İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağ bayraq qaldırdıq, yenə də vurdular” – Vurulan gəmidəki azərbaycanlı

Odessa sahillərində dron hücumuna məruz qalan gəmidəki azərbaycanlı dənizçi hadisənin baş verdiyi anları danışıb.

Musavat.com xəbər verir ki, heyətin üzvü İbrahim Novruzovun sözlərinə görə, onlar daha əvvəl dron hücumuna məruz qalmış “Emil” gəmisini ərazidən çıxararaq Türkiyəyə aparmaq üçün Odessa sahillərinə gəliblər.


O bildirib ki, gəminin vurulmaması üçün üzərinə ağ və Türkiyə bayrağı qaldırılıb: “Dünən gecə gəldik. Səhər saat 7-də hərəkətə keçmək istədik. Biz gəmini Türkiyəyə aparmalı idik. Bu zaman dron hücumu oldu. Gəmiyə su doldu”.

Dənizçi bildirib ki, 7 nəfərlik heyətdən 4-ü Azərbaycan vətəndaşı olub: “Biz bilmirik, köməkçi gəmiyə minib ərazidən uzaqlaşaq, yoxsa kömək gözləyək”, - deyə İbrahim Novruzov bildirib.


Qeyd edək ki, heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi sentyabrın 9-da Odessa sahillərində dron hücumlarına məruz qalıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımov həlak olub. İmran Novruzov və Rauf Əliyev isə xəsarət alıb. Yaralılar Ukraynanın Çernomorsk şəhərindəki xəstəxanaya yerləşdiriliblər.


Nazirlikdən bildirilib ki, hazırda məsələ ilə bağlı Azərbaycanın diplomatik nümayəndəlikləri, eləcə də müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri aparılır.
“Yaralı vətəndaşlarımızın tibbi müayinəsi və müalicəsindən sonra onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi, habelə cənazələr üzrə prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür”, - deyə XİN-dən qeyd olunub.


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR