İnsanlara hürriyət, millətlərə istiqlal!

28 dövlətin liderləri sabah Bakıya toplanır

Sabah Bakıda Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammiti keçiriləcək. Sammitdə üzv və müşahidəçi dövlətlərin rəhbərləri, nümayəndələri, o cümlədən tərəfdaş təşkilatların nümayəndələri iştirak edəcək.

AQEM-də 28 üzv dövlət var. Azərbaycanla yanaşı Çin, Misir, Hindistan, İran, İsrail, Qazaxıstan, Pakistan, Fələstin, Cənubi Koreya, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Vyetnam kimi ölkələrin adını çəkmək olar. Müşahidəçi dövlətlər arasında isə Amerika Birləşmiş Ştatları da var. Göründüyü kimi, təşkilat üzvləri arasında bir-biri ilə gərgin münasibətlərdə olan ölkələr də var. Bu amilin özü təşkilata və Bakıda keçiriləcək sammitə marağı artırır.

AQEM Asiyada sülhün, təhlükəsizliyin və dövlətlər arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş çoxtərəfli platformadır.

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində siyasi qarşıdurmaların artdığı, regional münaqişələrin geniş coğrafiyaya təsir göstərdiyi bir dövrdə belə platformaların əhəmiyyəti artır: “Dövlətlər arasında fikir ayrılıqları dərinləşsə də, dialoq kanallarının qorunması beynəlxalq sabitlik baxımından vacibdir. Bakıda sabah keçiriləcək toplantı da bu mənada diqqət çəkir. Burada müxtəlif regionları təmsil edən ölkələrin nümayəndələri beynəlxalq gündəmin aktual məsələləri ətrafında təmas qurmaq imkanı əldə edirlər.

Əsas məqam Azərbaycanın müxtəlif siyasi mövqelərə malik dövlətlərin iştirak etdiyi beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir. Bu, Bakının beynəlxalq münasibətlərdə öz diplomatik mövqeyini möhkəmləndirmək, müxtəlif tərəfdaşlarla əlaqələrini qorumaq və çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirmək siyasətinə uyğundur”.

Professor qeyd edib ki, Bakı bu dəfə də müxtəlif siyasi mövqelərin təmsil olunduğu beynəlxalq platforma kimi diqqət mərkəzindədir: “Azərbaycanın diplomatik missiyası isə qarşıdurma yaşayan tərəflərin dialoq imkanlarının qorunmasına şərait yaradan əməkdaşlıq mühitini dəstəkləməkdir.

Müasir geosiyasətdə belə bir yanaşma kiçik və orta dövlətlərin beynəlxalq nüfuzunu artıran amillərdən biri hesab olunur. Çünki diplomatik güc yalnız müttəfiqlərin sayı ilə deyil, həm də fərqli tərəfdaşlarla münasibətləri qorumaq, beynəlxalq gündəmdə iştirak etmək və əməkdaşlıq üçün imkanlar yaratmaq bacarığı ilə ölçülür. Bakıda keşiriləcək sammit də Azərbaycanın bu istiqamətdəki diplomatik fəaliyyətinin diqqətçəkən nümunələrindən biridir.

Azərbaycan xarici siyasətində müxtəlif dövlətlərlə münasibətləri qorumağa, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə və regional məsələlərin müzakirəsi üçün diplomatik kanalların açıq qalmasına maraq göstərir. Bakının AQEM kimi çoxtərəfli platformada yüksək səviyyəli nümayəndələri qəbul etməsi bu baxımdan əhəmiyyətlidir”.

Etibar Seyidağa,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR