İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada müstəqil mətbuata yeni zərbə

Rusiyanın tanınmış müstəqil nəşrlərindən olan “Novaya qazeta”nın baş redaktoru Sergey Sokolovun evində axtarış aparılıb. Jurnalist dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 15-də baş verib. RBC və Baza nəşrlərinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Sokolovun yaşadığı ünvanda axtarış keçiriblər. “Novaya qazeta” isə baş redaktorun günorta saatlarında redaksiya ilə əlaqəsinin kəsildiyini bildirib. Onun yanına vəkil göndərilib.

Axtarışın qəzetin jurnalisti Oleq Rolduqinə qarşı açılmış cinayət işi ilə əlaqəli olduğu bildirilir. Rolduqin aprelin əvvəlində şəxsi məlumatların qanunsuz əldə edilməsi və ötürülməsi ittihamı ilə saxlanılıb. İstintaqın versiyasına görə, jurnalist araşdırmalar hazırlayarkən məlumat toplamaq üçün “Şerlok” adlı Telegram botundan istifadə edib.

Həmin iş çərçivəsində daha əvvəl qəzetin redaksiyasında təxminən 13 saat davam edən axtarış aparılıb. Rolduqin əvvəlcə istintaq təcridxanasına yerləşdirilib, sonradan ev dustaqlığına buraxılıb.

Baza-nın məlumatına görə, istintaq Rolduqinin Sokolovla birlikdə və ya onun göstərişi əsasında hərəkət etmiş ola biləcəyini nəzərdən keçirir. Baş redaktorun evindəki axtarışla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, sentyabrın əvvəlində “Novaya qazeta” Rusiyada “xarici agent” elan edilib. Nəşrin həmtəsisçisi, Nobel Sülh Mükafatı laureatı Dmitri Muratov da 2023-cü ildə eyni status aldıqdan sonra baş redaktor vəzifəsindən ayrılıb və onu Sergey Sokolov əvəz edib.

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra məhkəmə “Novaya qazeta”nın lisenziyalarını ləğv edib. Buna baxmayaraq, nəşr məhdud formatda fəaliyyətini davam etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR