Onlayn ictimai-siyasi qəzet
Yəməndəki İran tərəfindən dəstəklənən husilərin hədəfində olan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda erkən xəbərdarlıq sistemləri işə düşüb, şəhərdə bir-birinin ardınca güclü partlayış səsləri eşidilib.
Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi erkən xəbərdarlıq sisteminin paytaxt üzrə aktivləşdirildiyini açıqlayıb.
Qurum təhlükə zamanı vətəndaşların təşvişə düşmədən əməl etməli olduğu təhlükəsizlik qaydalarını və fövqəladə hallar təlimatını paylaşıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, həyəcan siqnalından dərhal sonra Ər-Riyad səmasında 4 ardıcıl partlayış baş verib. Partlayışlardan bir qədər sonra Mülki Müdafiə İdarəsi ikinci bəyanat yayaraq şəhər üzrə təhlükənin aradan qalxdığını bildirib.
Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsindən verilən məlumatda husilər tərəfindən atılan və hava hücumundan müdafiə sistemləri tərəfindən havada zərərsizləşdirilən iki qanadlı raketin qəlpələrinin Ər-Riyada düşdüyü təsbit edilib. Hadisə nəticəsində 2-si qadın, 1-i kişi və 1-i uşaq olmaqla 4 dinc sakin yaralanıb, 15 evə isə ziyan dəyib.
Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Birləşmiş Ərəb Koalisiyasının husilərə qarşı keçirdiyi hərbi əməliyyatlara cavab olaraq, qruplaşma tez-tez Səudiyyə Ərəbistanının sərhədyanı və cənub bölgələrini hədəf alır.
Bölgədəki strateji hərbi obyektlər və kritik infrastruktur binaları Yəmən sərhədindən buraxılan PUA-lar və ballistik raketlərlə atəşə tutulur.
İranın dəstəklədiyi husilər 2014-cü ildən bəri paytaxt Səna da daxil olmaqla Yəmənin böyük bir hissəsini nəzarətdə saxlayır. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya isə 2015-ci ildən bəri rəsmi Yəmən hökumətinə hərbi dəstək verir.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ