İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərzaq kimi, xidmətlər də bahalaşır – Ailə büdcəsinə görünməyən təzyiq

Azərbaycanda qiymət artımı təkcə ərzaq məhsulları ilə məhdudlaşmır. Nəqliyyat, məişət xidmətləri, təmir və digər gündəlik xərclər də ailə büdcəsinə təsir göstərir.


Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk yarısında istehlak qiymətləri indeksi illik müqayisədə 5,7 faiz artıb. Lakin rəsmi inflyasiya göstəriciləri ilə vətəndaşın gündəlik həyatda üzləşdiyi bahalaşma arasında fərq olub-olmaması da müzakirə mövzusudur. Xüsusilə, gəlirləri eyni templə artmayan ailələr üçün gündəlik xərclərin yüksəlməsi büdcənin idarə olunmasını çətinləşdirir.


Bəs hansı xidmət və xərclər ailələrin büdcəsinə daha çox yük yaradır? Rəsmi inflyasiya əhalinin real xərclərini nə dərəcədə əks etdirir? Mövcud şəraitdə ailələr xərclərini necə planlaşdırmalıdır?

Azərbaycanda minimum maaş belə hesablana bilər - Yeni model gündəmdə -  Globalinfo.az

İqtisadçı-alim Vüsalə Əhmədova mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Rəsmi inflyasiya göstəriciləri iqtisadi vəziyyətin ümumi mənzərəsini əks etdirə bilər, lakin əhalinin real yaşayış xərclərini tam ifadə etmir. Çünki inflyasiya orta istehlak səbəti əsasında hesablanır, vətəndaşın gündəlik xərcləri isə onun gəlirindən, ailə tərkibindən və yaşayış şəraitindən asılı olaraq dəyişir. Xüsusilə aşağı və orta gəlirli ailələr üçün vəziyyət daha həssasdır.

Gəlin, öncə ümumi xərclərin strukturuna baxaq. Məsələn, ictimai nəqliyyat, taksi xidməti, xüsusi avtomobilə texniki xidmət xərcləri, kommunal xidmətlər, məişət və təmir, sağlamlıq və təhsil, ərzaq və gündəlik tələbat, ev üçün digər zəruri məhsullar və s. Bu xərclərin müxtəlif ailələrin büdcəsindəki payı eyni deyil. Məsələn, avtomobili olan ailə yanacaq və texniki baxış xərclərindən, kirayədə yaşayan ailə isə mənzil ödənişlərindən daha çox təsirlənə bilər. Buna görə də, bahalaşmanın təsirini yalnız ümumi inflyasiya faizi ilə deyil, hər ailənin faktiki xərcləri ilə birlikdə qiymətləndirmək daha doğru olar”.

Ekspert qeyd edir ki, DSK-nın son hesabatında, 2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7% artdığı göstərilir: “Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artımın 6,9%, qeyri-ərzaq məhsulları üzrə 3,7%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,6% təşkil etdiyi bildirilir. Rəsmi inflyasiya göstəricisi əhəmiyyətlidir, lakin bu göstəriciləri hər bir ailənin xərc artımı ilə eyniləşdirmək qətiyyən olmaz. Fərqin yaranmasının əsas səbəbi isə istehlak səbətinin fərqli olmasıdır. Bunu daha öncələr də dəfələrlə qeyd etmişəm. Aşağı gəlirli ailələr gəlirlərinin daha böyük hissəsini zəruri məhsullara xərcləyir. Həmin məhsulların bahalaşması onlara daha güclü təsir göstərir. Ümumi indeks isə bəzi məhsulların sürətlə, digərlərinin isə daha zəif bahalaşmasını vahid göstəricidə birləşdirir”.

Vüsalə Əhmədovaya görə, digər ciddi problem xidmət sektorunda qiymət dəyişikliklərinin ailə büdcəsinə təsiridir: “Məişət texnikasının təmiri, santexnik və elektrik xidmətləri, avtomobillərə texniki qulluq kimi xərclər hər ay yaranmasa da, meydana çıxdıqda ailənin maliyyə vəziyyətinə ciddi təsir göstərə bilir. Bu xərclərin artması xüsusilə ehtiyat vəsaiti olmayan ailələr üçün əlavə çətinlik yaradır. Ən əsas problem isə qiymətlərin artması ilə yanaşı, əhalinin gəlirlərinin bu artıma adekvat şəkildə uyğunlaşmamasıdır. Maaş və pensiyalar qiymətlərdən daha yavaş artdıqda, ailənin real alıcılıq qabiliyyəti əlbəttə ki, zəifləyəcək.

Məsələn, gəlir dəyişmədiyi halda aylıq xərclər ən yaxşı halda 8-20% artıbsa, həmin ailə üçün real büdcə təzyiqi ümumi inflyasiya göstəricisindən daha yüksək olacaq. Ona görə də, ailə büdcəsini planlaşdırarkən ümumi inflyasiya faizindən əlavə, şəxsi xərclərin əvvəlki aylarla müqayisəsini aparmaq daha faydalı olardı. Məsələn, ilk öncə bütün xərcləri qeydə almaq. Bir ay ərzində ərzaq, nəqliyyat, kommunal ödənişlər, xidmətlər, kreditlər və digər xərcləri ayrıca yazmaq. Ərzaq, kirayə, kommunal xidmətlər, dərman və nəqliyyat kimi zəruri xərcləri isə önə çəkmək.

Hesab edirəm ki, bu məsələdə daha detallı və şəffaf təhlilə ehtiyac var. Xüsusilə zəruri məhsul və xidmətlər üzrə qiymət dəyişiklikləri, müxtəlif gəlir qruplarının xərcləri və gəlirlərin artım tempi birlikdə araşdırılmalıdır. Əks halda, orta inflyasiya göstəricisi ilə vətəndaşın gündəlik həyatda hiss etdiyi iqtisadi təzyiq arasında yaranan fərq lazımi səviyyədə görünməyəcək”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR