Onlayn ictimai-siyasi qəzet
Bölgələrdə səhiyyə sistemi ilə bağlı problemlərdən biri də həkim çatışmazlığı, ucqar kəndlərdə tibb məntəqələrinin olmamasıdır.
Son vaxtlar isə yerlərdə, o cümlədən kəndlərdə fəaliyyət göstərən tibb məntəqələrində çalışan tibb bacılarının iş prinsipi əsas müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, sosial şəbəkələrdə də vətəndaşlara həmin məntəqələrdə heç bir xidmət göstərilmədiyi, tibb bacılarının heç bir işlə məşğul olmadığını bildirirlər.
Tibb bacıları isə onların vətəndaşın səhhəti ilə bağlı hər hansı dəstək, o cümlədən, inyeksiya (iynə vurmaq), infuziya səlahiyyətinin belə, olmaması ilə əlaqələndirirlər. Göründüyü kimi, əgər bir vətəndaş 10 gün ərzində inyeksiya qəbul etməlidirsə, hər gün kənddən rayona getməlidir.

Bəs mövcud qaydalara əsasən bölgələrdə fəaliyyət göstərən tibb məntəqələrində əhaliyə hansı xidmətləri göstərməlidirlər?
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, inyeksiya (iynə vurulması) və venadaxili infuziya (“sistem köçürülməsi”) görünüşcə sadə tibbi prosedurlar olsa da, bu xidmətlərin həyata keçirilməsi üçün müəyyən tibbi və hüquqi tələblər mövcuddur: “Bu prosedurlar zamanı allergik reaksiyalar, anafilaktik şok və ya digər ağırlaşmalar baş verə bilər. Belə hallarda operativ şəkildə müdaxilə etmək üçün həkim nəzarəti, reanimasion tədbirlər üçün şərait və təcili tibbi avadanlıq tələb olunur. Tibb məntəqələri və poliklinikalar fəaliyyət istiqamətinə uyğun olaraq profilaktik baxışlar, yüngül ambulator müalicələr, konsultasiyalar və yönləndirmə funksiyalarını əhatə edir. İnvaziv prosedurlar – inyeksiya və infuziya daxil olmaqla – ikinci səviyyə (ambulator-stasionar) xidmətlərə və tibb müəssisələrinin fəaliyyət istiqamətinə aid edilir”. Bəs bu iynə həyati əhəmiyyətli vacibsə, demək kənddən rayon mərkəzinə gəlməlidir?
Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Ümumiyyətlə, iri kəndlərdə, xüsusilə də tibb məntəqələrindən uzaqda yerləşən yaşayış məntəqələrində, dağ kəndlərində təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün mütləq tibb guşəsi olmalıdır. Bu, ambulatoriya, tibb məntəqəsi və ya digər uyğun tibbi struktur ola bilər. Belə məntəqələr ona görə lazımdır ki, ən azı qanaxması olan xəstəyə ilkin tibbi yardım göstərilsin, həkim gələnə qədər zəruri müdaxilələr edilsin, xəstənin vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülsün. Bəzən bu cür ilkin yardımın əhəmiyyəti həkim müdaxiləsi qədər böyük olur. Sovet dövründə belə strukturlar mövcud idi. Əhali sayına uyğun olaraq həkimlərin, ambulatoriyaların və tibb məntəqələrinin sayı müəyyənləşdirilməlidir. Sovet dövründə mövcud olan bir sıra ambulatoriyalar sonradan dağıldı, fəaliyyətini dayandırdı. İşsizlik, aşağı əməkhaqqı və digər səbəblərdən həkimlər oradan ayrıldılar, tibb bacıları da özəl sektora və başqa sahələrə üz tutdular. Bu da başadüşüləndir. Amma düşünürəm ki, burada müəyyən stimullaşdırıcı tədbirlər görülməli, tibb işçilərinin həmin ambulatoriyalarda fəaliyyət göstərməsi təmin edilməlidir. Çünki kəndlərdə elə təxirəsalınmaz hallar baş verə bilər ki, onlara yerindəcə müdaxilə etmək lazım gəlsin. Bu, təkcə inyeksiya və infuziya məsələsinə aid deyil".
Həkim qeyd edib ki, inyeksiyaların və infuziyaların ev şəraitində aparılması məqsədəuyğun deyil:" Çünki bu prosedurlar müəyyən risklər daşıyır. İlk növbədə, aseptika qaydalarına, yəni infeksiyaların qarşısının alınması və sterilliyin qorunması tələblərinə əməl olunmalıdır. Bu, ən vacib məsələlərdən biridir. İnyeksiyadan sonra yaranan irinləmələr və abseslər də çox vaxt sterillik qaydalarına əməl edilməməsi ilə bağlı olur. Bundan başqa, inyeksiyanın düzgün vurulması da şərtdir. Əzələdaxili inyeksiyalar müvafiq qaydada əzələyə vurulmalıdır. Xüsusilə yağ əsaslı preparatlar kifayət qədər dərinə yeridilmədikdə irinləmə baş verə və xəstəyə əlavə problemlər yarada bilər. Buna görə də belə prosedurların müvafiq tibbi şəraiti olan ambulatoriyalarda aparılması məsləhətdir. Əlbəttə, kəndlərdəki ambulatoriyalarda normal şərait yaradılarsa, inyeksiya və infuziyaların həyata keçirilməsini təşkil etmək mümkündür. Əsas məsələ bu xidmətlərin düzgün qurulmasıdır ki, insanlar hər dəfə tibbi prosedur üçün şəhərə və ya rayon mərkəzinə getməyə məcbur qalmasınlar. Lazımi şərait yaradılmalı, vətəndaşlar yaşadıqları kənddə, öz yaşayış yerlərinə yaxın ərazidə bu xidmətlərdən yararlana bilməlidirlər”.
Afaq Mirayiq,
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ