İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı deputatın III Dünya müharibəsi qorxusu - BAKIDAN REAKSİYA

Dünyanın müxtəlif bölgələrində paralel şəkildə davam edən müharibələr və böyük güclər arasında getdikcə dərinləşən qarşıdurma qlobal təhlükəsizlik gündəmini yenidən III Dünya müharibəsi ehtimalı ətrafında cəmləşdirib. Ukraynada artıq 4 il yarımdan çoxdur ki, davam edən savaşın NATO ilə Rusiya arasında birbaşa toqquşma riskini artırması, Yaxın Şərqdə ABŞ və İran arasında hərbi qarşıdurmanın genişlənməsi və Tayvan ətrafında ABŞ-Çin rəqabətinin kəskinləşməsi dünyanın bir neçə strateji nöqtəsində eyni anda təhlükəli proseslərin getdiyini göstərir.

İran parlamenti koronavirusa görə bağlandı - Oxu.az

İran parlamentinin deputatı Kamran Qəzənfəri də məhz bu mənzərəyə diqqət çəkərək ölkəsinin faktiki olaraq “Üçüncü Dünya müharibəsinin astanasında” olduğunu qeyd etməsi diqqətləri çəkib. Onun fikrincə, Rusiya-Ukrayna müharibəsinin genişlənməsi və Qərblə Moskva arasında artan gərginlik böyük müharibəyə çevrilə biləcək əsas amillərdəndir. Qəzənfəri xüsusilə NATO-nun Ukraynaya dəstəyini, Rusiya ilə Böyük Britaniya və Almaniya arasındakı qarşıdurmanı müharibənin Avropanın digər ölkələrinə yayılması baxımından təhlükəli hesab edir.

İranlı deputat qlobal qarşıdurmanın digər mümkün istiqaməti kimi ABŞ və Çin arasında Tayvan məsələsində yaranan gərginliyi də göstərib. Beləliklə, söhbət artıq yalnız Rusiya-Ukrayna və ya ABŞ-İran müharibəsindən getmir. Dünyanın müxtəlif bölgələrindəki ayrı-ayrı münaqişələrin bir-biri ilə əlaqələnməsi böyük güclər arasında daha geniş qarşıdurma ehtimalını gündəmə gətirir. Maraqlıdır ki, Qəzənfəri bütün bu risklər fonunda ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməsi ehtimalını isə çox aşağı qiymətləndirir. Bu yanaşma göstərir ki, Tehran daxilində də qarşıdurmanın müəyyən həddə qədər idarəolunan saxlanmasının mümkünlüyünə dair gözləntilər var. Ukrayna cəbhəsi, Yaxın Şərq və Tayvan eyni vaxtda böhran mənbəyinə çevrilərsə, böyük güclər bu prosesləri nə qədər nəzarətdə saxlaya biləcək? İran özünü niyə “Üçüncü Dünya müharibəsinin astanasında” görür?


Politoloq Çingiz Şahbazi deyib ki, iranlı deputatın düşüncələri, əlbəttə ki, Tehranın mövqeyi kimi şərh edilə bilməz: "Bu, olsa-olsa, Tehrandakı sərt xətt tərəfdarlarının təhlükə qavrayışının göstəricisi ola bilər. Bu baxımdan, dünyanın müxtəlif coğrafiyalarında paralel şəkildə davam edən münaqişələr və böyük dövlətlərin strateji rəqabətinin dərinləşməsi “Üçüncü dünya müharibəsi” anlayışını yenidən dünya gündəminin əsas manşet xəbərlərinə daşıya bilib. Ukraynada Rusiya ilə Qərb arasında qarşıdurmanın böyüməsi, Yaxın Şərqdə ABŞ-İran müharibəsinin regional sərhədləri aşmaq potensialı və Tayvan boğazında ABŞ-Çin rəqabətinin kəskinləşməsi bir-birindən uzaq böhranlar kimi görünsə də, onların ortaq xüsusiyyəti eynidir. Nüvə potensialına malik böyük ölkələr arasında birbaşa toqquşma riski olsa da, bunun “Üçüncü dünya müharibəsi başlayır” anlamına gəlməsinə kifayət qədər əsas yoxdur. Amma göründüyü kimi, dünyada eskalasiya riski kifayət qədər çoxalır və bu, onu göstərir ki, “Üçüncü dünya müharibəsi” qaçılmazdır”.

Ekspertin sözlərinə görə, hazırda davam edən Ukrayna və Yaxın Şərqdəki müharibələr qlobal müharibə riskini artırmır: “Bu müharibələr nəzarətdə saxlanılan müharibələrdir. Amma paralel olaraq, səhv hesablamalar səbəbindən bu müharibələrin nəzarətdən çıxması ehtimalı da yox deyil. Üçüncü dünya müharibəsinin başlanması üçün ABŞ, Rusiya və Çin kimi əsas güclərin bir-birinə qarşı açıq şəkildə müharibəyə girməsi lazımdır. Hazırkı mənzərə daha çox böyük güclərin dolayı qarşıdurması modelinə bənzəyir və iranlı deputatın təhlili, heç şübhəsiz ki, İranın ABŞ-ın regiondakı hərbi qüvvələrini, İsraili, Körfəz ölkələrindəki ABŞ bazalarını və hətta Hörmüz boğazını belə vahid strateji sistemin elementləri kimi görməsindən qaynaqlanır. Bu baxımdan, dünyanın əsas narahatlığı "III Dünya müharibəsi nə vaxt başlayır” sualı olmamalıdır. Hesab edirəm ki, ən böyük narahatlıq “böyük ölkələr bir-birini hansı həddə qədər sınağa çəkə bilər?” sualıdır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR