Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın ölkədə hakimiyyət dəyişikliyi ilə bağlı çağırışına cavab verərək prezident seçkilərini keçirməyə hazır olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Zelenski “Fox News” telekanalına müsahibəsində Ukrayna rəhbərini yalnız ölkə vətəndaşlarının dəyişə biləcəyini bildirib.
“Əgər Tramp Ukraynada lideri dəyişmək istəyirsə, bilməlidir ki, bunu yalnız bizim xalqımız edə bilər. Mən həqiqətən də seçkilərə hazıram. Seçkilərə hazırlıq və infrastrukturun təhlükəsizliyini təmin etmək üçün bizə minimum 60 gün lazımdır”, – deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti bildirib ki, Rusiya ordusunun fasiləsiz hücumları şəraitində səsvermənin təşkili mümkün deyil. Onun sözlərinə görə, ölkə hər saat pilotsuz uçuş aparatlarının, ballistik və qanadlı raketlərin hücumuna məruz qalır.
Zelenski bundan əvvəl ABC News telekanalına müsahibəsində də oxşar mövqe nümayiş etdirərək Tramp administrasiyasına müraciət edib:
“Putinə deyin ki, bizə iki ay, 60 gün tam atəşkəs versin. Biz də seçkiləri təşkil edək. Ukrayna xalqının istənilən seçiminə hazırıq”.
Xatırladaq ki, oktyabrın 10-da Donald Tramp Ukraynaya yeni prezident lazım olduğunu bildirmiş, Zelenskini Rusiya ilə müharibəni dayandırmaq imkanlarını əldən verməkdə ittiham etmişdi. ABŞ Prezidenti Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə zərbələrini də tənqid etmişdi.
Oktyabrın 12-də isə Zelenski Varşava Təhlükəsizlik Forumunda bildirib ki, ABŞ Rusiya ilə ən azı 60 günlük tam atəşkəs barədə razılığa gələrsə, seçkilərin keçirilməsi üçün Ukrayna parlamenti ilə qanunvericilik dəyişiklikləri üzərində işləməyə hazırdır.
Bununla belə, Kreml Zelenskinin 60 günlük atəşkəs təklifini rədd edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın qısamüddətli atəşkəs deyil, uzunmüddətli və hərtərəfli sülh razılaşması istədiyini açıqlayıb.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ