İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda işsizlik arta bilər- SƏBƏBLƏR

Süni intellekt əmək bazarını dəyişir: Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, süni intellekt qlobal miqyasda iş yerlərinin təxminən 40 faizinə təsir göstərəcək. BVF-nin qiymətləndirməsinə görə, süni intellektin təsiri inkişaf etmiş iqtisadiyyatlarda daha yüksək olacaq və iş yerlərinin təxminən 60 faizini əhatə edəcək. İnkişaf etməkdə olan bazarlarda bu göstərici 40 faiz, aşağı gəlirli ölkələrdə isə 26 faiz səviyyəsindədir.

Bəs süni intellektin geniş yayılması Azərbaycanda əmək bazarına necə təsir edə bilər? Hansı peşələr yox olmaq təhlükəsi ilə üzləşir, hansı sahələrdə yeni iş imkanları yaranacaq? Süni intellekt insan əməyini əvəz etdikcə işsizlik arta bilərmi və bu dəyişikliklərə hazır olmaq üçün hansı addımlar atılmalıdır?

 Süni intellekt və rəqəmsal marketinq üzrə ekspert Fərhad Kərimli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Süni intellektin əmək bazarına təsiri müzakirə edilərkən ən çox səslənən fikirlərdən biri budur: yaxın illərdə bir çox peşə yox olacaq, insanlar işlərini süni intellektə təhvil verəcəklər. Ancaq bu yanaşma məsələnin yalnız texnoloji tərəfini əhatə edir. Süni intellektin müəyyən işi görə bilməsi həmin işin insandan alınaraq texnologiyaya həvalə ediləcəyi demək deyil.

Bəzi işçilər texnologiyanın köməyi ilə daha məhsuldar olacaq, bəzilərinin gördüyü tapşırıqlar avtomatlaşdırılacaq, müəyyən hallarda isə işçi qüvvəsinə tələbat azalacaq. Dünya üzrə hər dörd işçidən biri generativ süni intellektin müəyyən təsir göstərə biləcəyi peşədə çalışır. Bununla belə, ən ehtimal olunan ssenari peşələrin kütləvi şəkildə yox olması deyil, onların transformasiyasıdır.

Azərbaycanın əmək bazarına baxdıqda, süni intellektlə işləyən sistem qurmaqla bir işçinin gördüyü işi tamamilə avtomatlaşdırmaq eyni şey deyil. Şirkət hazır Sİ alətindən istifadə etməyə başlaya bilər. Lakin həmin alətin konkret biznes prosesinə uyğunlaşdırılması, daxili sistemlərlə inteqrasiyası, məlumatların hazırlanması, nəticələrin yoxlanılması və səhvlərin idarə edilməsi əlavə resurslar tələb edir.
Məsələn, bir şirkət müştəri müraciətlərini cavablandıran əməkdaşı süni intellektlə əvəz etmək istəyirsə, yalnız çatbotun aylıq abunə haqqını hesablamamalıdır. Sistem sifariş məlumatlarını oxuya bilməli, məhsul və zəmanət şərtlərini düzgün təqdim etməli, mürəkkəb müraciətləri müvafiq əməkdaşa yönləndirməli və müştərinin şəxsi məlumatlarını qorumalıdır. Bütün bunların qurulması və idarə edilməsi xərc yaradır".

Ekspert qeyd edib ki, Azərbaycan bazarında isə süni intellekti işçini əvəz edə biləcək səviyyəyə gətirib çıxara bilmək işçiyə verilən əməkhaqqından daha bahadır, ona görə də, Azərbaycanda effektiv olmaya bilər:"Daha dəqiq yanaşma budur: Azərbaycan şirkətləri üçün süni intellektin iqtisadi səmərəliliyi avtomatlaşdırılan işin xarakterindən, əməkhaqqından, tətbiq xərclərindən və əldə ediləcək nəticədən asılı olacaq. Azərbaycan şirkətlərinin süni intellektdən artıq istifadə edib etmədiyini araşdırdıqda, qarşımıza maraqlı mənzərə çıxır.

PwC-nin 2025-ci il Azərbaycan CEO sorğusunda iştirak edən 100 şirkət rəhbərinin 46 faizi generativ süni intellektdən aktiv istifadə etdiyini bildirib. İştirakçıların 84 faizi şəxsi məhsuldarlığın, 83 faizi isə əməkdaşların vaxtdan istifadəsinin yaxşılaşdığını qeyd edib. Bununla yanaşı, rəhbərlərin yalnız 20 faizi süni intellektin şirkətin gəlirliliyinə əhəmiyyətli müsbət təsir göstərdiyini bildirib.

Bu göstəricilər göstərir ki, texnologiyadan istifadə etmək və onun biznes nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq arasında fərq var".

Fərhad Kərimli Azərbaycan bazarı üçün yox olmaq təhlükəsi olan peşələr rutin, ixtisaslaşma tələb etməyən peşələri də sadalayıb:

 - Məlumatların daxil edilməsi və ilkin emalı: Sənədlərdən məlumat çıxarılması, cədvəllərin doldurulması, məlumatların formatlaşdırılması və standart hesabatların hazırlanması.

- Birinci xətt müştəri dəstəyi: Tez-tez verilən sualların cavablandırılması, sifariş statusunun bildirilməsi və standart müraciətlərin yönləndirilməsi. Mübahisəli və emosional vəziyyətlərdə insan iştirakı vacib qala bilər.

- Mühasibatlıq üzrə rutin əməliyyatlar: Hesab-fakturaların emalı, ilkin üzləşdirmə və standart sənədləşmə. Vergi riskləri, maliyyə nəzarəti və mürəkkəb qərarlar ayrıca ekspertiza tələb edir.

- Standart məzmun istehsalı və sadə rəqəmsal əməliyyatlar

Standart məzmun istehsalı və sadə rəqəmsal əməliyyatlar. Burada əsas risk yalnız mövcud iş yerlərinin ixtisarı deyil. Şirkət eyni sayda əməkdaşı saxlasa belə, əvvəllər bir neçə nəfərin gördüyü işi daha kiçik komanda ilə görə bilər. Bu isə yeni işçilərin işə qəbulunu azalda bilər.

Xüsusilə əmək bazarına yeni daxil olanlar üçün risk yaranır: əvvəlcə təcrübə qazanmaq üçün istifadə edilən ilkin səviyyəli vəzifələrin bəzi tapşırıqları avtomatlaşdırıldıqda, gənclərin peşəkar inkişaf üçün ilk pilləsi darala bilər.

Şirkətlərə bu istiqamətlərdə mütəxəssislər lazım ola bilər:

- AI tətbiqi və avtomatlaşdırma mütəxəssisləri: təkrarlanan prosesləri müəyyənləşdirən, uyğun alətləri seçən və iş axınlarını avtomatlaşdıran şəxslər.

- AI inteqrasiya mütəxəssisləri: süni intellekti CRM, ERP, e-ticarət, çağrı mərkəzi və digər biznes sistemləri ilə əlaqələndirən mütəxəssislər.

- AI məhsul menecerləri: texnoloji imkanları biznes məqsədləri ilə uzlaşdıran, prioritetləri müəyyən edən və nəticələri ölçən şəxslər.

- Data analitikləri və Sİ idarəetmə mütəxəssisləri: məlumatların keyfiyyətinə, nəticələrin etibarlılığına, məxfiliyə və risklərə nəzarət edən şəxslər.

- Sahə ekspertləri: marketinq, maliyyə, satış, logistika və digər istiqamətlərdə Sİ-ni konkret biznes problemlərinin həllinə tətbiq edən mütəxəssislər.

Bununla belə, hər şirkətin ayrıca Sİ mütəxəssisi işə götürəcəyini düşünmək olmaz. Bəzi şirkətlər hazır proqram təminatından istifadə edəcək, bəziləri inteqrasiya işlərini xarici şirkətlərə həvalə edəcək, digərləri isə bu bacarıqları mövcud əməkdaşlarında inkişaf etdirəcək".

Afaq Mirayiq,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR