Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə-Azərbaycan qardaşlığına zərər vurmağa yönələn yanaşmalar qarşısında soyuqqanlılıq, qarşılıqlı anlaşma və ortaq düşüncə ilə hərəkət etməyin vacibliyini bildirib. Bahçelinin açıqlamasında Azərbaycanla Türkiyə arasındakı münasibətlər TDT daxilində əməkdaşlığın əsas dayaqlarından biri kimi təqdim olunub.
MHP sədri Qarabağ Zəfərinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qarşıdakı zirvə görüşünün də iki ölkənin sarsılmaz qardaşlıq iradəsini bir daha nümayiş etdirəcəyinə inandığını bildirib.
Baxçalının açıqlamasına görə, oktyabrın son həftəsində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə toplantısı xüsusi tarixi əhəmiyyət daşıyır. Sammit zamanı təşkilatın dövri sədrliyinin Azərbaycandan Türkiyəyə keçməsi gözlənilir.
Baxçalı Türkiyənin TDT-yə sədrliyi dövründə əsas məqsədin türk respublikalarının müstəqillik və suverenliyinə hörmət əsasında əməkdaşlığı dərinləşdirmək, qardaşlıq bağlarını qorumaq və ortaq gələcəyi qurmaq olmalı olduğunu qeyd edib.
Baxçalının yazılı açıqlamasından belə məlum olur ki, oktyabrın sonlarında Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü planlaşdırılır. Görüş TDT toplantısı çərçivəsində olsa da mövcud ənənəyə görə liderlərin ikitərəfli görüşünün də keçiriləcəyini söyləmək olar. İki qardaş ölkənin liderlərinin görüşü son günlər yaşanan arzuedilməz durumu aradan qadıra bilərmi?
Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, hazırkı durum Azərbaycan və Türkiyə liderlərinin MHP sədrinin anons etdiyi qarşıdakı görüşünü daha da aktuallaşdırır: “Türk Dövlətləri Təşkilatının oktyabrın son həftəsində Ankarada keçiriləcək zirvə toplantısı təkcə təşkilatın gələcək fəaliyyət istiqamətləri və sədrliyin Azərbaycandan Türkiyəyə keçməsi baxımından deyil, həm də Bakı ilə Ankara arasında mövcud məsələlərin müzakirəsi üçün əhəmiyyətli platforma ola bilər.
Dövlət Baxçalının Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşə dair nikbin fikirləri də bu kontekstdə diqqət çəkir.
Əliyev-Ərdoğan görüşü siyasi dialoqun gücləndirilməsi və qarşılıqlı anlaşmanın təmin olunması baxımından mühüm imkan yarada bilər. Liderlərin birbaşa təması gündəmdə olan məsələlərə aydınlıq gətirilməsinə, qarşılıqlı gözləntilərin uzlaşdırılmasına və mümkün anlaşılmazlıqların böyüməsinin qarşısının alınmasına xidmət edə bilər”.
Politoloq hesab edir ki, Ankara sammitinin digər mühüm tərəfi Türk Dövlətləri Təşkilatında sədrliyin Azərbaycandan Türkiyəyə keçməsi olacaq: “Türkiyənin sədrliyi dövründə suverenliyə qarşılıqlı hörmət, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının artırılması və təhlükəsizlik sahəsində koordinasiya kimi məsələlər ön plana çıxa bilər.
Dövlət Baxçalının türk respublikalarının müstəqilliyinə və suverenliyinə hörmət əsasında əməkdaşlığın dərinləşdirilməsi barədə fikirləri də bu baxımdan əhəmiyyətlidir. Çünki TDT-nin güclənməsi üzv dövlətlərin milli maraqlarının nəzərə alınmasından, qarşılıqlı etimaddan və qəbul edilən qərarların praktik nəticələr verməsindən asılıdır”.
Etibar Seyidağa,
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ