İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbdə vahid qaydalar, cəmiyyətdə dini azadlıq - deputatdan açıqlama

Azərbaycanda orta məktəblərdə normal tədris prosesinin təmin edilməsi, vahid məktəbli formasının tətbiqi və Nazirlər Kabinetinin müvafiq qərarının icrası ətrafında müzakirələr təkcə təhsil məsələsi deyil, həm də dünyəvi dövlət prinsipləri, milli dəyərlər və cəmiyyətin ideoloji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda baş örtüyünə ümumi qadağadan söhbət getmir. Gündəlik həyatda, dövlət orqanlarında və müxtəlif təşkilatlarda baş örtüyündən istifadə edən şəxslər sərbəstdirlər. Əsas məsələ məktəbdə vahid qaydaların qorunması, uşaqların təhsil prosesinin dini eksperimentlərdən, yad ideoloji təsirlərdən və ifrat dini simvolikanın təbliğindən müdafiəsidir. Milli-mənəvi dəyərlərimiz, Azərbaycan ailə modeli, sekulyarlıq və vətənpərvərlik bu baxımdan xüsusi önəm daşıyır.

Uşaqların aqressiya, şiddət və zorakılıqla müşayiət olunan görüntülərə cəlb edilməsi, təxribat və qanun pozuntularını əks etdirən videoların yayılması isə ciddi araşdırma və ictimai müzakirə tələb edir. Belə hallarla bağlı yeni faktların üzə çıxarılması, mövcud görüntülərin təhlili və cəmiyyətin diqqətinə çatdırılması da uşaqların təhlükəsizliyinin qorunması baxımından vacibdir. Digər tərəfdən, İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikahlar, azyaşlı qızların ərə verilməsi, onların təhsil və sağlamlıq hüquqlarının pozulması ağır sosial problem olaraq qalır.

Məktəblərdə dünyəvi təhsil prinsiplərini və uşaqların təhlükəsizliyini qorumaq, eyni zamanda dini azadlıqlara hörmət etmək üçün hansı tədbirlər görülməlidir və erkən nikahların yaratdığı faciələrin qarşısını almaq üçün cəmiyyət hansı addımları atmalıdır?

Elnarə Akimova: “Vətənpərvərlik ölkənin inkişafına töhfə verməkdir”

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-da öncəliklə xüsusi olaraq vurğuladı ki, məktəb uşağa elm, bilik, milli-mənəvi dəyərlər və vətəndaşlıq məsuliyyəti aşılayan təhsil ocağıdır: “Həmçinin məktəb şəxsi dini baxışların, ideoloji mübarizələrin və siyasi qarşıdurmaların meydanı deyil. Burada əsas meyar ayrı-ayrı şəxslərin istəyi deyil, qanunla müəyyən edilmiş ümumi qaydalar olmalıdır. Heç kim öz şəxsi mövqeyini dövlətin qanunlarından üstün tuta bilməz. Azərbaycan dünyəvi dövlətdir. Konstitusiyanın 18-ci maddəsində dinin dövlətdən ayrı olması və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması təsbit edilir. Bu müddəa təsadüfi deyil. Dünyəvilik dinə qarşı çıxmaq demək deyil. Dövlətin bütün vətəndaşlara bərabər yanaşmasını, təhsil prosesinin isə dini məcburiyyətlərdən kənar, elmi biliklər əsasında qurulmasını nəzərdə tutur. Dini etiqad azadlığına hörmətlə yanaşmaqla dövlət məktəbinin vahid qaydalarını qorumaq bir-birinə zidd deyil. Bunlar hüquqi dövlətin fərqli, lakin bir-birini tamamlayan prinsipləridir”.

Deputat bir daha diqqətə çatdırdı ki, 2026-cı il iyulun 7-də “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklərlə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin və müəllimlərin geyimlə bağlı tələblərə riayət etməsi qanunvericilik səviyyəsində təsbit olunub: “Sentyabrın 21-də Nazirlər Kabinetinin 309 nömrəli qərarı ilə şagird geyiminin vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərinə yol verilməməsi müəyyənləşdirilib. Oktyabrın 6-da qəbul edilmiş 325 nömrəli qərarla isə müəllimlərin geyiminə dair tələblər təsdiqlənib. Həmin tələblərdə müəllim geyiminin, o cümlədən geyim elementlərinin dünyəvi təhsil prinsipinə uyğun olması göstərilir. Deməli, söhbət kiminsə şəxsi istəyindən və ya məktəb rəhbərliyinin özbaşına qərarından deyil, hüquqi aktlarla müəyyən edilmiş qaydalardan gedir. Şagirdin də, müəllimin də, valideynin də hüquqları olduğu kimi, üzərinə düşən vəzifələr var. Qanun qarşısında məsuliyyət yalnız vətəndaşdan tələb olunmur. Dövlət qurumları da öz qərarlarını qanuna uyğun, ardıcıl və hamıya bərabər şəkildə tətbiq etməlidir”.

Vahid məktəbli forması ətrafında yaradılan məqsədli təxribat: Prosesin  pərdəarxası - Foto/Video - Oxu.az

E.Akimovanın sözlərinə görə, məktəbli geyiminin vahidliyi, ilk növbədə, uşaqlar arasında bərabər mühit yaratmağa xidmət edir: “Məktəbdə uşağın biliyi, bacarığı, davranışı və şəxsiyyəti önə çıxmalıdır. Geyim fərqləri üzərindən qruplaşma, təzyiq və qarşıdurma yaranmamalıdır. Məktəbin əsas vəzifəsi uşaqları ayırmaq deyil, onları ortaq vətəndaşlıq dəyərləri ətrafında birləşdirməkdir. Bu yanaşma hər hansı dini inancın təhqiri deyil, ümumi təhsil mühitinin qorunmasıdır. Bəzən dini geyimlə bağlı hər bir qaydanı dinə qarşı münasibət kimi təqdim etməyə çalışırlar. Bu, məsələnin mahiyyətini təhrif edir. Dövlətin müəyyən etdiyi məktəbli geyimi tələblərinə riayət etmək dini etiqaddan imtina etmək demək deyil. İnsan öz dini inancına hörmət edə, şəxsi həyatında dini dəyərlərinə uyğun yaşaya bilər. Lakin dövlət məktəbində hamı üçün müəyyən edilmiş qaydalar da nəzərə alınmalıdır. Şəxsi inanc qanunlara əməl etməmək üçün avtomatik əsas yarada bilməz. Eyni zamanda, dövlətin qanunları müdafiə etmək məsuliyyəti məktəbə gələn uşağın təhsil hüququnu qorumaq və onun təhlükəsizliyini təmin etmək vəzifəsini də əhatə edir. Qaydanın icrası təhqir, hədə-qorxu, alçaltma və ya uşağın ləyaqətini sındırmaq yolu ilə deyil, qanuni prosedurlarla təmin edilməlidir. Bu, qanuna güzəşt deyil, hüquqi dövlətin tələbidir. Qayda hamıya eyni tətbiq edilməli, mübahisələr isə məktəbin Pedaqoji Şurası və aidiyyəti qurumlar vasitəsilə həll olunmalıdır. Qanunun aliliyi yalnız tələbin qoyulması ilə deyil, onun düzgün icrası ilə də ölçülür.
Əgər məktəblərdə yaranan narazılıqlardan kimlərsə uşaqları təhsil prosesindən uzaqlaşdırmaq, müəllimlərə təzyiq göstərmək və ya cəmiyyətdə qarşıdurma yaratmaq üçün istifadə edirsə, bu hallar da hüquqi çərçivədə araşdırılmalıdır. Xarici təsir, maliyyələşmə və ya məqsədli təşkilatlanma barədə iddialar konkret sübutlarla yoxlanmalıdır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR