərin ailələri də bu istəyi bölüşürlər. Xahiş edirəm, belə bir səfər baş tutacağı təqdirdə bizim də orada iştirakımız imkanını nəzərdən keçirəsiniz və yaxınlarımızla görüşlərin təşkilində köməklik göstərəsiniz", – deyə Vardanyanın həyat yoldaşı vurğulayıb.

Zonabend həmçinin Simonyana bir sıra suallar ünvanlayıb: xüsusilə, o, erməni məhbuslara baş çəkməyi planlaşdırırmı və səfərdən əvvəl onların ailələri ilə görüşüb məktubları çatdırmağa hazırdırmı? O qeyd etdi ki, məhbusların ailələri üçün doğmalarını görmək, onların vəziyyəti barədə məlumat almaq, həmçinin sevgi və dəstək sözlərini şəxsən çatdırmaq imkanı böyük əhəmiyyət kəsb edir.

“Əsirlikdə olanlar üçün bu, ailə ilə bağın qırılmadığını və talelərinin diqqətdən kənarda qalmadığını hiss etmək fürsətidir. Cavabınızı və bu imkandan konkret humanitar addım naminə necə istifadə oluna biləcəyini müzakirə etməyə hazır olub-olmadığınızı öyrənməyi səbirsizliklə gözləyirəm", - deyə o bildirib.

Bundan əvvəl Vardanyanın həyat yoldaşı bir neçə dəfə absurd şəkildə “əsir” adlandırdığı separatçı canilərlə, o cümlədən əri ilə bağlı iddialar səsləndirib və Bakıya gəlmək istədiyini deyib.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan sentyabrın 1-də Bişkekdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündən sonra Bakıya səfər edəcəyini istisna etməmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR