İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilimizi mükəmməl bilən erməni ekspertdən İrəvana SOS çağırışı – “Qərbi Azərbaycan”lılar gəlir

Azərbaycan məsələləri üzrə ixtisaslaşan, Azərbaycan dilini mükəmməl bilən erməni ekspert Tatev Hayrapetyan “Qərbi Azərbaycan” mövzusu ilə bağlı İrəvana ciddi xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Ermənistan parlamentinin keçmiş deputatı bir neçə gün əvvəl dərc olunan “Azərbaycanın ritorikasını görməzdən gələrək regional sülh qurmaq mümkün deyil” adlı məqaləsinə istinad edərək, 8 avqust 2025-ci ildən sonra da Azərbaycanda “Qərbi Azərbaycan” konsepsiyasının fəal şəkildə davam etdirildiyini bildirib.

Hayrapetyan bu prosesi Ermənistana qarşı yönəlmiş “ərazi iddiası” və “ekspansionist proqram” kimi qiymətləndirib.

Onun sözlərinə görə, məsələ yalnız Azərbaycan rəsmilərinin açıqlamaları ilə məhdudlaşmır. Erməni ekspert bildirir ki, “Qərbi Azərbaycan” mövzusu tarixi tələb kimi formalaşdırılır, universitetlər və dövlət qurumları vasitəsilə institutlaşdırılır, milli kimliyə daxil edilir, diplomatik və beynəlxalq kanallarla irəli sürülür və insan hüquqları məsələsi kimi təqdim olunur.

Hayrapetyan hesab edir ki, Ermənistanın bu prosesə qarşı istifadə edə biləcəyi diplomatik, siyasi, hüquqi və informasiya vasitələri hələ də mövcuddur.

“Keçmişdə Ermənistan açıq şəkildə bəyan edilən niyyətlərə məhəl qoymamağın ağır bədəlini ödəyib. Bu siyasətə diplomatiya, strateji kommunikasiya və ardıcıl siyasi siqnallar vasitəsilə qarşı çıxmaq imkanı var”, – deyə o bildirib.

Keçmiş deputat Ermənistan hökumətini, siyasi partiyaları, alimləri, vətəndaş cəmiyyətini və diaspor təşkilatlarını məsələyə qarşı birgə fəaliyyət göstərməyə çağırıb.

Hayrapetyanın sözlərinə görə, müəyyən bir siyasi narrativ bir gecədə ərazi tələbinə çevrilmir, lakin onun maneəsiz şəkildə kök salmasına imkan verilməsi gələcəkdə qarşısının alınmasını daha da çətinləşdirə bilər.

“Təhlükə aydın və realdır və ona vaxtında qarşı çıxmaq lazımdır”, – deyə erməni ekspert vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR