Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa ölkələrinin siyasətini kəskin tənqid edərək bildirib ki, Avropa Ukraynadakı münaqişənin dayanmaması üçün əlindən gələni etməkdə davam edir. Kreml rəsmisi əlavə edib ki, Moskva üçün ABŞ vasitəçilərinin Ukrayna böhranının tənzimlənməsi istiqamətindəki səyləri və yanaşması Avropanın mövqeyinə nisbətən daha anlaşılan və adekvatdır.
Ukrayna müharibəsinə ABŞ ilə Avropa ölkələrinin münasibətində fərqlərin səbəbi nədir?

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, fərqlər ilk növbədə onların təhlükəsizlik maraqları, geosiyasi prioritetləri və müharibənin başa çatdırılması yollarına fərqli yanaşmaları ilə bağlıdır: “Vaşinqton münaqişəni diplomatik razılaşma yolu ilə mümkün qədər tez dayandırmağa çalışırsa, Avropa dövlətləri sülhün hansı şərtlərlə əldə olunmasına və bunun gələcəkdə Avropanın təhlükəsizliyinə necə təsir edəcəyinə xüsusi önəm verir. Avropa ölkələri üçün Ukrayna müharibəsi təkcə iki dövlət arasında hərbi qarşıdurma deyil, həm də Avropanın gələcək təhlükəsizlik sistemini müəyyənləşdirən böhrandır.
Xüsusilə Polşa və Baltikyanı ölkələr Rusiyanın hərbi-siyasi təsirinin genişlənməsini öz milli təhlükəsizlikləri üçün ciddi risk hesab edirlər. Avropa dövlətlərinin yanaşmasına görə, müharibə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü nəzərə almayan şərtlərlə başa çatarsa, bu, gələcəkdə yeni hərbi qarşıdurmalar üçün zəmin yarada bilər. Buna görə də Avropa İttifaqı ədalətli və davamlı sülhü, Ukraynanın təhlükəsizlik təminatlarını və beynəlxalq hüququn prinsiplərini önə çəkir. Bu mövqe Aİ-nin 9 oktyabr 2026-cı il tarixli BMT Təhlükəsizlik Şurasındakı bəyanatında da əksini tapıb.
ABŞ üçün isə Avropanın təhlükəsizliyi vacib olsa da, Ukrayna müharibəsi Vaşinqtonun qlobal strategiyasındakı problemlərdən yalnız biridir. Amerika administrasiyası eyni zamanda, digər regionlardakı təhlükəsizlik çağırışlarını, Rusiya ilə münasibətləri və iqtisadi maraqlarını da nəzərə alır. ABŞ administrasiyası Rusiya ilə birbaşa danışıqlar aparmaqla müharibəni dayandırmaq üçün razılaşma əldə etməyə çalışır. Bu yanaşmada əsas məqsədlərdən biri hərbi əməliyyatların dayandırılması və tərəflərin müəyyən şərtlər əsasında razılığa gəlməsidir.
Lakin belə razılaşmanın şərtləri əsas mübahisə mövzusudur. Əgər sülh əldə etmək üçün Ukraynadan ərazi güzəştləri tələb olunarsa və ya onun gələcək təhlükəsizliyinə dair təminatlar yetərli olmazsa, bu, Avropa ölkələrində ciddi narahatlıq yarada bilər. Böyük Britaniya, Fransa və Almaniya kimi dövlətlər Ukraynanın iştirakı olmadan onun gələcəyini müəyyənləşdirən razılaşmanın əldə edilməsinə qarşı çıxırlar. Onlar, həmçinin, Avropanın təhlükəsizlik maraqlarına təsir edən qərarların Avropa dövlətlərinin iştirakı olmadan qəbul edilməsini məqbul saymırlar”.
Politoloq hesab edir ki, ABŞ və Avropa arasında yanaşma fərqlərinin dərinləşməsi Qərbin Ukrayna məsələsində vahid strategiya formalaşdırmasını çətinləşdirir: “Bu isə həm diplomatik danışıqlara, həm də Ukraynaya göstərilən hərbi və maliyyə dəstəyinin koordinasiyasına təsir göstərir”.
Etibar Seyidağa,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ