Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Qarabağdakı keçmiş münaqişədən bəhs edən “The Black Garden” sənədli filminin “The Guardian” qəzetində təqdimatına etiraz edib.
Musavat.com xəbər verir ki, sentyabrın 7-də qəzetin “Letters” bölməsində Azərbaycan səfirliyinin müşaviri Günel Səlimovanın mövqeyi yayımlanıb. Məktub “Azərbaycan və Ermənistan sülhə doğru irəlilədiyi bir vaxtda bu film yanlış mənzərə yaradır” başlığı ilə dərc edilib.
Diplomatın cavabı “The Guardian”da avqustun 31-də yayımlanan resenziya ilə bağlıdır. Kino tənqidçisi Phuong Le-nin qələmə aldığı yazıda rejissor Aleksis Pazumyanın “The Black Garden” filmi Qarabağda yaşamış erməni ailələrinin və uşaqların taleyi üzərindən təqdim olunur.
Üç il ərzində lentə alınmış sənədli filmdə Samvel və Avo adlı iki yeniyetmənin, eləcə də döyüşlərdə ayağını itirən Erik adlı erməni hərbçinin həyatı göstərilir. Resenziya müəllifi filmin millətçi ritorikadan uzaq durduğunu və müharibənin insanlara vurduğu zərəri əks etdirdiyini iddia edib. 
Azərbaycan səfirliyinin müşaviri isə bu qiymətləndirmə ilə razılaşmayıb. Günel Səlimova filmin münaqişəni birtərəfli və açıq şəkildə millətçi mövqedən təqdim etdiyini bildirib. Onun sözlərinə görə, ekran əsərində Azərbaycan xalqının üzləşdiyi faciələr və Ermənistanın işğalının nəticələri lazımi şəkildə əks olunmayıb.
Məktubda xatırladılır ki, münaqişə nəticəsində Azərbaycanda minlərlə insan həlak olub, 4 minə yaxın şəxsin taleyi naməlum qalıb, təxminən bir milyon insan isə qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal ölkəyə böyük iqtisadi və sosial zərər vurub.
Günel Səlimova Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin 1990-cı illərdə həyata keçirdiyi hərbi müdaxilədən sonra BMT Təhlükəsizlik Şurası işğala son qoyulmasını dəfələrlə tələb edib.
Məktubda 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi, lakin işğal illərinin ağır nəticələrinin hələ də davam etdiyi bildirilir. Səfirliyin məlumatına görə, 2020–2026-cı illərdə mina partlayışları nəticəsində ümumilikdə 436 nəfər həlak olub və ya müxtəlif dərəcəli xəsarətlər alıb.
Azərbaycan diplomatının fikrincə, filmin və onun haqqında resenziyanın məhz indiki mərhələdə gündəmə gətirilməsi də suallar doğurur. Çünki Azərbaycan və Ermənistan uzunmüddətli sülh istiqamətində irəliləyir, sərhədlərin delimitasiyası üzrə komissiyalar müntəzəm görüşür, qarşılıqlı etimad tədbirləri genişlənir.
Günel Səlimova iki ölkə arasında ticarət münasibətlərinin formalaşmasına, Azərbaycan məhsullarının Ermənistana ixracına, yüklərin Azərbaycan ərazisindən tranzitinə və regionun gələcəyini dəyişə biləcək nəqliyyat layihələrinin müzakirəsinə də diqqət çəkib.
Səfirliyin müşaviri hesab edir ki, beynəlxalq medianın diqqəti xalqlar arasında keçmiş düşmənçiliyi yenidən körükləyən birtərəfli təqdimatlara deyil, Azərbaycan və Ermənistan arasında sülhün yaratdığı real imkanlara yönəlməlidir.
Foto: Azərbaycan Milli Məclisinin deputatı Ramin Məmmədov 2023-cü ildə Qarabağın erməni sakinlərinin nümayəndələri ilə danışıqlara hazırlaşarkən.
Fotoqraf: Mustafa Çiftçi / Anadolu Agency / Getty Images.
Musavat.com
11 Sentyabr 2026
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ