Onlayn ictimai-siyasi qəzet
İsrail prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrail prezidentini Azərbaycanın baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan da 15 oktyabrda Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Dövlət və Hökumət Başçıları Şurasının Yeddinci iclasında iştirak edəcək. O, iclasda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
İsrail və Türkiyə arasında münasibətlərin kəskin gərginləşdiyi bir vaxtda hər iki ölkənin yüksək səviyyəli nümayəndələrinin Bakıda keçiriləcək beynəlxalq toplantıda iştirakı diqqət çəkir. Bu mənzərə Azərbaycanın regional və beynəlxalq diplomatiyada dialoq üçün platforma rolunu davam etdirdiyini bir daha nümayiş elətdirir.
Beləliklə, İsrail və Türkiyə arasında münasibətlərin ciddi gərginlik yaşadığı bir dövrdə hər iki dövlətin yüksək səviyyəli təmsilçiləri eyni beynəlxalq tədbirdə iştirak edəcəklər. Bu, ilk baxışdan adi diplomatik təqvim hadisəsi təsiri bağışlaya bilər. Lakin siyasi ekspertlər hesab edir ki, mövcud regional reallıqlar fonunda Bakıda baş tutan bu görüşlər daha geniş siyasi məna daşıyır.
Belə bir şəraitdə İsrail prezidentinin və Türkiyənin xarici işlər nazirinin eyni beynəlxalq toplantıda iştirak etməsi xüsusi diqqət doğurur. Hələlik bu iştirakın İsrail-Türkiyə münasibətlərində konkret irəliləyişə səbəb olacağını söyləmək üçün əsas yoxdur. Bununla belə, hər iki ölkənin nümayəndələrinin beynəlxalq diplomatik platformada iştirakı təmas imkanlarının qorunması baxımından əhəmiyyətlidir.
Azərbaycanın ev sahibliyi etdiyi belə bir tədbir müxtəlif siyasi mövqelərə malik dövlətlərin eyni məkanda təmsil olunmasına şərait yaradır. Bu isə Bakının diplomatik platforma kimi rolunu ön plana çıxarır.
Əlbəttə, İsrail prezidenti İsxak Hersoqla Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıda eyni tədbirdə iştirakı özlüyündə onların ikitərəfli görüş keçirəcəyi anlamına gəlmir. Lakin beynəlxalq siyasətdə bəzən bir məkanda olmaq belə gələcək təmaslar üçün imkan yarada bilər.
Etibar Seyidağa,
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ