Onlayn ictimai-siyasi qəzet
“İran səfiri ilə Ermənistan və Tehran arasında əməkdaşlığın intensivləşdirilməsini müzakirə etdik. Səfir İran üçün Ermənistanın güclü bir ölkə olmasının nə qədər vacib olduğunu vurğuladı”. Musavat.com bildirir ki, bunu "Güclü Ermənistan" blokunun parlament fraksiyasının rəhbəri Narek Karapetyan jurnalistlərlə söhbətində bildirib.
![]()
TRIPP layihəsi ilə bağlı məsələlərin də müzakirə olunub-olunmadığı soruşulduqda, o, "Bəli, amma bunu açıqlaya bilmərəm" cavabını verib. İranın Ermənistandakı səfiri Xəlil Şirqolami erməni parlamentinə baş çəkib. Parlament fraksiyaları ilə görüşlər keçirilib. Çox qəribədir ki, Ermənistanın baş diplomatı Ararat Mirzəyan Tehranda danışıqlar aparmışdı. Mövzulardan biri də Zəngəzur dəhlizi idi. İran Zəngəzur dəhlizini Azərbaycan və Türkiyə arasında birbaşa quru əlaqəsinin möhkəmlənməsi kimi görür ki, bu da Tehranın regiondakı əsas tranzit rolunu və iqtisadi üstünlüklərini sual altına salır.
O halda, iqtidarla müzakirələr aparılırsa, fars səfir erməni müxalifəti ilə niyə danışıqlara başlayıb?
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Musavat.com-a deyib ki, səfirin müxalifətlə görüşməsi öz-özlüyündə İranın Ermənistan hökumətini devirmək, müxalifəti hakimiyyətə gətirmək və ya Azərbaycana qarşı konkret plan hazırlamaq niyyətini sübut etmir: “İranın əsas narahatlıqlarından biri regionda yeni nəqliyyat və təhlükəsizlik layihələrinin onun sərhədləri yaxınlığındakı geosiyasi tarazlığı dəyişdirməməsidir. Səfir sentyabrda TRIPP layihəsinə yalnız müəyyən şərtlərlə etiraz etmədiklərini açıq bildirmişdi. Görüşdə Artur Xaçatryan və Kristine Vardanyan da iştirak ediblər. Müzakirələrdə Azərbaycan-Ermənistan münasibətləri, Qarabağdakı tarixi-mədəni irs, Azərbaycanda saxlanılan ermənilərin geri qaytarılması və TRIPP layihəsi yer alıb. Bu faktlar göstərir ki, söhbət yalnız ümumi dostluq bəyanatından getmir. Danışıqların mərkəzində Ermənistanın gələcək regional mövqeyi və yeni nəqliyyat marşrutlarının siyasi nəticələri dayanır".
Onun sözlərinə görə, İran yalnız Ermənistanın hazırkı hökumətinin mövqeyini öyrənməklə kifayətlənmək istəməyə bilər: “Müxalifət gələcəkdə hakimiyyətə gələ, parlamentdə təsirini artıra və ya TRIPP-in həyata keçirilməsi ilə bağlı ictimai müzakirələrin istiqamətinə təsir göstərə bilər. Bununla belə, görüşdə müxalifətə konkret siyasi tapşırıqlar verildiyini və ya gizli razılaşma əldə olunduğunu göstərən açıq sübut yoxdur. Müxalifətlə görüşü hakimiyyətlə münasibətlərin əvəzi kimi yox, paralel diplomatik kanalın yaradılması kimi qiymətləndirmək daha əsaslıdır. İran üçün bu, siyasi sığorta mexanizmi ola bilər. Ermənistanın xarici siyasəti gələcəkdə dəyişsə, Tehran ölkənin siyasi elitasının başqa hissələri ilə də əlaqələrə malik olacaq. Bu, diplomatiyada qeyri-adi deyil. Dövlətlər yalnız hazırkı hökumətlə deyil, gələcəkdə siyasi qərarlara təsir göstərə biləcək qüvvələrlə də münasibət saxlayırlar".
Samir Əsədli əlavə edib ki, İranın Cənubi Qafqaz siyasətində Azərbaycan-Ermənistan münasibətləri, Naxçıvanla bağlantı, sərhədlərin dəyişməzliyi və xarici dövlətlərin regional iştirakı bir-biri ilə əlaqəli məsələlərdir. Qənaətimə görə, İran səfiri Şirqolaminin Ermənistan müxalifəti ilə görüşünün əsas siyasi mənası Tehranın dəyişən Cənubi Qafqaz reallıqlarında öz maraqlarını qorumaq cəhdidir”.
VHP sədrinin müavini qeyd edib ki, İranın rəsmi nümayəndəsinin Azərbaycanda həbsdə saxlanılan separatçı rejimin keçmiş rəhbərlərinin geri qaytarılması məsələsinin müzakirəsində iştirak etməsi özü belə ciddi suallar doğurur və siyasi-mənəvi baxımdan qəbuledilməzdir: "Söhbət Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı ağır cinayətlərdə təqsirli bilinmiş şəxslərdən gedir. Artıq tarixin arxivinə göndərilmiş qondarma separatçı rejimin dırnaqarası üç “prezidenti” də daxil olmaqla, onun keçmiş rəhbərləri Azərbaycan torpaqlarının işğalı dövründə fəaliyyət göstəriblər. Onların bir qismi Azərbaycan məhkəmələri tərəfindən ağır cinayətlərdə təqsirli bilinərək müvafiq cəzalara məhkum edilib".
Emil Salamoğlu
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ