Onlayn ictimai-siyasi qəzet
Ermənistanda keçmiş əmək və sosial məsələlər naziri, hazırda parlamentin deputatı olan Aqvan Vardanyanın əmlakının müsadirəsi tələb edilir. Baş Prokurorluq siyasətçidən və onunla əlaqəli şəxslərdən daşınmaz əmlak, bank əmanətləri və ümumilikdə 235 milyon dramdan artıq vəsaitin dövlət nəfinə alınması üçün məhkəməyə müraciət edib.
Musavat.com xəbər verir ki, Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı növbəti iddiasını icraata qəbul edib.
Prokurorluq Aqvan Vardanyandan və onunla əlaqəli şəxslərdən üç daşınmaz əmlak obyektinin, həmin obyektlərdən birinin kirayəsindən əldə edilmiş gəlirin, bir nəqliyyat vasitəsinin, üç hüquqi şəxsdə iştirak paylarının, həmçinin iki bank əmanətinin və onlara hesablanmış faizlərin müsadirəsini tələb edir.
Bundan başqa, 43 milyon 65 min dramın qanunsuz gəlirlərin qalığı kimi, daha 192 milyon 99 min dramın isə qanuni gəlirlərlə əsaslandırılmayan vəsait kimi dövlət nəfinə alınması istənilir.
Beləliklə, prokurorluğun yalnız pul şəklində müsadirəsini tələb etdiyi məbləğ 235 milyon 164 min dram (təxminən 652 min dollar) təşkil edir. Daşınmaz əmlakın, avtomobilin və şirkətlərdəki payların dəyəri bu məbləğə daxil deyil.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ