İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahalaşmanın qarşısını necə almalı?

Azərbaycanda qiymətlərin yüksək olması və bəzi məhsulların bahalaşmaqda davam etməsi istehlakçıların əsas problemlərindən biridir. Oktyabrın 14-də Bakıda III Milli Rəqabət Forumu keçirilir. Forum rəqabət mühitinin inkişafı, bazarda sağlam rəqabətin təmin olunması və iqtisadi münasibətlərin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Lakin əsas sual budur: rəqabət mühitinin gücləndirilməsi vətəndaşın gündəlik xərclərinə necə təsir edəcək? Bazarda rəqabətin zəif olması qiymətlərin yüksək qalmasına nə dərəcədə təsir göstərir? Azərbaycanda süni qiymət artımının qarşısını almaq və istehlakçının maraqlarını qorumaq üçün hansı addımlar atılmalıdır?

İqtisadçı Xalid Kərimli Musavat.com-a açıqlamasında bildirib ki, bazardakı rəqabət mühiti və bazar strukturu qiymətlərin formalaşmasına ciddi təsir göstərir. Onun sözlərinə görə, rəqabətin zəif olması müxtəlif bazarlarda qiymətlərin yüksək qalmasının və bahalaşmanın əsas səbəblərindən biridir: "Bununla belə, ölkədəki bütün qiymət artımlarını yalnız rəqabətin zəifliyi və ya inhisarçılıqla əlaqələndirmək düzgün olmazdı. Çünki bahalaşmanın qlobal və obyektiv səbəbləri də var".

İqtisadçı qeyd edib ki, idxal olunan məhsulların qiymətləri, eləcə də idxal və daşınma xərcləri daxili bazarda qiymətlərin formalaşmasına birbaşa təsir edir: :Məsələn, əvvəlki dövrlərlə müqayisədə Çindən Azərbaycana yükdaşıma xərcləri iki dəfə, Türkiyədən gələn yük maşınlarının daşınma qiymətləri isə 50 faiz artıb. Azərbaycanın idxaldan yüksək asılılığı dünya bazarında baş verən qiymət dəyişikliklərinin daxili bazara da sürətlə ötürülməsinə səbəb olur".


Turizmdə azalma narahatedicidir”- Xalid Kərimli | QHT.az

X.Kərimli vurğulayıb ki, iki il əvvəl qəbul edilmiş Rəqabət Məcəlləsi bu sahədə mühüm addım olsa da, rəqabət mühitinin yaxşılaşdırılması üçün daha ciddi tədbirlərə ehtiyac var. Onun fikrincə, ilk növbədə bazarlar dərindən araşdırılmalı, hökmran mövqeyə malik sahibkarlar və süni qiymət razılaşmaları müəyyənləşdirilərək qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülməlidir.

İqtisadçı hesab edir ki, bazara daxil olmaq üçün mövcud maneələr azaldılmalı, xüsusilə kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışı və satış kanallarından istifadəsi asanlaşdırılmalıdır:" Böyük mağazalar şəbəkələrində kiçik sahibkarların məhsullarının satışa çıxarılması zamanı yaranan çətinliklər və ayrı-seçkilik halları da aradan qaldırılmalıdır".

Müsahibimizin sözlərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ayrı-ayrı bazarları daha yaxından izləməli, xüsusilə hökmran mövqeyə malik şirkətlərin kəskin qiymət artımları və süni qiymət razılaşmaları ilə bağlı operativ araşdırmalar aparmalıdır.

“Bazar iqtisadiyyatının səmərəli işləməsi üçün rəqabətə şərait yaradılması və sağlam rəqabət mühitinin qorunması vacib şərtlərdəndir”, – deyə iqtisadçı vurğulayıb.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR