Onlayn ictimai-siyasi qəzet
"Ötən gün Ankarada Azərbaycan səfirliyinin qarşısında guya "hicab qadağası"nı bəhanə edərək Azərbaycan əleyhinə müxtəlif fikirlər səsləndirənlər, əslində, özlərini ifşa etdilər".
Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili qeyd edib ki, baş verənlər həmin şəxslərin dinlə bağlı təsəvvürlərinin nə qədər primitiv olduğunu ortaya qoyub:
"Onların hər birinin ölmüş bir ərəb xəlifəsini yenidən dirildib ondan imdad uman xurafatçı, aciz insanlar olduğunu gördük. Həm möminlərə, həm də qeyri-möminlərə - hər kəsə bəlli oldu ki, bu insanların nə dindən, nə onun aliliyindən, nə də müqəddəsliyindən xəbərləri var.
Belə olan halda, onlar hansı mənəvi haqla Azərbaycanda kiminsə "hüquqlarını" tələb edirlər? Azərbaycanda vətəndaşların hüquqlarının heç bir pozuntusu yoxdur. Azərbaycanda din və etiqad azadlığı var, hicab qadağası yoxdur. Azərbaycanda qanunların tələb etdiyi, tədrisin keyfiyyətinin yüksəldilməsinə və daha intellektual gəncliyin yetişdirilməsinə xidmət edən vahid məktəbli forması var.
Başqa bir ölkənin daxili işlərinə, siyasətinə müdaxilə etmək artıq "din məsələsi"ndən daha ciddi məsələdir.
Onlar bu cəsarəti haradan alırlar? Onlara bu cəsarəti kim verir? Hansı cəsarətlə bizim strateji və tarixi müttəfiqimiz olan ölkədə yerləşən səfirliyimizin qarşısında belə aksiya keçirə bilirlər? Deməli, burada məsələ artıq sadəcə dinin istismar olunması məsələsi deyil. Hədəf həm də Azərbaycan dövləti və onun xarici siyasətidir".
Millət vəkili Türkiyə-Azərbaycan münasibətlərinin ayrı-ayrı siyasətçilərdən və siyasi dairələrdən asılı olmadığını da qeyd edib:
"İnanıram ki, bu zehniyyətin sahibləri və onun arxasında duran siyasi çevrələrini qardaş türk xalqı seçkilərdə cəzalandıracaq. Çünki Türkiyə-Azərbaycan münasibətləri hansısa siyasətçidən və ya siyasi dairələrin mövqeyindən asılı olan münasibətlər deyil. Türkiyə-Azərbaycan qardaşlığı iki xalqın iradəsinə söykənən qardaşlıqdır.
Ona görə də milli maraqlarımız tələb edərsə, İsraillə yaxşı əlaqələr qurarıq və yaxud hər hansı başqa dövlətlə də yaxşı əlaqələr qurarıq. Azərbaycan tam müstəqil dövlətdir. Azərbaycan xalqının iradəsi və maraqları nəyi diktə edəcəksə, Azərbaycan dövləti də həmin qərarları qəbul edəcək. Bu, kimisə narahat edirsə, artıq bu, onun problemidir".
Xalidə Gəray
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ