Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərə videomüraciət edib. Müraciətdə o, Azərbaycanla sülh müqaviləsinin daha da irəliləməsinə diqqət yetirməyin vacibliyini vurğulayıb.

"Yaxın gələcəkdə sülh müqaviləsinin paraflanmasına, imzalanmasına və təsdiqlənməsinə diqqət yetirməliyik”, - Paşinyan qeyd edib. Onun sözlərinə görə, bu addımların reallaşması Ermənistan dövlətçiliyinin uzunmüddətli sabitliyinin təməlini qoyacaq. “Və bu baş verdikdə, Ermənistan dövlətçiliyinin uzunömürlülüyü üçün təməl daşı qoyduğumuzu təsdiqləyə biləcəyik”, - deyə o vurğulayıb.
Bəs bu mesajı necə oxumaq lazımdır? Erməni tərəfi nəhayət, sözdən işə nə vaxt keçəcək, konstitusiyanı nə vaxt dəyişəcək?
Professor Qabil Hüseynlinin Musavat.com-a bildirdiyinə görə, sülh prosesində diplomatik irəliləyiş üçün real zəmin var, lakin sülh müqaviləsinin nə vaxt imzalanacağı və ratifikasiya ediləcəyi hələ də açıq qalır: “Ermənistan Konstitusiyasının preambulasındakı istinadlar ərazi iddiaları ilə bağlı narahatlıq yaradır və yekun sazişdən əvvəl bu məsələnin həllini tələb edir. İrəvan isə konstitusiyanın sülh sazişinin imzalanmasına mane olmadığını bildirir. Paşinyanın son bəyanatı Ermənistan hökumətinin sazişin imzalanması və ratifikasiyasını prioritet saydığını göstərir. Azərbaycanla Ermənistan arasında ticarət, tranzit və diplomatik təmaslar üzrə müsbət addımlar da prosesin davam etdiyini təsdiqləyir. Lakin yekun sülh müqaviləsinin imzalanma tarixi barədə təsdiqlənmiş razılıq yoxdur. Əsas sual artıq tərəflərin sülh istədiklərini bəyan edib-etməməsi deyil, konstitusiya ilə bağlı fikir ayrılığının necə həll olunacağı və tərəflərin siyasi razılığı hansı hüquqi mexanizmlə rəsmiləşdirəcəkləridir”.
Qabil Hüseynli hesab edir ki, əgər bu məsələdə ortaq yanaşma formalaşarsa, sülh prosesində növbəti mərhələyə keçid mümkün olar: “Əks halda, iqtisadi və diplomatik yaxınlaşma davam etsə belə, yekun sazişin imzalanması gecikə bilər”.
Professorun fikrincə, 2027-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkündür: “Lakin hazırkı vəziyyətdə bunu təmin olunmuş nəticə kimi deyil, bir sıra siyasi və hüquqi şərtlərdən asılı olan ssenari kimi qiymətləndirmək lazımdır. Azərbaycanın əsas tələblərindən biri Ermənistanın Konstitusiyası ilə sülh sazişi arasındakı ziddiyyətlərin aradan qaldırılmasıdır. Ermənistanda konstitusiya dəyişiklikləri və referendum məsələsinin 2027-ci ildə gündəmə gəlməsi gözlənilir".
Q.Hüseynli qeyd edib ki, bu səbəbdən həmin il sazişin imzalanması üçün mühüm siyasi mərhələ ola bilər:"2027-ci il sülh müqaviləsinin imzalanması üçün əhəmiyyətli imkan pəncərəsi ola bilər. Ancaq həlledici amil təqvim deyil, Konstitusiya məsələsinin həlli və Bakı ilə İrəvanın yekun razılığa gəlməsidir. Paşinyanın bəyanatı siyasi niyyətin göstəricisidir, imzalanma tarixinin razılaşdırıldığının sübutu deyil”.
Emil Salamoğlu
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ