Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Bakı Konqres Mərkəzində 4-cü İqlim Həftəsinin (CW4) açılış mərasimi keçirilir.
Musavat.com xəbər verir ki, açılış mərasimində xarici işlər naziri Ceyhun Bayramov çıxış edir.
C.Bayramov bildirib ki, iqlim dəyişikliyinin nəticələri artıq proqnozlardan ibarət deyil, onları dünyanın hər yerində, o cümlədən regionumuzda aydın şəkildə görmək mümkündür:
“Bunun bir nümunəsi Xəzər dənizidir. Son bir neçə il ərzində Xəzər dənizinin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu gün Xəzərin sahilində, gözəl Bakı bulvarı boyunca gördüyünüz sahil xətti cəmi bir neçə onillik əvvəl tanıdığımız sahil xətti deyil. İqlim dəyişikliyinin artan təsirləri milli iqtisadiyyatlar və dövlət maliyyəsi üzərində maliyyə təzyiqi yaradır. Qlobal qeyri-sabitlik, münaqişələr və bazarlardakı dəyişiklik bu təzyiqləri daha da artırır. Bu proseslər iqtisadi şaxələndirməni və enerji dayanıqlığını milli təhlükəsizlik, iqtisadi sabitlik və uzunmüddətli dayanıqlılıq baxımından getdikcə daha mühüm edir. COP29 zamanı Bakıda iqlim maliyyələşdirilməsi, karbon bazarları və Paris Sazişinin digər istiqamətləri üzrə tarixi qərarlar qəbul edildi. Bu qərarlar iqlim fəaliyyətinin sürətləndirilməsinə, öhdəliklərini həyata keçirməyə hazır olan, lakin bunun üçün kifayət qədər resursu olmayan ölkələrə dəstək göstərilməsinə xidmət edir”.
Nazir qeyd edib ki, Bakı Maliyyə Məqsədi tərəflər arasında etimadın təməli kimi layiqincə yerinə yetirilməli və həyata keçirilməlidir:
“Onun ambisiyası 300 milyard ABŞ dollarını aşmalıdır. Bakıdan Beləmə Yol Xəritəsinin də göstərdiyi kimi, iqlim maliyyəsini 1 trilyon ABŞ dollarını ötən miqyasda səfərbər etmək mümkündür. Biz iqlim gündəliyində və ondan kənarda tərəqqinin təmin olunmasında fəal rolumuzu davam etdirməyə hazırıq. Bu çərçivədə beynəlxalq səviyyədə nümayiş etdirdiyimiz liderliyi ölkə daxilində qətiyyətli addımlarla tamamlayırıq. Azərbaycan üçüncü Milli Müəyyənləşdirilmiş Töhfəsini (NDC) təqdim edib. Biz iri həcmli günəş və külək layihələrini istifadəyə verməklə, hidroenerji imkanlarını genişləndirməklə və beynəlxalq tərəfdaşlarla təmiz enerji layihələri həyata keçirməklə bərpa olunan enerji gücümüzü artırırıq.
Artıq imzalanmış sazişlər təxminən 6 QVt əlavə günəş və külək enerjisi gücünün yaradılmasını nəzərdə tutur. Bu planlarla Azərbaycan ilk Qlobal Baxışın müəyyən etdiyi ambisiyanı daha da irəli aparmağa hazırdır. Həmin ambisiya 2030-cu ilə qədər qlobal bərpa olunan enerji gücünün üç dəfə artırılmasını nəzərdə tutur. Biz ənənəvi enerji istehsalçılarının yaşıl və dayanıqlı gələcəyin öncüllərinə çevrilə biləcəyini nümayiş etdirmək əzmindəyik. Bütün bu elementlər Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin uzunmüddətli strateji baxışına əsaslanır”.
Ceyhun Bayramov əlavə edib ki, Azərbaycan beynəlxalq səviyyədə iqlim diplomatiyasının və əlaqəli sahələrin inkişafında fəal rol oynamağa sadiq qalır:
“COP Sədrliyimizin başa çatmasından sonra da bu dinamikanı davam etdiririk. Rəsmi platformalarla yanaşı, qeyri-rəsmi diplomatiyanın mühüm rolunu da qəbul edirik. 2024-cü ildən etibarən Şamaxı Görüşləri vasitəsilə baş danışıqları bir araya gətirərək etimad yaratmağa, fikir ayrılıqlarını aradan qaldırmağa və mürəkkəb iqlim məsələləri üzrə konsensusa nail olmağa çalışırıq. Ekspertlər və siyasətçilər iqlim dəyişikliyini və onun genişmiqyaslı təsirlərini müzakirə etmək üçün yenidən Bakıda bir araya gəliblər. Bakı İqlim Həftəsini rəsmi olaraq açarkən əsas diqqətimiz COP31-ə Antalyada keçiriləcək növbəti COP-a doğru dinamikanın qorunmasına, eyni zamanda regional və çoxtərəfli tərəfdaşlıqların gücləndirilməsinə yönəlib. Bu ortaq məsuliyyət ruhunda Azərbaycan Türkiyəyə, növbəti COP-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda, sarsılmaz və qardaş dəstəyini bir daha təsdiqləyir. COP29 və COP31 Sədrilikləri arasında əməkdaşlıq regional həmrəyliyin nümunəsidir. Bu əməkdaşlıq iqlim fəaliyyətində davamlılığı, ambisiyalı iqlim maliyyələşdirmə mexanizmlərini və qlobal səviyyədə ardıcıl fəaliyyətin təmin edilməsinə xidmət edir”.
Nigar Həsənli
Musavat.com
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ