İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT seçkiyə buraxılmadı - Tramp seçki saxtakarlığına hazırlaşır?

ABŞ prezidenti Donald Trampın administrasiyası Konqresə aralıq seçkilərini müşahidə etmək üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) dəvət etməyib.

Ağ Evin sözçüsü Loren Biss bildirib ki, seçkilər ABŞ vətəndaşlarının iştirakı və müşahidəsi ilə keçiriləcək.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyası qərardan təəssüfləndiklərini bildiriblər. ATƏT PA-nın prezidenti Pere Xuan Pons qeyd edib ki, bu qərar iki onillikdən artıq müddətdə formalaşmış seçki müşahidəsi təcrübəsindən ciddi kənara çıxmadır.
ATƏT 2002-ci ildən bəri ABŞ-da 12 federal seçkini, o cümlədən altı aralıq seçkini müşahidə edib. 2026-cı il seçkiləri təşkilatın ABŞ-da müşahidə aparmağa başladığı vaxtdan dəvət almadığı ilk federal seçkilər olacaq.

Bəs, bu hadisə Trampın ATƏT-ə münasibətinin, bu beynəlxalq təşkilata etimadsızlığının nəticəsi hesab edilə bilərmi? Tramp nə üçün seçkinin beynəlxalq müşahidəsinin həyata keçirilməsini istəmir? ATƏT-in seçkinin müşahidəsinə buraxılmamağı seçki saxtakarlığını gizlətmək məqsədi güdə bilərmi?
Siyasi ekspertlər hesab edir ki, Tramp administrasiyasının qarşıdan gələn aralıq seçkilərinə ATƏT-in müşahidəçilərini dəvət etməməsi beynəlxalq institutlarla münasibətlərinin, demokratik standartlara yanaşmasının və ölkə daxilindəki siyasi mübarizənin xüsusiyyətlərini ortaya qoyan hadisədir.
ABŞ uzun illər ərzində digər dövlətlərdə seçkilərin şəffaflığı, demokratik normalara riayət olunması və seçki prosesinə ictimai etimadın təmin edilməsi məsələlərində fəal mövqe tutub, tələblər irəli sürüb. Vaşinqton müxtəlif ölkələrdə seçki proseslərinin beynəlxalq müşahidəsini, xüsusən də ATƏT tərəfindən müşahidəçiliyini dəstəkləyib. İndi isə öz seçkilərində ATƏT-in iştirakına şərait yaratmaması müəyyən suallar doğurur.

Trampın siyasi yanaşmasında milli suverenlik, ABŞ-ın daxili qərarlarına xarici müdaxilənin yolverilməzliyi və beynəlxalq institutların fəaliyyətinə tənqidi münasibət mühüm yer tutur.

Bu baxımdan, ATƏT müşahidəçilərinin dəvət edilməməsi administrasiyanın seçkilərə xarici qiymətləndirmə verilməsinə ehtiyac olmadığı barədə mövqeyinin ifadəsi kimi görünə bilər.

Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun fəaliyyəti seçkilərin idarə edilməsinə müdaxilə etmək və ya ölkənin suverenliyini məhdudlaşdırmaq məqsədi daşımadığı da məlumdur. Təşkilatın vəzifəsi seçki prosesini müstəqil şəkildə qiymətləndirmək, mövcud problemləri müəyyənləşdirmək və demokratik standartlara uyğunluq barədə tövsiyələr verməkdir.

Ona görə də beynəlxalq müşahidədən imtinanı yalnız suverenlik arqumenti ilə izah etmək kifayət deyil. Belə qərar eyni zamanda hökumətin müstəqil qiymətləndirməyə nə dərəcədə açıq olması məsələsini də gündəmə gətirir.

Ekspertlər həmçinin qeyd edirlər ki, ABŞ-də seçkilərlə bağlı kəskin siyasi qarşıdurma indidən müşahidə olunur. Respublikaçılarla Demokratlar arasında seçki qaydaları, seçici qeydiyyatı, poçt vasitəsilə səsvermə və seçkilərin təhlükəsizliyi məsələlərində ciddi fikir ayrılıqları mövcuddur. Belə şəraitdə beynəlxalq müşahidəçilərin hesabatı ölkədaxili siyasi mübahisələrin əlavə mövzusuna çevrilə bilər. ATƏT müşahidəçiləri seçki prosesində problemlər müəyyənləşdirsələr, onların rəyi həm ABŞ daxilində, həm də beynəlxalq aləmdə müzakirələrə səbəb ola bilər. Tramp isə görünür ki, bunu istəmir.

ABŞ-də demokratik seçki ənənəsinin olduğunu nəzərə alsaq müşahidədən imtina seçkilərin qeyri-demokratik keçiriləcəyi və ya nəticələrin saxtalaşdırılacağını qəti şəkildə iddia etmək yanlış olard. Bununla belə, müstəqil müşahidənin olmaması seçki prosesinə ictimai etimadla bağlı sualları artıra bilər. Uuzun illər davam edən təcrübənin dayandırılması Trampın ATƏT-ə etimadının da yüksək olmadığı mənzərəsini yaradır.

Etibar Seyidağa,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR