Onlayn ictimai-siyasi qəzet
Musavat.com İsrail mediasına istinadən xəbər verir ki, İsrail Milli Təhlükəsizlik Şurası yəhudi təqvimi ilə qeyd olunan payız bayramları ərəfəsində vətəndaşlarının xaricə səfərləri ilə bağlı təhlükəsizlik xəbərdarlığını yeniləyib. Xəbərdarlıqda İran, “Hizbullah” və HƏMAS-la davam edən qarşıdurmanın fonunda xaricdə israillilər və yəhudilər üçün mövcud risklər qiymətləndirilib. Sənəddə Azərbaycan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri İranın terror infrastrukturu baxımından həssas ölkələr sırasında göstərilib.
İordaniya, Qətər, Somali və Misir, o cümlədən Sinay yarımadası isə daha yüksək – 4-cü təhlükə səviyyəsinə daxil edilib və İsrail vətəndaşlarına həmin istiqamətlərə səfərdən çəkinmək tövsiyə olunub.
Ancaq Azərbaycanla bağlı hissə xüsusilə diqqət çəkir. Burada söhbət Azərbaycanın təhlükəli ölkə elan edilməsindən getmir. Məsələ daha mürəkkəbdir. Azərbaycan həm İranla uzun sərhədə malikdir, həm də İsraillə strateji tərəfdaşlıq münasibətlərinə sahibdir. Enerji, müdafiə və təhlükəsizlik sahələrində Bakı-Təl-Əviv əlaqələrinin dərinliyi Tehranın Azərbaycanla bağlı təhlükəsizlik hesablamalarında xüsusi yer tutur.
İsrailin Milli Təhlükəsizlik Şurasının yeni xəbərdarlığı da məhz bu həssas geosiyasi üçbucaq fonunda meydana çıxır: Azərbaycan–İran–İsrail.
Üstəlik, məsələ artıq yalnız nəzəri təhlükədən ibarət deyil. 2026-cı il martın 5-də İran ərazisindən Naxçıvana dron hücumları baş vermiş, Naxçıvan hava limanı və Şəkərabad kəndi yaxınlığındakı ərazilər zərbələrə məruz qalmışdı. ABŞ Dövlət Departamentinin Azərbaycan üzrə hazırkı səyahət xəbərdarlığında da İranla bağlı hərbi eskalasiya fonunda Naxçıvan hava limanına martın 5-də dron zərbəsi endirildiyi qeyd olunur.
Bu fakt Azərbaycanın İran–İsrail qarşıdurmasının coğrafi təsirlərindən kənarda qalmasının nə qədər çətin olduğunu göstərir. İranla İsrail arasında müharibə davam etdikcə, Azərbaycan coğrafi baxımdan münaqişədən kənarda qalsa belə, onun təhlükəsizlik nəticələrindən kənarda qala bilməz.
Yəni Bakı müharibənin tərəfi olmadan, onun risklərinin hədəfinə çevrilə bilər. İsrailin Azərbaycanı risk xəritəsində ayrıca qeyd etməsi məhz bu reallığın növbəti göstəricisidir.
“Hələ 2023-cü il oktyabrın 7-də İsrailin Yaxın Şərqin simasını dəyişəcəyini təsəvvür edirdim”. İsrailin baş naziri Benyamin Netanyahu belə deyib. “7 oktyabrda kim təsəvvür edə bilərdi ki, biz Yaxın Şərqin simasını dəyişəcəyik? Mən edə bilərdim”, - o qeyd edib.
Netanyahunun sözlərinə görə, o zaman da məqsədlərindən biri sonda İranla qarşıdurmaya girmək olub: “Məqsədim o idi ki, son nəticədə İranla üz-üzə gələcəyik”. Baş nazir əlavə edib ki, İran İsrailə hücum edəcəyi təqdirdə çox ağır zərbə alacaq: “Əgər İran bizə hücum edərsə, təfərrüatlarına varmaq istəmədiyim zərbə alacaq”.
“İran Silahlı Qüvvələri ABŞ və İsraillə yeni müharibəyə hazırdır”. Bunu isə İran Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı briqada generalı Əlirza Elhami deyib. Briqada generalı müharibənin bitmədiyini iddia edib. “İstənilən mümkün qarşıdurmaya hazırıq və hazırlaşmağa davam edəcəyik. Çünki təhlükənin bitmədiyini bilirik”, - Elhami vurğulayıb. General əlavə edib ki, ABŞ və İsrail başqa cəbhələrdə də İrana qarşı hücum edə bilər.
Hərbi ekspert Ramil Məmmədli İsrailin Azərbaycanı da qeyd etməsini normal yanaşma hesab edir. Onun dediyinə görə, SEPAH-a bağlı dairələr tez-tez Azərbaycana təhdid yağdırır: "Göründüyü kimi, İranla sərhədi olan Ermənistanın adı yoxdur. Çünki İrandan Ermənistana təhdidlər olmur, ən pis halda Zəngəzura görə xəbərdarlıq edilir. Üstəlik, İsrail vətəndaşlarının Ermənistana səfərləri də azdır. Azərbaycan, Türkiyə isə fərqlidir. İran müharibə dövründə Türkiyəyə 4 ballistik raket atıb, Azərbaycana PUA hücumu olub. Ən əsası isə daha böyük sərhəddən söhbət gedir. Üstəlik, İsrail İranın burada agentura şəbəkəsinin olduğuna inanır. O baxımdan, narahatlığını ortaya qoyub".
Hərbi şərhçinin fikrincə, bu xəbərdarlıq formal bir məsələdir: "Əslində, istənilən münaqişə tərəfi bu yöndə çağırışlar edir. ABŞ bir vaxtlar Azərbaycan- Ermənistan sərhədinə getməməyi tövsiyə edirdi. Yəni risk zonası təhlükənin coğrafiyasına və səviyyəsinə görə götürülür. İsrail Azərbaycanla dost münasibətləri olan ölkədir və bu siyahıda yer almaqda qeyri-adi hal görmürəm".
Emil Salamoğlu
Musavat.com
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ