Onlayn ictimai-siyasi qəzet
“Bosniya qəssabı”, “Srebrenitsa qatili” kimi tanınan serb əsilli general Ratko Mladiçin Belqradda hərbi təntənə və ehtiramla dəfn olunması göstərdi ki, ayrı-ayrı xalqlar ən qəddar, ən amansız qatillərə belə bəraət qazandıra bilirlər.
Əslində Yuli Sezardan bəri dünyada nə qədər başqa ölkələri işğal edən, yağmalayan, dinc əhalini qırıb çatan hökmdar, sərkərdə olubsa, hamısı, istisnasız olaraq, hərbi cinayətlər törədib. Ancaq onlara yanaşma fərqlidir. Onlar bir xalq üçün cani, o biri üçün qəhrəmandır.

Mladiçin təntənəli dəfni - on minlərə adam hərbi canini son mənzilə yola salır
Bu məsələdə böyük ikili standart var. Sənin ölkənə hücum edən, onu işğalda saxlayan, istilaya, istismara, xalqı qırğına məruz qoyan hökmdar-sərkərdə hərbi canidir, amma sənin ölkənin hökmdarı başqa ölkəni tutub yağmalayanda, onu, fateh hesab edirsən. Gerçəkdə isə onların ikisi də qəsbkardır.
Ancaq bu gün xalqların tarixinə, dövlətlərin keçmişinə baxanda gözümüzün önündə qarmaqarışıq mənzərə canlanır: hər xalq öz hərbi canisini oyur, onunla fəxr edir, tərifini göylərə qaldırır, heykəllərini qoyur, anım günlərini keçirir, xalqın “şanlı keçmişi”nə dair dastanlar bağlayır və s.
Çingiz xan və onun oğulları monqollar üçün Avropanı qırıb-çatan, xalqları əsir edən, yağmalayan işğalçı yox, Asiyanın ucqarından Avropanın mərkəzinə qədər onlarla ölkəni fəth edən fatehdir. Burada monqolların Türküstanda qətlə yetirdiyi 1,5 milyon günahsız insanın, Ukraynada boyu yerə sancılmış qılıncdan hündür olan minlərlə oğlan uşağının faciəsi hesaba alınmır. Sanki bu, adi bir hadisədir, müharibə epizodudur.
Özbəklər üçün də Əmir Teymur o statusdadır. Çünki Şərqin ən böyük imperiyalarından birini əmələ gətirib, Türkiyəni, İranı, İraqı, Suriyanı “fəth edib”. Bu “fəthlər” zamanı neçə yüz min günahsız insan öldürülüb, adi statistikadır. Bu statistikasını dəqiqliyi ilə iranlılar yaxşı bilirlər. Onlar Teymurilər dövrünü tarix kitablarından oxuyur və 127 il çəkən işğal-istila dönəminin cinayətlərini bağışlamırlar.
Əvəzində iranlılar da Şah İsmayılın, Nadir şah Əfşarın regionda böyük imperiya qurduqlarını məmnunluqla xatırlayır, ikincinin Hindistanı fəth etməsindən qürurla bəhs edirlər.
Türkiyədə “üç qitədə dövlət quran sultan babalar”dan, “Vyanının qapısına dayanaraq Avropanı lərzəyə gətirmiş paşalar”dan danışmaq dəbdir. Ərəblərin Osmanlı imperiyasından müstəqillik qazanmaq uğrunda apardıqları mübarizəni, ingilislərin yardımından istifadə etmələrini isə “xəyanət” sayanlar bu gün də çoxdur.

Bu günün Rusiyasında keçmiş SSRİ respublikalarının müstəqil dövlətə çevrilməsinin “Rusiyaya xəyanət” olduğunu düşünənlər də az deyil. Sanki bu ölkələr və xalqlar əbədiyyən rus köləsi olmalı, ömrü uzunu istismara məruz qalmalı imişlər. Ruslar bu gün Suvorovu, Kutuzovu, Yermolovu, Paskeviçi, Jukovu və digər marşal və generalları ona görə çox sevirlər ki, onlar Rusiya imperiyasını qərb, şərq və cənub istiqamətində böyüdüblər. Bu zaman onlar nə qədər məsum insanın qanını töküblər, mühüm deyil.
Napoleon Bonapart zamanında Moskvadan Madridə, Amsterdamdan Romaya qədər bütün Avropanı əsir-yesir edib, milyonlarla gənc əsgərin və mülki əhalinin qanına bais olub, amma fransızlar üçün əzizdir, irsi öyrənilir, barəsində kitablar yazılır, filmlər çəkilir.
Yalnız almanlara Hitlerlə qürur duymağa icazə verilmir. Yer üzünün və bütün zamanların ən qəddar işğalçısı olan bu psixopatın əməlləri sayəsində 50 milyondan çox adam ölüb. O, ən böyük pisliyi elə almanların özünə edib: ölkəsi ikiyə bölünüb, darmadağın və tar-mar olub, yağmalanlb, şəhərlərini itirib, milyonlarla alman kişisi əsir düşüb, yüz minlərlə alman qadın zorlanıb. Buna baxmayaraq, özbaşına qoyulsa, bu gün milyonlarla alman Hitlerlə açıq şəkildə fəxr etdiyini bildirər. Sadəcə, onlar anlayırlar ki, Hitler və onun partiyası bəşəri cinayətlər törədib, onu ehtiramla yad etmək həmin cinayətlərin altına imza qoymaq və o xətti davam etdirməyə hazır olmaq deməkdir.
Dünən Serbiyanın paytaxtı Belqradda hərbi cani Ratko Mladiçin ehtiramla dəfn edilməsi həmin xanədəndir. Bu gün Serbiyanı idarə edənlər və cani generalın dəfninə qatılan on minlərlə serb düşünür ki, Mladiç minlərlə günahsız boşnakı (qadın, yeniyetmə, qoca, yetkin kişi) xəndək kənarına düzüb güllələyəndə düz edib. Onun əmri ilə öldürülmüş şəxslərin Srebrenitsa qəbristanlığındakı məzarlarının göz işlədikcə uzanan sırasına baxanda adamın qanı donur, serblərsə fikirləşirlər ki, adamın günahı olmayıb, Haaqa tribunalı ona ömürlük həbs cəzası kəsərkən haqsızlıq edib.
Ermənilər də o cür düşünürlər. Onlar üçün Vazgen Sarkisyan, Seyran Ohanyan, Samvel Babayan və digər erməni generalalar qəhrəmandır, erməni xalqını müdafiə ediblər. Ancaq bu “qəhrəmanlar”ın Xocalıda, Meşəlidə, Kərkicahanda, Ağdabanda, Başlıbeldə, Qaradağlıda bir neçə min mülki vətəndaşı, günahsız insanları qətlə yetirməsi, 4 min azərbaycanlı əsirin izsiz-tozsuz yoxa çıxarmaları faktı var və bunlar bağışlanmaz hərbi cinayətlərdir.
Hazırda erməni siyasilər, ictimai fəallar və onların havadarları səs-səsə verərək Azərbaycan ordusunun 2020-ci və 2023-cü ildə “hərbi cinayət” törətdiyi barədə bağırışırlar, amma əllərində heç bir fakt yoxdur, çünki həmin hərbi kampaniyalarda mülki adamlara, eləcə də mülki obyektlərə zərər toxunmayıb.
Hərbi cinayət elə şeydir ki, onların daşdan keçən dəlil-sübutları olur və canilər nə qədər inkar etsələr də, həqiqəti dana bilmirlər. Miloşeviç, Karaciç və Mladiçin, eləcə də onların əlaltılarının cinayətləri çox bariz idi, Avropa dövlətləri onları ona görə cəzalandırdı.

Erməni hərbi canilərə gələndə isə, Rusiya bir tərəfdən, Fransa, ABŞ və Niderland da o biri yandan onları dəstəklədilər, məsələnin beynəlxalq məhkəmənin predmeti olmasına imkan vermədilər. Onların erməni canilərə dəstəyi hələ də davam edir. Məsələn, bu gün sırf ölkədaxili siyasi fəaliyyətinə görə həbsdə olan Köçəryana beynəlxalq dəstək var. Eləcə də Bakıda saxlanılan, cinayətləri məhkəmə tərəfindən sübuta yetirilmiş qarabağlı hərbi canilər də diqqətdən kənarda deyillər.
Bu qədər cinayət törədəndən, minlərlə günahsız insanın qanına bais olandan sonra onlar hərbi cani hesab edilmirsə, o zaman öldürülənləri kimin ayağına yazaq? Onlar texnogen qəza və təbii fəlakət qurbanlarıdırmı?
Araz Altaylı, Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ