Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə canlı yayım açmasını tənqid edənlərə cavab verib. Aktrisa "TikTok"da açdığı canlı yayım zamanı izləyiciləri ilə söhbət etdiyini bildirib.O, canlı yayımlara pul qazanmaq məqsədilə girdiyi ilə bağlı fikirlərin doğru olmadığını vurğulayıb: “Elə düşünürlər ki, "TikTok"da canlıya pul yığmaq üçün girirəm. Yox, mən izləyicilərimlə söhbət etmək üçün bura girirəm. Hədiyyə atanlara da təşəkkür edirəm”.
M.Xanlarova hazırda işsiz olduğunu, heç bir yerdə çalışmadığını deyib: "Pensiya yaşım da deyil, 59 yaşım var. Mən heç vaxt nəyisə gizlətməmişəm. Deyirlər, oturub dilənir. Niyə? Gözləyirəm, işləməyə. Mağazada belə işləməyə eyib kimi baxmıram. Ya iş tapmalıyam, ya da... Nə vaxta kimi dost-tanış mənə yardım edəcək?"
Qeyd edək ki, "Tiktok"- dan müxtəlif üsularla pul qazanmaq imkanı əldə edənlər mövcuddur. “Infulencer” olaraq, pul qazanmaq yolunu seçənlər var. "TikTok"da istehsal etdiyi məzmunla məşhurlaşanlar və müxtəlif markalarla sövdələşmə edənlər var. Müxtəlif brendlərin məhsullarını tanıtmaqla pul qazanmaq mümkündür.
Bəs Tik-Tokda canlı yayım açıb pul yığanlara nəzarət olmalıdırmı? Onlar hansısa məsuliyyət daşıyırmı?
Hüquqşünas Əkrəm Həsənov Musavat.com-a qeyd edib ki, bu məsələlər hazırda konkret şəkildə tənzimlənmir və belə fəaliyyətə xüsusi nəzarət mexanizmi yoxdur: “Sadəcə elan verməyin və ianə, yaxud yardım üçün pul toplamağın özündə qanunsuz bir hal yoxdur. Məsələn, kimsə müəyyən bir şəxsin müalicəsinə və ya başqa ehtiyacına kömək məqsədilə pul toplaya bilər. Amma toplanan vəsait sonradan elan edilən məqsəd üzrə istifadə olunmursa, bu artıq başqa məsələdir və müəyyən hallarda dələduzluq kimi qiymətləndirilə bilər. Dələduzluq dedikdə, sadə dillə desək, başqasının etibarından sui-istifadə etməklə onun əmlakını ələ keçirmək nəzərdə tutulur”.

Əkrəm Həsənovun sözlərinə görə burada əsas problem isə məsələnin necə müəyyən edilməsidir: “Pulu verən şəxslər ilk növbədə maraqlana bilərlər ki, toplanan vəsait hara və necə xərclənib. Əgər müəyyən etsələr ki, pul elan edilən məqsəd üzrə istifadə olunmayıb, onlar hüquq-mühafizə orqanlarına – prokurorluğa və ya polisə müraciət edə bilərlər. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu cür elanlar, xüsusilə də sosial şəbəkələrdə yayılan çağırışlar publik xarakter daşıyır və hər kəs tərəfindən görülə bilir. Buna görə də hüquq-mühafizə orqanları belə bir haldan xəbər tutduqda, özləri də araşdırma apara bilərlər. Məsələn, toplanan vəsaitin elan edilən məqsəd üzrə istifadə edilib-edilmədiyini, vəsaitin kimə və nə qədər verildiyini müəyyənləşdirə bilərlər. Hətta yardımın konkret olaraq xəstə və ya ehtiyacı olan şəxs üçün toplandığı bildirilirsə, həmin şəxs özü də şikayət edə bilər. Məsələn, deyə bilər ki, onun adına pul toplanıb, lakin həmin vəsait ona verilməyib. Amma burada da müəyyən çətinlik yaranır: həmin şəxsin əslində nə qədər vəsait toplandığını bilməsi hər zaman mümkün olmur”.
Hüquqşünas vətəndaşlara çağırış da edib: “İnsanlara tövsiyə edərdim ki, belə hallarda mümkün qədər nağd şəkildə pul verməsinlər. Çünki sonradan həmin vəsaitin kimə verildiyini və hansı məqsədlə təqdim olunduğunu sübut etmək çətin ola bilər. Ən azı bank vasitəsilə köçürmə etmək daha məqsədəuyğundur. Belə olduqda sabah həmin şəxsin konkret olaraq kimə, nə qədər pul göndərdiyini və bu vəsaitin hansı məqsədlə verildiyini sübut etmək mümkün olur. Əgər sonradan pulun təyinatı üzrə istifadə edilmədiyi məlum olarsa, həmin bank əməliyyatı da araşdırma zamanı sübut kimi əhəmiyyət daşıya bilər. Çünki şəxs kiməsə nağd pul verdikdə, sonradan həmin ödənişi ümumiyyətlə sübut edə bilməməsi ehtimalı var. Bu baxımdan, xüsusilə sosial şəbəkələrdə aparılan yardım kampaniyalarında insanların diqqətli olması və pulun hara, kimə və hansı məqsədlə köçürüldüyünü mümkün qədər sənədləşdirməsi vacibdir”.
Xalidə Gəray
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ