İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının Cənub-Şərqi Asiya strategiyasının kodları

Asiya ilə Avropa arasında yeni iqtisadi körpü qurulur; Azərbaycan bu məkanda təkcə neft satıcısı olmaq istəmir...

Kamboca Krallığının baş naziri Hun Manetin Azərbaycana səfəri Bakı ilə Cənub-Şərqi Asiya ölkələri arasında münasibətlərin inkişafı baxımından diqqət çəkir. Səfər təkcə ikitərəfli əlaqələrin genişləndirilməsi deyil, Azərbaycanın Asiyada iqtisadi tərəfdaşlarını artırmaq, nəqliyyat və enerji sahələrində yeni imkanlar qazanmaq, beynəlxalq platformalarda mövqelərini möhkəmləndirmək strategiyası kontekstində də qəbul oluna bilər.

Azərbaycanın Cənub-Şərqi Asiyaya marağı nədən qaynaqlanır?

İlk növbədə, bu region böyük iqtisadi potensialı, istehsal imkanları və geniş istehlak bazarları ilə seçilir. Azərbaycan üçün belə ölkələrlə əməkdaşlıq qeyri-neft sektorunun inkişafına, məhsul ixracının şaxələndirilməsinə və yeni investisiyaların cəlbinə xidmət edə bilər. Bununla belə, siyasi təmasların iqtisadi nəticəyə çevrilməsi üçün konkret layihələr, əlverişli logistika və qarşılıqlı biznes maraqları tələb olunur.

İkinci mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycan öz coğrafi mövqeyindən istifadə edərək Avropa ilə Asiya arasında tranzit mərkəzi rolunu gücləndirməyə çalışır. Orta dəhlizin inkişafı, Xəzər dənizi üzərindən yükdaşımaların artırılması və regional nəqliyyat əlaqələrinin genişləndirilməsi bu strategiyanın əsas elementlərindəndir. Cənub-Şərqi Asiya ölkələri ilə ticarətin artması da Azərbaycan üzərindən daşımalar üçün əlavə imkanlar yarada bilər. Ancaq bu, avtomatik nəticə deyil. Marşrutun rəqabət qabiliyyəti, daşınma xərcləri və limanlar arasında əlaqələndirmə həlledici rol oynayacaq.

Üçüncü istiqamət enerji əməkdaşlığıdır. Azərbaycan enerji resurslarının ixracı ilə yanaşı, enerji təhlükəsizliyi, bərpaolunan enerji və enerji texnologiyaları sahəsində tərəfdaşlıqlarını genişləndirməkdə maraqlıdır. Vyetnamla imzalanmış energetika memorandumu bu sahədə əməkdaşlıq üçün siyasi çərçivə yaradır. Gələcəkdə oxşar imkanların digər Cənub-Şərqi Asiya ölkələri ilə də araşdırılması mümkündür, lakin konkret layihələr barədə danışmaq üçün müvafiq razılaşmalar və investisiya qərarları olmalıdır.

Bakı Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrini hansı konkret iqtisadi və geosiyasi istiqamətlərdə inkişaf etdirməlidir və bu ölkələrlə əməkdaşlıq Mərkəzi Asiya üzərindən Avropa-Asiya nəqliyyat əlaqələrinin güclənməsinə nə dərəcədə töhfə verə bilər?

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

 Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında bir sıra səbəblər sadaladı: “Məncə, Bakı Cənub-Şərqi Asiya ilə münasibətlərdə artıq yeni mərhələyə keçir. Bunun bir neçə səbəbi var. Birincisi, enerji məsələsi Azərbaycanın bu regionda ən güclü kartıdır və Bakı bu kartı artıq masaya sürüb. 2025-ci ilin mayında Vyetnamla strateji tərəfdaşlıq elan edildi. Həmin səfərdə energetika memorandumu, SOCAR-la Petrovietnam arasında sənəd və Dung Quat neft emalı zavoduna uzunmüddətli xam neft tədarükü barədə memorandum imzalandı. Yəni əsas qoyulub. Digər tərəfdən, reallıq ondan ibarətdir ki, ticarətin dinamikası hələ də Azərbaycanın Vyetnama neft satışından asılıdır. Bunu Prezident İlham Əliyev özü də açıq şəkildə qeyd edib. Deməli, əlaqələr hələ birtərəflidir. Bu baxımdan, Bakının Vyetnamda bərpaolunan enerjiyə investisiya yatırmağa hazır olduğunu bildirməsi vacib mesajdır. Bu o deməkdir ki, Azərbaycan bu regiona təkcə neft satıcısı kimi deyil, investor kimi də daxil olmaq istəyir.

İkincisi, siyasi səfərlər biznesə çevrilməlidir. Vyetnamla Hökumətlərarası Komissiya 17 potensial əməkdaşlıq sahəsi müəyyənləşdirib. Bunların arasında bərpaolunan enerji, informasiya texnologiyaları, yarımkeçiricilər və süni intellekt var. Kamboca istiqamətində də eyni xətt görünür. Hun Manetin nümayəndə heyətində Kamboca Ticarət Palatasının iş adamları da yer alır. Yəni masada təkcə diplomatik nəzakət deyil, konkret iqtisadi maraq da var. Əgər bu təmaslar birgə biznes şuralarına və müqavilələrə çevrilməzsə, səfərlər yalnız protokol fotoları kimi yadda qalacaq.

Üçüncüsü, Bakı Asiya diplomatiyasının görüş nöqtəsinə çevrilir. Hun Manetin səfərinin əsas məqsədlərindən biri Bakıda keçiriləcək AQEM-in 7-ci Sammitində iştirakdır. Deməli, Azərbaycan Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri həm də beynəlxalq platformalarda səs və dəstək kimi qiymətləndirir.

O zaman belə bir sual da ortaya çıxır ki, bu əməkdaşlıq Mərkəzi Asiya üzərindən Avropa-Asiya nəqliyyat əlaqələrinə nə qədər töhfə verəcək? Burada real olmaq lazımdır. Cənub-Şərqi Asiyanın yüklərinin əsas hissəsi bu gün də dəniz yolu ilə Süveyş üzərindən Avropaya gedir. Bu marşrut ucuzdur və onu bir gündə dəyişmək mümkün deyil. Yəni Orta dəhliz dəniz yolunu əvəz etməyəcək. Amma Qırmızı dənizdəki risklər göstərdi ki, yalnız bir marşruta bağlı qalmaq ağır bədəl ödəmək deməkdir. Bu baxımdan, sürət tələb edən və yüksək dəyərli yüklər üçün Qazaxıstan, Xəzər, Azərbaycan, Gürcüstan və Türkiyə xətti real alternativdir".

Siyasi təhlilçi Hun Manetin marşrutunun da diqqət çəkdiyini söylədi: “Bu marşrutun növbəti ünvanları Bakıdan sonra oktyabrın 16-da Türkiyə, 17-də isə Qazaxıstan olacaq. Bu, təsadüfi coğrafiya deyil, Orta Dəhlizin siyasi xəritəsidir. Deməli, Asiya paytaxtları bu xəttin əsas oyunçularını artıq görür. Bununla belə, bir sıra ekspertlər hesab edir ki, dəhlizin potensialı hələ tam reallaşmayıb. Tariflər rəqabətli olmalı, Xəzər limanları arasında koordinasiya güclənməli, gömrük prosedurları sadələşməlidir. Əks halda, ən gözəl memorandum da kağız üzərində qalacaq. Məncə, yaxın illərdə Cənub-Şərqi Asiya Azərbaycanın xarici ticarətində kəskin sıçrayış yaratmayacaq. Amma enerji, investisiya və tranzit üzrə bu gün qoyulan təməl Bakını Avropa ilə Asiya arasında sadəcə körpü olmaqdan çıxarır və qərarların verildiyi masanın iştirakçısına çevirir. Bu, uzunmüddətli oyundur və Azərbaycan bu oyunda öz kartlarını düzgün açır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR