İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin həyatı təhlükədə? – Ukrayna öz “göbəyini” özü kəsməlidir

Böyük fasilədən sonra ABŞ-Ukrayna münasibətlərində yenə gərginlik yaşanır – özü də Kiyevin günahı üzündən yox. Baxmayaraq ki, Amerika Avropanın pulu ilə də olsa, ona hərbi köməyi pis-yaxşı hələ ki, davam etdirir.

Bu arada Rusiya yenə də Kiyevə ballistik raket zərbələri endirib. Lakin maraqlıdır ki, Qərb müttəfiqləri zərbə ilə bağlı Ukraynaya öncədən xəbərdarlıq etməyib. Bu haqda Ukrayna Hərbi Hava Qüvvələrinin Teleqram kanalında yayımlanan məlumatda deyilib. “Tərəfdaşlardan düşmən ərazisindən zərbələr barədə heç bir məlumat alınmayıb. Səbəbləri araşdırılır”, - paylaşımda bildirilib. Daha əvvəl Ukrayna HHQ Rusiyanın raket atışları ilə bağlı kəşfiyyat məlumatları almadıqlarını açıqlamışdı.

Ukrayna müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenkona görə isə, ötən gecə ölkədə Starlink peyk rabitə terminallarının fəaliyyəti məhdudlaşdırılıb və bu da “bir neçə vacib hərbi missiyanın” pozulmasına səbəb olub. Qeyd olunur ki, terminallar saatda 160 km-dən çox sürətlə hərəkət etdikdə əlaqə yox olmağa başlayıb. Sternenko SpaceX-in məhdudiyyətləri Tramp administrasiyasının tələbi ilə tətbiq olunduğunu söyləyib. Qeyd edib ki, “adi peyk rabitə terminalları işləyir”. O, həmçinin, Trampın “müdafiə qabiliyyətimizə hücum etmək üçün hansısa fürsət axtardığını” və bu fürsətdən sui-istifadə etdiyini iddia edib...

Attachment

Yada salaq ki, bir neçə gün qabaq ABŞ prezidenti Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələr endirməyə davam edəcəyi təqdirdə Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandıracağı ilə hədələyib. Eyni zamanda, o, Prezidenti Volodimir Zelenskini sülh şanslarını buraxmaqda ittiham edib və ümumiyyətlə, onun əvəzlənmısinin vaxtı çatdığını deyib. Hərçənd, dünyada müharibə gedə-gedə azad və ədalətli seçki keçirmək ənənəsi yoxdur.

Nəzərə alsaq ki, son dönəmdə Ukrayna öz hava məkanını qorumaqda çətinliklər yaşayır, üstəgəl, Amerika kəşfiyyat məlumatları da tam verilməyəcəksə, o zaman sual yaranır: Zelenskinin təhlükəsizliyi bundan sonra nə dərəcədə etibarlı qoruna biləcək? Bu, Moskvaya “Zelenskini zəzərsizləşdir!” anlamına gəlmirmi?..

Beləcə, vəziyyət faktiki o duruma çatıb ki, Ukrayna öz “göbəyini” özü kəsmək zorunda qalıb. Doğru, beş il ərzində Ukrayna hərbi quruculuq sahəsində xeyli qabağa gedib, xaricdən silah asılılığını əhəmiyyətli şəkildə azaldıb, bir çox ölümcül silah növlərini, o cümlədən PUA və dronları özü istehsal edir, hətta Rusiyanın qorxulu röyası olan ballistik raketlərin istehsalına başlayıb, üstəgəl, maliyyə problemi yoxdur. Ancaq bununla belə, ölkənin, özəlliklə paytaxt Kiyevin hava məkanının qorunması məsələsində problemlər qalır. Qarşıdan isə qış gəlir.

Bir yandan da ABŞ-nin kəşfiyyat məlumatları ilə bağlı məhdudiyyəti. Təəssüf ki, Tramp konyuktur maraqlar naminə buna da qərar vermiş kimi görünür. Halbuki müharibədə Rusiyanın əlinin hər hansı şəkildə gücləndirilməsinin küləyi enində-sonunda Birləşmiş Ştatların da milli mənafeyinə dəyəcək. Çünki Moskvanın hədəfi Ukrayna ilə, Zelenski ilə bitməyəcək...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR