İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan əleyhinə kampaniya qızışdı - Qardaş ölkədə kimlər "iş başında?"

Türkiyənin bəzi media resurslarında və sosial şəbəkələrində Azərbaycana qarşı aparılan kampaniyanın intensivləşir. Azərbaycanın məktəblərindəki geyim qaydalarından tutmuş İsraillə münasibətlərinə, müstəqil xarici siyasətindən dövlətin daxili qərarlarına qədər müxtəlif məsələlərin müzakirə adı altında hədəfə çevrilməsi təsadüfi mənzərə təsiri bağışlamır. Ayrı-ayrı siyasi fiqurların da qoşulduğu bu prosesdə faktların birtərəfli təqdim edilməsi, emosional ittihamlar və Azərbaycanın suveren qərarlarına təsir göstərmək cəhdləri ön plana çıxır. 3 oktyabrda İstanbulda Azərbaycan konsulluğu qarşısında keçirilən aksiya, 9 oktyabrda Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan paylaşımlarla bağlı Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzinin açıqlaması və 13 oktyabrda Ankarada səfirlik qarşısında baş tutan etiraz aksiyası proseslərin pərdəarxası məqamlarının olduğunu göstərir.

Bütün bunlar istər-istəməz sual yaradır. Qardaş Türkiyədə Azərbaycan əleyhinə belə bir atmosferin formalaşmasında maraqlı olan dairələr kimlərdir və onların məqsədi nədir?

Məhəmməd Əsədullazadə: "Proseslər göstərir ki, Ramiz Mehdiyevin Rusiya ilə  əlaqələri ifşa olunub" - Oxu.az

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsi “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edir: “Son beş ildə Azərbaycan və Türkiyə Cənubi Qafqazda yeni siyasi transformasiyanın formalaşmasında mühüm rol oynayırlar. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının inkişafı və İslam həmrəyliyi çərçivəsində də iki ölkə arasında əməkdaşlıq genişlənir. Azərbaycan artıq 30 ildən çoxdur ki, müstəqil dövlətdir və özünün müstəqil siyasi gündəminə malikdir. Ölkəmiz müstəqillik illərində dövlət suverenliyinin qorunmasına, daxili işlərinə kənar müdaxilələrin qarşısının alınmasına və milli maraqlarına uyğun siyasət yürütməyə xüsusi önəm verib. Azərbaycan xalqının öz milli-mənəvi dəyərləri, mentaliteti və dövlətçilik ənənələri var. Dövlət siyasəti də məhz bu dəyərlər və milli maraqlar əsasında həyata keçirilir. Türkiyə-Azərbaycan qardaşlığı, şübhəsiz ki, sarsılmazdır. Bununla belə, son dövrlərdə Türkiyənin müəyyən dini dairələrinin və dini yönümlü siyasi qüvvələrin nümayəndələrinin Azərbaycana qarşı səsləndirdikləri, ölkəmizin daxili işlərinə müdaxilə xarakteri daşıyan və sekulyar dövlətçilik modelini hədəfə alan açıqlamalar narahatlıq doğurur. Bu cür yanaşmalar qəbuledilməzdir. Hər bir dövlətin öz siyasi və hüquqi sistemi, milli inkişaf modeli var və bu seçimə hörmətlə yanaşılmalıdır. Hesab edirəm ki, Türkiyə daxilində Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə və iki ölkə arasındakı strateji müttəfiqliyi zəiflətməyə çalışan qüvvələrin fəaliyyəti diqqətdən kənarda qalmamalıdır. Bununla yanaşı, Türkiyənin siyasi dairələrində, millətçi kəsimində və xüsusilə Milliyyətçi Hərəkat Partiyasında Azərbaycanla həmrəyliyə verilən dəstəyi də qeyd etmək lazımdır. Dövlətlərarası münasibətlər yüksək səviyyədədir və mövcud strateji tərəfdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət edir”.

Politoloq vurğuladı ki, Türkiyədə ayrı-ayrı dini cərəyanların təsiri ilə Azərbaycana qarşı yönələn kampaniyaların genişlənməsinə imkan verilməməlidir: “Türkiyə-Azərbaycan münasibətləri hər hansı qrupun ideoloji baxışlarından və siyasi maraqlarından asılı vəziyyətə düşməməlidir. İki ölkə arasında qarşılıqlı hörmət, suverenliyə ehtiram və daxili işlərə qarışmamaq prinsipləri əsas götürülməlidir. Bu gün həm Cənubi Qafqaz, həm də bütövlükdə dünya yeni geosiyasi mərhələyə qədəm qoyur. Yeni dünya nizamının formalaşdığı bir dövrdə Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin qorunması xüsusi əhəmiyyət daşıyır. Bu münasibətləri zəiflətməyə yönələn cəhdlərin qarşısı siyasi dialoq, qarşılıqlı anlaşma və ortaq maraqlar əsasında alınmalıdır. Əsas məqsəd Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını qorumaq, iki dövlət arasında strateji əməkdaşlığı daha da gücləndirmək və regionda sülhə, sabitliyə və təhlükəsizliyə töhfə verməkdir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR