Onlayn ictimai-siyasi qəzet
Türkiyənin yeni serial layihələrindən olan “Sevdan bir ateş” ekran işi ilk bölümdən diqqətçəkən məqamla gündəmə gəlib.
Musavat.com xəbər verir ki, serialın birinci bölümündə Azərbaycan musiqisinin klassik nümunələrindən olan “Ayrılıq” mahnısı səsləndirilib.
Mahnını Türkiyənin tanınmış sənətçisi Selda Bağcan ifa edib. Azərbaycan bəstəkarı Emin Sabitoğlunun musiqisi, Xalq şairi Mikayıl Müşfiqin sözləri əsasında ərsəyə gələn “Ayrılıq” mahnısının serialda yer alması sosial şəbəkələrdə də diqqət çəkib.
Azərbaycan musiqisinin Türkiyədə böyük auditoriyaya malik ekran layihəsində səsləndirilməsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Xüsusilə mahnının Selda Bağcanın ifasında təqdim olunması səhnəyə fərqli emosional çalar qatıb.
Baş rollarını Özge Özacar və Murat Ünalmışın paylaşdığı “Sevdan bir ateş” serialı ilk bölümündən etibarən sosial mediada müzakirə olunan layihələr sırasında yer alıb. Ekran işinin aktyor heyəti, süjet xətti və musiqi seçimləri izləyicilərin diqqətini çəkib.
Serialda “Ayrılıq” mahnısının səslənməsi isə Azərbaycan tamaşaçılarının da layihəyə marağını artırıb.
Könül
Musavat.com
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ