Onlayn ictimai-siyasi qəzet
Məşhur müğənni Hadise qatıldığı proqramda şəxsi həyatı, ailəsi, yaşadığı incikliklər və karyerası ilə bağlı səmimi etiraflar edib.
Musavat.com xəbər verir ki, bacısı Hülya Açıkgözlə yaşadığı gərginlikdən danışarkən göz yaşlarını saxlaya bilməyən sənətçi münasibətlərində yol verdiyi səhvlərdən və ana olmaq arzusundan da söz açıb.
Hər addımı ilə gündəmə gəlməyi bacaran Hadise qonaq olduğu proqramda daxili dünyasını və keçmişdə yaşadığı çətinlikləri bu dəfə daha açıq şəkildə dilə gətirib. Şöhrətdən daha çox sevilmək istədiyini vurğulayan müğənni şəxsi həyatındakı dönüş nöqtələrindən danışıb.
Ətrafında həqiqətən dəyər verdiyi az sayda insanın olduğunu bildirən Hadise sevilmək mövzusunda yaşadığı daxili tərəddüdləri bölüşüb. O, həyatı boyu layiq olduğu sevgini görmədiyini düşündüyünü və bunun öz daxilində həll etməli olduğu məsələlərdən biri olduğunu deyib.
Anas Bukhashın aparıcısı olduğu “ABtalks” adlı YouTube proqramına qatılan müğənni fikirlərini belə ifadə edib:
“Ətrafımda həqiqətən sevdiyim çox insan yoxdur. Bu gün gördüyün insanlar mənim həqiqətən dəyər verdiyim insanlardır. Onlar üçün özümü oda belə ataram, onlar mənim ailəmdir. Amma sevilməyə gəlincə, həyatım boyu layiq olduğum sevgini gördüyümü düşünmürəm. Bu, bir növ həyatımda həll etməli olduğum məsələdir”.
Hadise sevgidən danışarkən yalnız romantik münasibətləri nəzərdə tutmadığını bildirib. Onun sözlərinə görə, dostluq, ailə münasibətləri və güvəndiyi insanlardan gördüyü xəyanətlər də bu anlayışa daxildir.
Müğənni həyatında özünə çoxlu suallar verdiyi bir dövrdən keçdiyini və onu incidən insanlardan uzaqlaşdıqdan sonra özünü daha azad hiss etdiyini vurğulayıb.
Hadise fikirlərini belə davam etdirib:
“Heç kim səni həyatda müəyyən seçimlər etməyə məcbur etmir, o seçimləri özün edirsən. Bu günlərdə həyatımda elə bir dövrdən keçirəm ki, özümə çoxlu suallar verməyə başlamışam. Sevgidən danışarkən yalnız qadınla kişi arasındakı eşqi nəzərdə tutmuram. Bura dostluq, ailə və gözüyumulu güvəndiyin halda səni arxadan vuran insanlar da daxildir. Özümü azadlaşmış hiss etməyimin səbəbi həyatımdan bir çox toksik insanı çıxarmış olmağımdır”.
2018-ci ildə meneceri olan bacısı Hülya Açıkgözlə yollarını ayırdıqdan sonrakı prosesdən danışan Hadise göz yaşlarına hakim ola bilməyib.
Aralarındakı fikir ayrılığı barədə danışmamaq üçün razılaşmaları olduğunu bildirən sənətçi bunları deyib:
“Aramızda bir fikir ayrılığı yaşandı, amma bu barədə danışa bilmirəm. Çünki aramızda bu mövzuları müzakirə etməmək barədə razılaşma var. Artıq danışmırıq, amma onu sevirəm.
Yaşadığım travma ilə bağlı bu sahədə ixtisaslaşmış terapevtdən dəstək aldım. Özümü inanılmaz dərəcədə tənha hiss etdiyim bir dövr idi. Ailəmizdə ciddi fikir ayrılıqları yaşayırdıq. Anamı da çox görə bilmirdim, amma bu barədə əvvəllər heç danışmamışdım. Aramız yaxşı olmasa da, hər zaman onun yanında olacağam”.
Könül
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ