Onlayn ictimai-siyasi qəzet
ABŞ-da aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyasının rəhbərliyində ciddi narahatlıq yaranıb. Partiyanın nüfuzlu nümayəndələri Nümayəndələr Palatasına nəzarəti saxlamağın artıq demək olar ki, mümkünsüz olduğunu düşünürlər. Respublikaçılar indi əsas diqqəti məğlubiyyətin miqyasını azaltmağa və Senatdakı çoxluğu qorumağa yönəldiblər.
Musavat.com xəbər verir ki, beş yüksəkvəzifəli respublikaçı konqresmen anonimlik şərti ilə partiyanın seçki perspektivlərinin son dərəcə ağır olduğunu etiraf edib.
Onlardan biri bildirib ki, hazırda əsas məqsəd mümkün qədər çox respublikaçı mandatını qorumaqdır. Konqresmen yaranmış vəziyyətə görə prezident Donald Trampı günahlandırıb.
“Prezident Tramp bu seçkiləri tamamilə öz şəxsiyyəti ətrafında qurdu. İndi isə biz həmin siyasi fırtınadan sağ çıxmağa çalışmalıyıq”, - deyə o vurğulayıb.
Digər respublikaçı konqresmen Demokratlar Partiyasının Nümayəndələr Palatasında təxminən 10 əlavə yer qazanacağını proqnozlaşdırıb. Bu nəticə palataya nəzarətin demokratlara keçməsi üçün kifayət edəcək.
Onun sözlərinə görə, hətta Florida və Texas kimi respublikaçıların xeyrinə seçki dairələrinin sərhədlərinin yenidən müəyyənləşdirildiyi ştatlarda belə partiyanın namizədləri böyük çətinliklə mövqelərini qoruyurlar.
Respublikaçılar artıq Ayova ştatından Mariannet Miller-Miksin və Nyu-Cersidən Tom Kinin təmsil etdiyi bəzi seçki dairələrində mübarizəyə ayrılan resursları azaltmağa başlayıblar. Maraqlıdır ki, Tramp cəmi iki il əvvəl həmin dairələrdə qalib gəlmişdi.
Partiya Nebraska ştatındaDon Bekonun təmsil etdiyi dairədə də mübarizəni faktiki olaraq dayandırıb.
Bekon hesab edir ki, respublikaçıların problemlərinin əsas səbəbi Trampın ictimai dəstəyinin zəifləməsidir.
“Ən böyük problem prezidentin reytinqi və ona qarşı mənfi münasibətin səviyyəsidir”, – deyə konqresmen bildirib.
Respublikaçılar seçki kampaniyası üçün nəzərdə tutulan vəsaitləri Nümayəndələr Palatasından Senat uğrunda mübarizəyə yönəldirlər. Xüsusilə Ayova, Nebraska və Kanzas kimi əvvəllər respublikaçıların güclü olduğu ştatlarda vəziyyət narahatlıq doğurur.
Respublikaçıların Nümayəndələr Palatasındakı namizədlərini dəstəkləyən Congressional Leadership Fund təşkilatı Nebraska və Ayovada bəzi reklam kampaniyalarını dayandırıb. Bunun əvəzində Senat uğrunda mübarizə aparan Pit Rikets və Eşli Hinsonun dəstəklənməsinə üstünlük verilir.
Respublikaçı konqresmenlərdən biri bu qərarları belə qiymətləndirib:
“Bunlar Nümayəndələr Palatasını qoruyacağına inanan partiyanın atacağı addımlar deyil”.
Ağ Ev isə məğlubiyyət proqnozlarını qəbul etmir. Prezidentin mətbuat katibi Liz Hyuston Trampın Konqresin hər iki palatasında respublikaçı çoxluğunu qorumaq niyyətində olduğunu bildirib.
Tramp özü də seçki mitinqlərində partiyasına dəstəyin artdığını iddia edir. Nümayəndələr Palatasının spikeri Mayk Conson isə respublikaçıların məğlubiyyətini göstərən sorğuların yanlış olduğunu söyləyib.
Lakin Floridadan keçmiş respublikaçı konqresmen Karlos Kurbelo partiyadakı əhvali-ruhiyyəni daha açıq təsvir edib:“Son həftələrdə respublikaçıların Nümayəndələr Palatasına nəzarəti qoruyacağına inandığını şəxsən söyləyən bir nəfərə belə rast gəlməmişəm”.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ