Onlayn ictimai-siyasi qəzet
Türkmənistanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
Musavat.com-un məlumatına görə, tərəflər yüksək səviyyədə intensiv ikitərəfli təmasların əhəmiyyətini vurğulayıb və bu təmasların Ermənistan-İran münasibətlərinin ardıcıl inkişafına və genişlənməsinə töhfə verməsini məmnunluqla qeyd ediblər.
Baş nazir iki ölkə arasında əməkdaşlıq gündəliyinin geniş olduğunu və İran şirkətlərinin Ermənistanda həyata keçirilən strateji layihələrdə iştirak etdiyini vurğulayıb. Tərəflər yaxın vaxtlarda Ermənistan-İran münasibətlərinin yeni səviyyəyə yüksələcəyinə əminliklərini ifadə ediblər. Həmçinin yaxın vaxtlarda keçirilməsi planlaşdırılan qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. Nikol Paşinyan və Məsud Pezeşkian qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Görüşdə Zəngəzur dəhlizi – TRİPP marşrutu ilə bağlı müzakirələrin olub-olmadığı açıqlanmır. Bundan əvvəl İrandan Zəngəzur dəhlizinin əleyhinə açıqlamalar verilmişdi. Daha sonra Ermənistan XİN rəhbəri Ararat Mirzoyan İrana səfər etmişdi.
Ölkə rəhbərlərinin görüşündə Zəngəzur dəhlizinə maneələrin aradan qaldırılması barədə anlaşmanın olduğunu söyləmək olarmı?
Siyasi ekspert Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Ermənistanla İran arasında Zəngəzur dəhlizi - TRIPP layihəsi ilə bağlı fikirayrılığının olması, İran tərəfindən Ermənistana xəbərdarlıq edilməsi, bunun heç vaxt mümkün ola bilməyəcəyi ilə bağlı məlumat çatdırıldığı ilə bağlı məlumatlar yayılmaqdadır:
“Əslində çox maraqlı bir vəziyyət yaranıb. Biz bilirik ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi baş verəndən sonra Azərbaycan tərəfinin, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərdən biri də Zəngəzur dəhlizi məsələsi idi. Hansı ki, 10 noyabr 2020-ci il tarixli bəyanatda da bu məsələ öz əksini tapmışdı. Orda TRIPP layihəsi, Tramp yolu ilə bağlı heç bir məsələ yox idi və Amerika Birləşmiş Ştatlarının bu məsələdə iştirakından söhbət getmirdi. O zamanlar Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirəcək 42 kilometrdən bir qədər artıq olan o yolun tikilməsi, istifadəyə verilməsi ilə bağlı məsələlər var idi. Hansı ki, Rusiya Sərhəd Xidmətinin nümayəndələri ora nəzarət edəcəkdilər. Bu barədə 10 noyabr 2020-ci il tarixli bəyanatda da öz əksini tapıb, bütün o nəqliyyat və kommunikasiyaların blokdan çıxarılması, o cümlədən də yolun açılması... Amma sonradan bizə bəlli olduğu kimi, Ermənistan Vaşinqtonla razılaşma əldə edib, öz ərazilərinin Ermənistan qanunvericiliyinə görə ilk mərhələdə 49 illiyinə Amerika Birləşmiş Ştatlarının şirkətinə icarəyə verilməsi, dəhlizin “Tramp yolu” adlandırılması və Ermənistanla ABŞ arasında bu istiqamətdə əməkdaşlığın edilməsinə qərar verdi. Baxın, əslində İran əvvəldən bu yola qarşı idi. İran əvvəldən bu yolu özünün “qırmızı xətti” adlandırırdı, Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsi məsələsinin mümkünsüzlüyü ilə bağlı fikir səsləndirirdi. İndi bu yolun TRIPP adlandırılması sanki İranın əlinə yeni bir fürsət verib. Bəli, ondan əvvəl onlar “Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsini” əsaslandıra bilmirdilər. 30 ilə yaxın bir müddət ərzində Azərbaycan sərhədləri qanunsuz olaraq, zor yolu ilə, işğal nəticəsində, vəhşiliklə dəyişdirilmişdi, amma bu prosesə qarşı İran tərəfindən Ermənistana münasibətdə sərt mövqeyin şahidi olmamışdıq. Əksinə, İran elə o zamanlar da Ermənistanla əməkdaşlıq edirdi, indi də edir. “Bu, onların daxili məsələsidir” - deyə bilərik, bəli, özləri bilər. Amma Zəngəzur dəhlizi heç kimin daxili məsələsi deyil, bu, Azərbaycanın məsələsidir”.

X.Bəşirov qeyd edib ki, Ermənistan dəhlizin necə adlandırılmasını kimləsə razılaşdıra bilər, TRIPP marşrutu da adlandıra bilər, Tramp yolu da: “Amma bizim üçün bu, həmin ərazilərin tarixi adı ilə bağlı olan Zəngəzur dəhlizidir, hansı ki, tarixən ordan həmişə yol olub və Azərbaycanın öz ərazisini, bir ərazisi ilə digər ərazisini birləşdirməsi və yaxud da ki, ordan gediş-gəlişin, maneəsiz gediş-gəlişin təmin olunması Azərbaycanın təbii haqqıdır. Bunu elə Ermənistanın baş naziri özü bu yaxınlarda çıxışların birində qeyd etmişdi ki, Zəngəzur dəhlizi Azərbaycan ərazisindən başlayıb, Azərbaycan ərazisində bitəcək. Yəni bu, Azərbaycanın təbii haqqıdır, beynəlxalq hüquqla Azərbaycana verilmiş haqdır ki, Azərbaycan öz ərazisindən bir ərazisinə, digər ərazisinə gediş-gəlişi təmin etməlidir”. O ki qaldı İranla ABŞ arasında baş verən qarşıdurma, müharibə səbəbindən və yaxud uzun illər düşmənçilik siyasəti nəticəsində İranın ABŞ hərbçilərinin və yaxud digər şirkətlərinin, digər şəxslərinin bura gəlməsinə qarşı olmasına, ekspert bildirdi ki, bu da onlar arasında olan bir məsələdir: “Bu, sanki İrana yeni bir fürsət verib ki, əlində əsas var ki, bəli, ABŞ bizə hücum edir, biz ABŞ - yə düşmənik, Körfəzdə müharibə gedir, o səbəbdən biz ABŞ-nin bizim digər hər hansı bir sərhədimizdə mövcudluğuna imkan verməyəcəyik. Və bu məsələ İranla Ermənistan arasında ciddi fikir ayrılığı yaradıb. Ermənistan onsuz da həm siyasi cəhətdən, iqtisadi cəhətdən, hətta bəlkə hərbi cəhətdən də öz ərazisini plasdarma çevirməyə sanki alışır. İndi də Rusiya hərbçiləri orada mövcuddur, Avropa İttifaqının mülki missiyası adı altında Avropa qüvvələri orada mövcuddur, bir tərəfdən də Amerika Birləşmiş Ştatlarının qüvvələrini bura gətirmək niyyətindədirlər, hansı ki, “Qartal tərəfdaşlığı” adı altında dəfələrlə təlimlər də keçiriblər. Hə, bu Ermənistan bunların siyasi, iqtisadi, hərbi və yaxud digər formada nəticələrini düşünməyib bu addımları atırsa, bu onların problemidir. Amma bizim üçün, yenə də qeyd edim ki, əsas məsələ bu yolun açılmasıdır”.
X.Bəşirov deyib ki, artıq Cənubi Qafqazda yeni bir reallıq formalaşıb: “Bu reallıq da təbii ki, bizə imkan verir ki, biz bütün problemlərin həllinə nail olaq, o cümlədən də dəhlizlə bağlı məsələlərin. Mən düşünürəm ki, Azərbaycan üçün bunun hansısa formada əsaslandırılması mümkün deyil, yəni buna qarşı olmaqla bağlı mövqeyi əsaslandırmaq. Azərbaycan üçün bir məsələ var: bu yol açılmalıdır və azərbaycanlılar həm özləri, həm də yükləri maneəsiz şəkildə Naxçıvana gedib-gəlməlidir. Gələcəkdə bundan tranzit yol kimi, Orta Dəhlizin tərkib hissəsi kimi istifadə etmək, bəli, bu Ermənistanın iqtisadiyyatına da töhfə verəcək, digər dövlətlərin də iqtisadiyyatına. Amma bu, gələcəyin məsələsidir. Əsas bizim üçün əsas məqam Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi məsələsidir, bu yolun açılması məsələsidir”.
P.S Yazı hazır olarkən məlumat yayıldı ki, Azərbaycan, İran və Rusiya prezidentləri bir araya gəlib, mühüm məsələləri müzakirə ediblər. İstisna deyil ki, Zəngəzur dəhlizi də müzakirə predmeti olub...
E.Paşasoy,
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ