İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Putindən prezidentlərə şikayətinə sərt reaksiya

Siyasi dairələrdə Ermənistanın mövqeyi “Buridan eşşəyi”nə bənzədilir


Xəbər verdiyimiz kimi, Ermənistan hökuməti Rusiyanın ölkədən kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərdən narazı qalaraq Avrasiya İqtisadi İttifaqına(Aİİ) rəsmi şikayət göndərib. Musavat.com erməni mediasına istinadla xəbər verirdi ki, bu barədə Ermənistan iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan deyib.
Nazir müavini bildirib ki, İrəvan Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin Aİİ-nin prinsiplərinə uyğun olmadığını düşünür və onların aradan qaldırılması üçün ittifaqın təsir mexanizmlərindən istifadə edir. Yəni bu xəbərin açması budur ki, Paşinyan hökuməti bu sanksiya qərarın arxasında durduğundan şübhə etmədiyi Rusiya prezidentindən Aİİ-dəki müttəfiq dövlət başçılarına şikayət edib.
Yada salaq ki, Ermənistan məhsulları ilə bağlı problem bu ilin mayında başlayıb. Rusiya əvvəlcə Ermənistandan pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Daha sonra siyahı genişləndirilib və iyunun 12-dən Ermənistandan bütün karantin nəzarətində olan bitki mənşəli məhsulların idxalı və onların Rusiya ərazisindən tranziti məhdudlaşdırılıb. Məhdudiyyətlərə çiçəklər, tərəvəzlər, giləmeyvələr, meyvələr, üzüm, kartof və quru meyvələr də daxildir. Balıq və balıq məhsullarının bir hissəsinə də sanksiya tətbiq olunub. Moskva isə bunu siyasi qərar kimi təqdim etmir. “Rosselxoznadzor” Ermənistan məhsullarında fitosanitar və baytarlıq tələblərinin pozulmasını əsas gətirir. Rusiya tərəfi həmçinin məhdudiyyətlərin müvəqqəti olduğunu və Ermənistan təhlükəsizlik və nəzarət mexanizmləri ilə bağlı lazımi tədbirləri gördükdən sonra məsələyə yenidən baxıla biləcəyini bildirib.
Picture backgroundErmənistan hakimiyyətinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində Rusiyaya qarşı iradlarını Moskvaya deyil, birbaşa ittifaqın digər üzvlərinə çatdırması Rusiyada ciddi narazılıq doğurub. İrəvanın həm Aİİ-nin yaratdığı iqtisadi imkanlardan yararlanmaq, həm də təşkilat daxilində Rusiyanı hədəfə almaq siyasəti Moskvanın sərt reaksiyasına səbəb olub.
Musavat.com xəbər verir ki, “Svobodnaya Pressa”nın yazdığına görə, siyasi dairələrdə Ermənistanın mövqeyi “Buri¬dan eşşəyi”nə bənzədilir. Bildirilir ki, İrəvan bir tərəfdən Avropa İttifaqına yaxınlaşmağa çalışır, digər tərəfdən isə Aİİ çərçivəsində əldə etdiyi güzəştlərdən və imkanlardan imtina etmək istəmir.
Rusiyalı politoloq Fərhad İbrahimov Ermənistan hakimiyyətinin Rusiyaya qarşı nümayiş etdirdiyi münasibətin artıq adi siyasi fikir ayrılığı çərçivəsindən çıxdığını bildirib.
Ekspertin sözlərinə görə, Ermənistan son illərdə Rusiyadan uzaqlaşmaq üçün fəal siyasət aparır, lakin eyni zamanda Aİİ çərçivəsində İrəvana verilən mühüm iqtisadi üstünlüklərdən istifadə edir. İbrahimov hesab edir ki, Ermənistan rəhbərliyi reallıqla siyasi gözləntiləri bir-birindən ayırmalıdır.
O xatırladıb ki, Nikol Paşinyan hələ 2013-cü ildə Ermənistanın Aİİ-yə qoşulmasının guya ölkənin maraqlarına zidd olduğunu və təzyiq altında həyata keçirildiyini bildirirdi. İndi isə İrəvan həmin təşkilatın mexanizmlərindən istifadə etməklə Rusiyaya qarşı şikayət qaldırmağa çalışır.
İbrahimovun sözlərinə görə, Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində addımlar atmasından sonra Rusiya ilə yanaşı Belarus, Qazaxıstan və Qırğızıstan da İrəvana açıq sual veriblər: Ermənistan Aİİ-də qalmaq istəyir, yoxsa yox?
Picture background“Svobodnaya Pressa”nın digər həmsöhbəti, Strateji Mədəniyyət Fondunun eksperti Andrey Areşev isə Ermənistan hakimiyyətinin Aİİ mexanizmlərindən istifadə etməsini daha çox siyasi taktika kimi qiymətləndirib. Onun fikrincə, Ermənistan hökuməti Rusiya ilə mümkün danışıqlar öncəsi öz əlində mümkün qədər çox “kozır” toplamağa çalışır. Areşev hesab edir ki, İrəvan bu məqsədlə Avrasiya İqtisadi Komissiyasının və digər müvafiq mexanizmlərin imkanlarından yararlanmağa cəhd göstərir. Ekspert Ermənistanın şikayətinin real nəticə verməsini isə az ehtimallı hesab edir. Onun sözlərinə görə, Rusiya tərəfi öz arqumentlərini irəli sürəcək və prosesin uzun müddət davam etməsi mümkündür.

Məlumat üçün deyək ki, “Buridan eşşəyi” ifadəsi iki eyni dərəcədə cəlbedici seçim arasında qalıb qərar verə bilməyən və nəticədə heç birini seçməyən şəxsi və ya vəziyyəti ifadə edir. Məsələn, əfsanədə eşşək qarşısında iki eyni ölçüdə ot tayası olur. Hansından yeməyə başlayacağını seçə bilmədiyi üçün hərəkətsiz qalır və nəticədə acından ölür...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR