İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Putindən bu prezidentlərə şikayət göndərdi

Ermənistanın Rusiyadan iqtisadi asılılığını azaltmaq və Avropa istiqamətində yeni bazarlar tapmaq cəhdləri fonunda İrəvanla Moskva arasında “ticarət müharibəsi” daha da böyüyür. Ermənistan hökuməti Rusiyanın ölkədən kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərdən narazı qalaraq Avrasiya İqtisadi İttifaqına(Aİİ) rəsmi şikayət göndərib. 

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan deyib.

Nazir müavini bildirib ki, İrəvan Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin Aİİ-nin prinsiplərinə uyğun olmadığını düşünür və onların aradan qaldırılması üçün ittifaqın təsir mexanizmlərindən istifadə edir. Yəni bu xəbərin açması budur ki, Paşinyan hökuməti bu sanksiya qərarın arxasında durduğundan şübhə etmədiyi Rusiya prezidentindən Aİİ-dəki müttəfiq dövlət başçılarına şikayət edib.

Picture background

Yada salaq ki, Ermənistan məhsulları ilə bağlı problem bu ilin mayında başlayıb. Rusiya əvvəlcə Ermənistandan pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Daha sonra siyahı genişləndirilib və iyunun 12-dən Ermənistandan bütün karantin nəzarətində olan bitki mənşəli məhsulların idxalı və onların Rusiya ərazisindən tranziti məhdudlaşdırılıb. Məhdudiyyətlərə çiçəklər, tərəvəzlər, giləmeyvələr, meyvələr, üzüm, kartof və quru meyvələr də daxildir. Balıq və balıq məhsullarının bir hissəsinə də sanksiya tətbiq olunub. Moskva isə bunu siyasi qərar kimi təqdim etmir. “Rosselxoznadzor” Ermənistan məhsullarında fitosanitar və baytarlıq tələblərinin pozulmasını əsas gətirir. Rusiya tərəfi həmçinin məhdudiyyətlərin müvəqqəti olduğunu və Ermənistan təhlükəsizlik və nəzarət mexanizmləri ilə bağlı lazımi tədbirləri gördükdən sonra məsələyə yenidən baxıla biləcəyini bildirib.

Maraqlı məqam budur ki, Moskva Ermənistan məhsullarının bir hissəsinə məhdudiyyət qoyduğu bir vaxtda Avropa İttifaqı əks istiqamətdə addım atıb.
Sentyabrın 2-də Aİ Şurası Ermənistan məhsullarının Avropa bazarına çıxışını asanlaşdıran müvəqqəti ticarət liberallaşdırılması tədbirlərini təsdiqləyib. Yeni rejimin təxminən 80 faiz Ermənistan ixracını əhatə edəcəyi bildirilir. Təzə meyvə, tərəvəz və bitkilər üzrə isə əhatə dairəsi daha da geniş – təxminən 99 faiz olacaq. Güzəştlərin iki il müddətinə tətbiqi nəzərdə tutulur.

Brüssel bu addımı Ermənistan iqtisadiyyatına dəstək və ölkənin Rusiya ilə ticarətdə üzləşdiyi məhdudiyyətlərin təsirlərinin yumşaldılması ilə əlaqələndirib.

Ancaq burada Ermənistanın üzləşdiyi əsas ziddiyyət də ortaya çıxır. İrəvan Avropaya inteqrasiyadan danışır, Aİ isə Ermənistan məhsullarına güzəştlər tətbiq edir. Buna paralel olaraq Ermənistan hökuməti Rusiyanın tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmaq üçün məhz Aİİ-nin mexanizmlərinə müraciət edir. Tiqran Qasparyanın sözlərinə görə, Ermənistan Rusiyanın addımlarını Aİİ prinsiplərinə zidd hesab edir və şikayətinin nəticəsində məhdudiyyətlərin aradan qaldırılacağına ümid edir. Yəni İrəvan bir tərəfdən Avropaya üz tutur, digər tərəfdən isə Moskva ilə yaranmış iqtisadi problemin həllini hələ də Rusiyanın daxil olduğu ittifaqın mexanizmlərində axtarır.

Bəllidir ki, Ermənistanın kənd təsərrüfatı məhsullarının əsas satış istiqamətlərindən biri uzun illərdir Rusiya bazarıdır. Buna görə Moskvanın məhdudiyyətləri Ermənistan fermerləri və ixracatçıları üçün ciddi problem yaradır. İrəvanın Rusiyadan Aİİ-yə şikayət verməsi isə göstərir ki, Ermənistan üçün Moskva ilə iqtisadi əlaqələrin əhəmiyyəti hələ də kifayət qədər böyükdür.
Nəticədə Paşinyan hökuməti qəribə bir vəziyyətə düşüb: Avropaya inteqrasiya haqqında danışır, Brüsseldən ticarət güzəştləri alır, amma Moskvanın tətbiq etdiyi məhdudiyyətlərə qarşı müdafiə üçün yenə də Aİİ-nin qapısını döyür...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR