Onlayn ictimai-siyasi qəzet
Türkiyəli siyasətçi və ictimai fəal İlay Aksoy Azərbaycanda məktəbli geyimi qaydaları ətrafında Türkiyədə başladılan kampaniyanın arxasında başqa məqsədlərin dayandığını iddia edib.
Aksoyun fikrincə, Azərbaycan və başörtüsü mövzusu Türkiyədə yüz minlərlə investora təsir edən fond böhranını gündəmdən çıxarmaq üçün qabardılır.
O, bəzi hökumətyönlü və dini-siyasi çevrələrin Azərbaycanın suveren qərarını təhqiramiz ifadələrlə hədəfə aldığını bildirib:
“Bir neçə gündür Azərbaycan xüsusilə müəyyən bir kütlə tərəfindən hədəfə alınır. Azərbaycanda Nazirlər Kabinetinin qəbul etdiyi son qərarla bağlı bəzi detalları bölüşmək istəyirəm. Çünki müəyyən bir kütlə, yəni AKP-yə yaxın çevrələr Azərbaycanın qəbul etdiyi suveren qərara qarşı təhqiramiz və kəskin tənqidi münasibət nümayiş etdirir. Əslində, məsələni tam bilmədən mövzunu müxtəlif istiqamətlərə çəkirlər”.
İlay Aksoy xatırladıb ki, Azərbaycan Nazirlər Kabinetinin 21 sentyabr tarixli qərarı dövlət ümumi təhsil müəssisələrində vahid geyim qaydalarını əhatə edir.
“Dövlət bütün şagirdlər üçün müəyyən geyim çərçivəsi müəyyənləşdirib. Bu qaydalar 18 yaşdan aşağı uşaqlar, yəni dövlətin qoruması altında olan uşaqlar üçün keçərlidir.
Qəbul edilən qərar heç bir şəkildə yalnız başörtüsünü hədəfə almır. Məsələ təkcə başörtüsü deyil. Qayda məktəbli formasından kənara çıxan bütün geyim elementlərini əhatə edir”.
Aksoy bildirib ki, məktəbə sərbəst geyimdə, başmaqla, hündürdaban ayaqqabı ilə, makiyajlı, sırğalı, rəngli geyimdə və ya qısa ətəklə gəlmək də qaydalara uyğun sayılmır: “Şagirdlər məktəbə sərbəst geyimdə, başörtüsü və ya başqa dini geyim elementləri ilə gələ bilməzlər. Yəhudi şagird də kipa ilə məktəbə gələ bilməz. Hündürdaban ayaqqabı, makiyaj, sırğa, rəngli geyim və qısa ətək də qaydalara uyğun deyil.
Azərbaycan öz dövlət siyasətinə uyğun olaraq şagirdləri üçün geyim qaydası müəyyənləşdirib. Bu, Azərbaycanın ən təbii hüququdur”.
Nazirlər Kabinetinin 309 nömrəli qərarında təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmədiyi göstərilir.
İlay Aksoyun açıqlamasında əsas diqqət çəkən məqam Türkiyədəki fond böhranı ilə Azərbaycan əleyhinə kampaniya arasında əlaqə yaratmasıdır.
Aksoy iddia edib ki, başörtüsü mübahisəsi Türkiyənin maliyyə bazarındakı ciddi problemləri ikinci plana keçirmək üçün istifadə olunur:
“2010-cu ildə Azərbaycan məktəblərdə geyim qaydaları müəyyənləşdirmişdi. Həmin vaxt da eyni çərçivə var idi. Bəs niyə 2010-cu ildə başörtüsü bu insanlar üçün problem deyildi, indi isə AKP-yə yaxın müəyyən çevrələr tərəfindən Azərbaycan hədəfə alınır?
Açıq deyirəm, mən burada xoş niyyət görmürəm. Hədəf əslində nə Azərbaycandır, nə də başörtüsüdür. Bu, yenə qadınlar üzərindən aparılan bir əməliyyatdır”.
Aksoy daha sonra Türkiyədəki fond böhranına diqqət çəkib: “Hazırda başörtüsündən istifadə etməklə fond böhranını kölgədə saxlamaq istəyirlər. Hökumət fond böhranı ilə üzləşmək və günahkarları tapmaq əvəzinə mövzunu tamamilə başqa istiqamətə çəkir.
Amma çəkdikləri istiqamət heç də doğru deyil. Çünki söhbət Azərbaycandan və Azərbaycan dövlətinin qanuni suveren hüquqlarından gedir”.
İlay Aksoy böyük miqyaslı maliyyə probleminin ictimai müzakirədən çıxarılmaq istəndiyini iddia edir: “Fond böhranı ilə hökumətin üzləşməsi lazımdır. Günahkarların tapılması lazımdır. Bunun əvəzinə məsələ başqa istiqamətə çəkilir. Başörtüsü üzərindən qadınlar yenidən siyasi mübahisənin alətinə çevrilir.
Hökumət gündəmi dəyişdirmək istəyəndə ənənəvi olaraq istifadə etdiyi sosial media hesabları dərhal fəaliyyətə keçir. Biz bu oyunlara gəlməyəcəyik”.
İlay Aksoy Azərbaycan əleyhinə aparılan kampaniyanın Türkiyə-Azərbaycan münasibətlərinə də zərər verə biləcəyi barədə xəbərdarlıq edib:
“Başqa bir dövlətin qəbul etdiyi qərarla bağlı mənfi kampaniya aparmaq heç kimin həddi deyil.
Azərbaycan bizim soydaşlarımızın yaşadığı qardaş ölkə olmaqla yanaşı, suveren dövlətdir. Hər bir suveren dövlət kimi Azərbaycan da qərarlarını öz azad iradəsi ilə qəbul edir.
Heç bir ölkənin başqa dövlətin qərarlarına müdaxilə etmək və ya həmin dövlətə qarşı mənfi kampaniya aparmaq hüququ yoxdur”.
Aksoy çıxışını Azərbaycana dostluq mesajı ilə tamamlayıb: “Buradan bütün azərbaycanlı dostlarımıza sevgilərimi göndərirəm”.
İlay Aksoy 16 dekabr 1969-cu ildə Lefkoşada doğulub. Təhsilini Avstraliyada davam etdirərək East Sydney Technical College-in moda və tekstil bölməsini bitirib.
O, peşə fəaliyyətinə “Turkish Daily News” qəzetinin İstanbul bürosunda tərcüməçi kimi başlayıb. Uşaq hüquqları və miqrasiya problemləri ilə bağlı ictimai fəaliyyət göstərib.
Aksoy 2018-ci il parlament seçkilərində İYİ Partiyadan deputatlığa, 2019-cu ildə isə İstanbulun Fatih rayonunun bələdiyyə sədrliyinə namizəd olub. Daha sonra Demokrat Partiyada miqrasiya siyasəti üzrə çalışıb.
2024-cü ilin martında Demokrat Partiya sədrinin müavini vəzifəsindən ayrılıb. Həmin ilin noyabrında partiya sədrliyinə namizəd olmaq istəsə də, namizədliyi qurultayda qəbul edilməyib.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ