Onlayn ictimai-siyasi qəzet
Ermənistanda keçmiş yüksək vəzifəli məmurların əlində olan silahların mümkün qədər toplanması üçün hüquq-mühafizə orqanlarına göstəriş verildiyi bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Məlumata görə, söhbət təkcə qanunsuz silahlardan deyil, qanuni şəkildə alınmış və rəsmi qeydiyyatdan keçirilmiş silahlardan da gedir. Qəzet buna keçmiş yüksək vəzifəli məmur Qagik Xaçatryanla bağlı vəziyyəti nümunə göstərib.
Bildirilir ki, Ermənistan Daxili İşlər Nazirliyi keçmiş məmurlara qarşı məhkəmə iddiaları qaldıraraq həm onlara hədiyyə edilmiş, həm də öz vəsaitləri hesabına aldıqları silahların dövlətə təhvil verilməsini tələb edir.
Nəşrin məlumatına görə, hüquq-mühafizə sistemində prosesin mümkün nəticələri ilə bağlı narahatlıq var. Keçmiş məmurların əmlakı və mülkiyyəti ilə bağlı aparılan proseslər siyasi dairələrdə artıq “mülksüzləşdirmə” kimi qiymətləndirilir.
Qəzet yazır ki, hüquq-mühafizə sistemində bu addımların gələcəkdə qisas və vendetta ilə nəticələnə biləcəyindən ehtiyat edənlər var.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ