İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlıların sentyabr seçimi: “Vahid Rusiya”, yoxsa?

Rusiya Dövlət Dumasına keçiriləcək seçkilər yaxınlaşdıqca ölkənin siyasi arenasında müxtəlif seçki gedişləri diqqət çəkməyə başlayıb. Bu dəfə diqqət mərkəzinə azərbaycanlı seçicilərə edilən gözlənilməz çağırış düşüb. Rusiyanın “Svobodnaya Pressa” nəşri xəbər verir ki, özünü “Rusiyanın azərbaycanlı diasporunun Telegram-kanalı” kimi təqdim edən resurs Rusiyada yaşayan etnik azərbaycanlıları Liberal Demokrat Partiyasına (LDPR) və şəxsən partiyanın lideri Leonid Slutskiyə səs verməyə çağırıb. Nəşrin məlumatına əsasən, çağırışda Slutski “Bakının böyük dostu”, Azərbaycan ordusunu və Prezident İlham Əliyevi dəstəkləyən siyasətçi” kimi təqdim olunur. Moskva hökuməti yanında Millətlərarası Əlaqələr Şurasının komissiya sədri Yuri Moskovski “azərbaycanlı diasporu” adından yayılan çağırışa ehtiyatlı yanaşıb. Onun sözlərinə görə, Rusiyada Azərbaycanın vahid rəsmi diaspor təşkilatı yoxdur. Politoloq Vadim Truxaçevin qənaətinə görə, Azərbaycan diasporunun dəstəyi Slutskiyə müəyyən əlavə elektorat gətirə bilər, lakin bunun LDPR-nin ümumi seçki nəticəsinə həlledici təsir göstərməsi real görünmür.
Qeyd edək ki, seçkidə iştirak hüququ olan azərbaycanlılar əsasən hakim “Vahid Rusiya” partiyasına səs verdiyi məlum faktdır. Bu çağırış isə Rusiyada Azərbaycan diasporuna münasibətlərin kifayət qədər həssas olduğu bir vaxtda yayılıb. Xüsusilə son olaraq Moskvadakı Azərbaycan diasporunun rəhbərinin Rusiyadan deportasiya edilməsi fonunda azərbaycanlılara LDPR lideri Leonid Slutskiyə səs vermək çağırışı diqqət çəkir.

Bu, Ermənistanın uduzması demək idi” – Azər BadamovAzərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov Musavat.com-a öncəliklə qeyd etdi ki, Rusiyada keçiriləcək seçkilərdə azərbaycanlıların hansı siyasi partiyaya səs verəcəyi, ilk növbədə, onların şəxsi və müstəqil seçimidir: “Rusiya vətəndaşı olan azərbaycanlılar da bu ölkənin digər vətəndaşları kimi öz siyasi mövqelərini sərbəst ifadə etmək hüququna malikdirlər. Buna görə də hər hansı partiyaya səs vermək çağırışını bütün azərbaycanlıların mövqeyi kimi təqdim etmək doğru yanaşma deyil. Xüsusilə də, hər hansı bir Telegram kanalının müəyyən siyasi qüvvəyə və ya partiya liderinə səs verməyə çağırış etməsi avtomatik olaraq həmin çağırışın Azərbaycan diasporunun ümumi mövqeyi olduğu anlamına gəlmir. Rusiyada Azərbaycan diasporunun vahid siyasi mövqeyindən danışmaq da düzgün olmazdı. Orada yaşayan azərbaycanlıların siyasi baxışları və seçimləri müxtəlifdir. Digər tərəfdən, Rusiyada “Vahid Rusiya” partiyasını dəstəkləyən kifayət qədər azərbaycanlı var. Onların siyasi seçimlərinə əlavə istiqamət verməyə və ya onları konkret siyasi qüvvəyə yönləndirməyə ehtiyac yoxdur. Əgər bir Azərbaycan əsilli Rusiya vətəndaşı “Vahid Rusiya”ya, digəri LDPR-ə, başqa biri isə digər siyasi partiyaya səs vermək istəyirsə, bu, onların konstitusion hüququdur və həmin seçimə hörmət edilməlidir”.

Deputat onu da diqqətə çatdırdı ki, Azərbaycan olaraq biz Rusiyanın daxili siyasi proseslərinə və Rusiya vətəndaşlarının seçiminə hörmətlə yanaşırıq: “Bizim mövqeyimiz bundan sonra da dəyişməyəcək. Rusiya vətəndaşı olan azərbaycanlıların siyasi iradəsi onların öz seçimidir və bunu hər hansı diaspor qurumunun, Telegram kanalının və ya ayrı-ayrı şəxslərin mövqeyi ilə eyniləşdirmək düzgün deyil. Bu baxımdan, Rusiyada hansısa Telegram kanalında azərbaycanlılara konkret partiyaya səs vermək çağırışının səsləndirilməsini bütövlükdə Azərbaycan diasporunun siyasi mövqeyi kimi təqdim etmək cəhdi həm siyasi, həm də ictimai baxımdan yanlış yanaşmadır. Azərbaycanlıları ayrıca etnik qrup kimi hədəfə alaraq onların siyasi seçiminə təsir göstərmək cəhdləri də qəbuledilməzdir. Seçki fərdi iradə məsələsidir və buna hörmət etmək lazımdır”.

Cavanşir Abbaslı
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR