İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhərlər böyüyür, cəmiyyətdə nifrət və aqressiya hissi artır

Şəhərləşmə yalnız əhalinin kənd və rayonlardan iri şəhərlərə köçünü sürətləndirmir, eyni zamanda insanların həyat tərzinə və sosial münasibətlərinə də ciddi təsir göstərir. Böyük şəhərlərdə insanların bir-birini tanımaması, qonşular arasında ünsiyyətin zəifləməsi, ənənəvi həmrəylik və qarşılıqlı dəstək mühitinin tədricən arxa plana keçməsi artıq diqqətçəkən sosial məsələlərdən birinə çevrilib.

Əvvəllər qonşuluq münasibətləri gündəlik həyatın ayrılmaz hissəsi hesab olunurdusa, bu gün böyük şəhərlərdə insanlar bəzən illərlə eyni binada yaşasalar da, bir-birlərinin adını belə bilmirlər. Lift, pilləkən və həyət kimi ortaq məkanlarda qarşılaşan insanlar çox vaxt qısa salamlaşma ilə kifayətlənir, sosial münasibətlər isə getdikcə daha fərdi xarakter alır.

Bəs şəhər həyatı insanları niyə bir-birindən təcrid edir? Şəhərləşmə və sosial problemlər canlı ünsiyyətin zəifləməsinə necə təsir göstərir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı hesab edir ki, sosial problemlər səbəbindən Bakıya və digər iri şəhərlərə üz tutan insanların müxtəlif bölgələrdən gəlməsi onların sosial münasibətlərinə də təsir göstərir.

Onun sözlərinə görə, işsizlik və digər sosial çətinliklər bir çox insanı yaşayış yerini dəyişməyə məcbur edir:

“İşsizlik və digər sosial problemlər səbəbindən Bakıya və digər şəhərlərə axın edən insanlar müxtəlif bölgələrdən gəlirlər. Onlar istər-istəməz bir-biri ilə ünsiyyət qurmaqdan uzaq olurlar. Ünsiyyətə meyilli olmamaları da müəyyən problemlərin qabarmasına səbəb olur. Şəhərdə bəzən qonşuların illərlə bir-biri ilə münasibət qura bilməməsində bunu açıq şəkildə görmək mümkündür”.

Cavanşir Abbaslı bildirir ki, rayon və kəndlərdə qonşuluq münasibətləri uzun müddət daha fərqli xarakter daşıyıb. İnsanların uşaqlıqdan eyni mühitdə böyüməsi, bir-birini yaxından tanıması və gündəlik həyatın daha çox kollektiv xarakter daşıması qarşılıqlı münasibətləri möhkəmləndirib:

“Rayonlarda məsələ bir qədər fərqlidir. İnsan gözünü açandan qonşularını görür. Bir-biri ilə rahat əlaqə qurmasına maneə olmur. İnsanlar bir-birini yaxından tanıyırlar. Rayonlarda xoş münasibət, bir-birinin yanında olmaq və dəstək göstərmək ənənəsi bu gün də mövcuddur”.

Siyasi şərhçinin fikrincə, sosial təcrid problemi artıq bölgələrdən də yan keçmir. Kəndlərin boşalması, əhalinin şəhərlərə köçü və texnologiyanın gündəlik həyatın bütün sahələrinə nüfuz etməsi ənənəvi ünsiyyət formalarını zəiflədən əsas amillərdəndir.

“Bu problem, təəssüf ki, artıq bölgələrə də yansıyıb. Kəndlər demək olar ki, boşalır, insanlar şəhərlərə gəlirlər. Qalanların bir qismi də sanki ünsiyyətdən qaçır. Burada səbəblərdən biri sosial şəbəkələrin geniş yayılmasıdır. İnsanlar vaxtlarının böyük hissəsini sosial platformalarda keçirirlər”.

Cavanşir Abbaslı qeyd edir ki, internetin hətta ucqar kəndlərə qədər yayılması informasiya və kommunikasiya imkanlarını genişləndirsə də, bunun insanların canlı ünsiyyətinə müəyyən təsirləri var:

“Rayonların internetləşdirilməsi sürətlə artıb. Artıq ən ucqar rayon və kəndlərdə belə internet kifayət qədər sürətlidir. Bu da istər-istəməz insanların canlı ünsiyyətini azaldır. İnsanlar daha çox sosial şəbəkələrdə vaxt keçirirlər. Sosial şəbəkələr o qədər geniş yayılıb ki, ən ucqar kəndin ən sonuncu məhəlləsində yaşayan insan belə TikTok-dan istifadə edir”.

Məsələ burasındadır ki, texnologiya insanları bir-birinə fiziki olaraq yaxınlaşdırmaqla yanaşı, paradoksal şəkildə onların real həyatda məsafəsini də artıra bilir. Bir neçə saniyə ərzində dünyanın digər ucundakı insanla əlaqə saxlamaq mümkün olduğu halda, eyni binada yaşayan qonşu ilə ünsiyyət qurmaq bəzən çətinləşir.

Şəhər həyatının sürətli tempi də bu prosesə təsir göstərir. Uzun iş saatları, nəqliyyat sıxlığı, maddi qayğılar, mənzil və kirayə xərcləri, gündəlik stress insanlara sosial münasibətlər üçün daha az vaxt və enerji saxlayır. Nəticədə insan öz problemlərinə qapılır və ətrafındakı insanlarla münasibətlər tədricən ikinci plana keçir.

Beləliklə, şəhərləşmə, sosial-iqtisadi çətinliklər və rəqəmsal mühitin sürətli inkişafı insanların canlı ünsiyyətini zəiflədən mühüm amillərə çevrilir. Ənənəvi qonşuluq və həmrəylik münasibətlərinin yerini isə getdikcə daha fərdi və virtual həyat tərzi tutur.

Bəlkə də böyük şəhərlərin ən qəribə paradokslarından biri elə budur: insanlar sayca çoxalır, binalar yüksəlir, küçələr izdihamla dolur, amma insanlar bir-birinə mənəvi baxımdan daha da uzaq düşürlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR