Onlayn ictimai-siyasi qəzet
Rusiya və ABŞ prezidentləri arasında sentyabrın 8-də baş tutan telefon danışığından sonra qlobal siyasət üçün diqqətçəkən yeni gündəm formalaşıb. Tərəflər Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Rusiya, ABŞ və Çin liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilməsi imkanını müzakirə ediblər.
Əgər bu təşəbbüs reallaşarsa, dünyanın üç böyük geosiyasi gücünün eyni masa arxasında toplanması mümkün olacaq. Məlumata görə, APEC sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək. Məhz həmin platformada liderlərin bir araya gəlməsi üçün imkan yarana bilər.
Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, görüşün keçirilməsi zəruridir: “Dünyada çox ciddi geosiyasi proseslər baş verir. Moskva, Vaşinqton və Pekin "böyük şahmat taxtası"nın əsas oyunçuları hesab olunur. Hər üç aktorun öz maraqları var. Və bu maraqlar fərqli münasibətlər sisteminin meydana çıxmasına şərait yaradır. Rusiya, Çin və ABŞ-yə bu görüş təkcə ikitərəfli münasibətlərin həlli üçün əhəmiyyətli deyil. Əgər liderlər bir araya gəlsələr, həm də regional və qlobal siyasi dinamikanı müzakirə edəcəklər. Aydındır ki, həm Şərqi Avropada, həm də Yaxın Şərqdə baş verənlərdə adı çəkilən dövlətlər xüsusi maraqlıdır. Hətta Cənubi Qafqazda formalaşmaqda olan yeni dinamika da Vaşinqton, Moskva və Pekinin diqqət mərkəzindədir”.

Politoloqun sözlərinə görə, bu gün ABŞ-Rusiya-Çin xəttində maraqlı proses baş verir: “ABŞ Rusiya- Ukrayna müharibəsini dayandırmağa çalışır. Çin isə belə bir vaxtda Rusiyaya dəstək verir. Beləliklə, rəsmi Pekin dolayısı yolla Vaşinqtonun strateji maraqlarına zidd davranır. Bu isə Çinin özünün geosiyasi maraqları ilə bağlıdır. Yaxın Şərqlə bağlı məsələ də mürəkkəbdir. ABŞ-nin İranla münasibətlərə aydınlıq gətirmək istədiyi bir vaxtda Çin İrana dəstək verir. Pekin həm Şərqi Avropadakı, həm də Yaxın Şərqdəki gərginliyin davam etməsində maraqlıdır. Çünki davam edən qarşıdurmalar ABŞ-ni zəiflədir, onun prioritetlərini dəyişir. Bu, Pekinə sərf edir. Onlar bir-birilərinə qarşı mübarizədə hər fürsətdən, o cümlədən regional böhranlardan istifadə edirlər. Düşünürəm ki, belə bir görüş baş tutacaq”.
Cavanşir Abbaslı
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ