“Hicab qadağandır” böhtanına hicablı şəhid analarının cavabı - VİDEO
“44” filminin qala təqdimatı keçirildi. Dəvətli idim.
Film də, təqdimat da möhtəşəm idi. Təqdimatdan sonra səhnədə olan və danışan qadınların çoxu hicablı idilər. Ayrı vaxt olsaydı, heç fərq etməzdik. Bir milyon abunəsi olan TikTokumuzda özüm canlı yayım açdım. Anındaca minlərlə tamaşaçı qatıldı. Onlardan biri belə də yazdı: “Bəs hicabı qadağan eləmişdilər? Əlhəmdülillah, hamı hicabdadır ki…”
Yayım boyunca isə bir neçə adam dayanmadan şüarlar yazırdı: “Hicaba azadlıq…” Gözlərinin önündəki gerçəyi görməzdən gəlib, ağızlarına gələn təhqirlərlə hicablı şəhid analarının danışdıqları yerdən, onların səsinin üstündən ortalığı pisləyirdilər…
Film boyu çox təsirləndim. Hər kəs kimi. Lerikli yeni gəlinin şəhid ərinin tabutuna girdiyi anlar isə zalda hıçqırıqlarla, həm də alqışlarla müşayiət olundu. Daha sonra yenidın və yenidən! Gözyaşı, qürur və alqış! Bunların hamısı gerçəkdir. Bunlar cəmi 6 il öncə, bu günlərdə yaşadıqlarımız, qürur duyduqlarımızdır.
Və həmin axşam qarşımızda başqa bir gerçək də vardı: səhnədə hicablı şəhid anaları danışırdı. Onların səsi zalda gur eşidilir, əlləri öpülür, Prezidentin qala təqdimatda iştirak edən qızları onları bağırlarına basır, öpür, xatirələri hörmətlə dinlənilir, göz yaşları ilə söylədikləri sözlər alqışlarla qarşılanırdı. Bu, Azərbaycan cəmiyyətinin təbii mənzərəsidir. Nə şüar, nə təhqir, nə də kənardan qurulan kampaniya bu gerçəyi dəyişə bilər.
Məktəblərdə vahid formaya keçidlə bağlı yaranmış keçici (mənim qəti fikrimcə!) vəziyyətdən istifadə edən xarici dairələr, xüsusən teokratik İran rejiminə bağlı platformalar Azərbaycanı qaralamağa, məsələni süni şəkildə dramatikləşdirməyə çalışırlar. Məktəbli forması ilə bağlı, yalnız təhsil sistemini əhatə edən yeni qaydanı hicabın qadağan edilməsi kimi təqdim edir, insanları üsyana, ölkıni dağıtmağa çağırır, cəmiyyətdə qarşıdurma yaratmaq istəyirlər. Türkiyədəki bəzi ifrat sağçı çevrələrin, platformaların da bu mövzuda apardığı kampaniya, düzünə qəsdlə böhtan və yalanlar İranın təbliğatına xidmət edir.
Mən bu mənzərədə Azərbaycanın üzərinə yönələn hədəfi görürəm. Türk və İslam dünyasına zərər gətirən qarşıdurmaların fonunda, bu əsrdə tarixi zəfər qazanmış Azərbaycan dövləti indi qarayaxma kampaniyalarının hədəfinə çevrilir. Halbuki həmin zəfərin arxasında bütün xalq dayanmışdı: müxtəlif dünyagörüşlü insanlar, əsgər anaları, şəhid anaları, hicablı və hicabsız qadınlar. Hamısını birləşdirən Vətən sevgisi idi.
Bu baxımdan “44” filminin qala təqdimatı çox yerinə düşdü. Səhnədə görünən örpəkli analar, onların danışdıqları və zalın reaksiyası əsl Azərbaycan idi, həm də hər kəsə möhtəşəm cavab sayıla bilər. Azərbaycanı kənardan "izah" etməyə çalışanlara, ölkəmizdə guya hicablı qadınlara yer yoxdur deyənlərə, həqiqəti görmək istəməyənlərə cavab.
Azərbaycan həm dünyəvi dövlətdir, həm də öz milli-mənəvi dəyərlərinə, inancına və insanlarına hörmət edən ölkədir. Burada şəhid anasının örpəyi də, onun sözü də, ağrısı da Vətənin bir parçasıdır. Bu mənzərəni görüb yenə də şüar yazanlar, əslində, özlərinin görmək istəmədiyi həqiqəti daha aydın göstərirlər.
“44” filminin ssenari müəllifi Anar Ələkbərov, rejissorları İsmayıl Səfərəli və Maksim Smetanadır. Bakı Media Mərkəzinin istehsalı olan ekran əsəri Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Filmin çəkilişləri iki il ərzində Bakı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və başqa bölgələrdə aparılıb. Layihə üzərində iş isə ümumilikdə dörd il davam edib.
Baş rollarda İbrahim Çingiz və Türkiyəli aktrisa Özge Gürel çəkiliblər. Filmdə Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilovun, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdemirin və polkovnik Ramazan Kərimovun taleyi üzərindən müharibənin ağır günləri, qəhrəmanlıq və Vətən sevgisi göstərilir.
Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində keçirilən qala təqdimatına minə yaxın dəvətli qatılmışdı. Anar Ələkbərovu, rejissorları, aktyorları, çəkiliş qrupunu və əməyi keçən hər kəsi təbrik edirəm. Zəhməti olan hər kəsə təşəkkür düşür.
“44” bizə yaşadıqlarımızı yenidən xatırlatdı. O günləri, o ağrını, o qüruru. Zəfəri qazanan qəhrəmanlarımızı və onların arxasında dayanan xalqımızı.
ŞƏRHLƏRŞƏRH YAZ