İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda çətirlə öldürülən dissident - Georgi Markovun müəmmalı qətli

1978-ci il sentyabrın 7-də Londonun mərkəzində baş verən hadisə sonradan “Soyuq müharibə” tarixinin ən müəmmalı sui-qəsdlərindən birinə çevrilib. Bolqar yazıçı və dissident Georgi Markov işdən çıxaraq avtobus gözləyib. O, BBC-nin Bolqarıstan xidmətində çalışıb və kommunist hakimiyyətini tənqid edən çıxışları ilə tanınıb. Elə həmin gün onun həyatında sonuncu səhifə açılıb.

Markov sonradan dostlarına deyib ki, dayanacaqda arxasında dayanan naməlum kişi ona yaxınlaşıb. Həmin şəxs əlində çətir tutub. Birdən Markov budunda kəskin ağrı hiss edib. Kişi üzr istəyib, taksiyə minərək hadisə yerindən uzaqlaşıb. İlk baxışdan adi küçə toqquşmasına bənzəyən bu hadisənin arxasında isə mürəkkəb planın olduğu bir neçə həftə sonra üzə çıxıb. Markov dörd gün sonra xəstəxanada ölüb.

9faffdcb-b2f3-4613-b01a-40883cb97c09.jpeg (89 KB)

Georgi Markov 1929-cu ildə Bolqarıstanda anadan olub. Yazıçı kimi tanınıb, ədəbi əsərlər yazıb və əvvəlcə kommunist sisteminin daxilində fəaliyyət göstərib. Onun Bolqarıstanın rəhbəri Todor Jivkovla da yaxın münasibətləri olub. Lakin zaman keçdikcə Markov hakimiyyətlə fikir ayrılığına düşüb. Ölkədəki siyasi sistemi və rəhbərliyi tənqid etməyə başlayıb. 1969-cu ildə Bolqarıstanı tərk edərək Qərbə gedib.
Londonda məskunlaşdıqdan sonra BBC-də işləməyə başlayıb. Eyni zamanda “Azad Avropa” radiosu və “Deutsche Welle” üçün də materiallar hazırlayıb. Onun yazıları və radioçıxışları Bolqarıstandakı kommunist hakimiyyətinə münasibətdə getdikcə daha tənqidi xarakter alıb. Markovun işi onu mühacir yazıçıdan siyasi dissidentə çevirib. O, xaricdən Bolqarıstandakı vəziyyət haqqında danışan və milyonlarla insana çatan səslərdən biri olub. Bu isə onun təhlükəsizliyi ilə bağlı narahatlığını artırıb. Markov yaxınlarına həyatının təhlükədə ola biləcəyini düşündüyünü də deyib. Lakin 1978-ci il sentyabrın 7-də baş verən hadisənin miqyasını o zaman heç kim təsəvvür etməyib.

c7b0e141-4b5c-4fdd-bc26-60a75c559801.jpeg (98 KB)

Onun ölümündən əvvəl danışdığı hadisə əvvəlcə polisdə də tam aydınlıq yaratmayıb. O bildirib ki, tanımadığı bir adam ona çətirlə toxunub və budunda sancı hiss edib. Hadisədən sonra Markov özünü pis hiss etməyə başlayıb. Bir neçə saat keçdikdən sonra vəziyyəti ağırlaşıb. Ertəsi gün həyat yoldaşı və dostları onu xəstəxanaya aparıb. Həkimlər onun budunda kiçik deşik aşkarlayıb. Əvvəlcə bunun nə ilə əlaqəli olduğu aydın olmayıb.

Markovun vəziyyəti isə sürətlə pisləşib. Sentyabrın 11-də, hücumdan cəmi dörd gün sonra, 49 yaşlı yazıçı Londonda xəstəxanada ölüb. İlk mərhələdə ölümün səbəbi tam müəyyənləşdirilməyib. Lakin hadisənin qeyri-adi xarakteri London polisinin diqqətini cəlb edib. İstintaqın istiqamətini dəyişən əsas sübut Markovun bədənindən çıxarılıb. Həkimlər onun ayağında son dərəcə kiçik metal kürəcik aşkarlayıblar. Kürəciyin diametri təxminən 1,7 millimetr olub. Sonrakı araşdırmalar göstərib ki, metal kürəcik xüsusi hazırlanıb və içərisində zəhərli maddənin yerləşdirilməsi üçün mikroskopik kanallar açılıb. Bu, adi güllə olmayıb.

4b1c4fe0-1424-4f1e-b6b0-0f15a58ba14c.jpeg (143 KB)

Araşdırmaçılar müəyyənləşdirib ki, kürəcik platin və iridium ərintisindən hazırlanıb. Onun daxilində zəhər saxlanılması üçün iki kiçik kanal olub. Ən mühüm nəticə isə bundan sonra gəlib. Kürəciyin içərisində risin aşkarlanıb. Britaniya hökumətinin sonrakı materiallarında da Porton Down elmi mərkəzinin mütəxəssislərinin 1978-ci ildə Markovun buduna çətirin ucundan yerləşdirilmiş risin kapsulunu müəyyən etdiyi qeyd olunur. Beləliklə, Markovun ölümünün təsadüfi olmadığı artıq aydınlaşıb. O, sui-qəsd nəticəsində öldürülüb.

Təhqiqatı daha da müəmmalı edən başqa bir hadisə isə Markovun ölümündən əvvəl baş verib. Paris şəhərində yaşayan digər bolqar dissidenti Vladimir Kostov da oxşar hücuma məruz qalıb. Kostov 1978-ci ilin avqustunda Parisdə metro stansiyasından çıxarkən kürəyində qəfil ağrı hiss edib. Sonradan onun bədənindən də kiçik metal kürəcik çıxarılıb. Kostov sağ qalıb.

Onun bədənindən çıxarılan kürəciklə Markovun bədənində aşkarlanan kürəcik arasında oxşarlıqlar müəyyənləşdirilib. Bu iki hadisənin əlaqəli olduğu ehtimalı London polisi üçün son dərəcə əhəmiyyətli ipucuya çevrilib. Markovun ölümündən sonra artıq söhbət sadəcə müəmmalı bir xəstəlikdən getməyib. Polisin qarşısında daha ciddi mənzərə yaranıb: iki bolqar mühacir, iki oxşar hücum və hər iki halda bədəndə xüsusi hazırlanmış metal kürəcik.

f6e707f4-41fd-427c-8830-711150589fe1.jpeg (62 KB)

Markovun qətli baş verən kimi şübhələr Bolqarıstanın təhlükəsizlik xidmətlərinin üzərinə düşüb. Bunun səbəbi aydın olub: Markov xaricdə Bolqarıstan kommunist rəhbərliyini tənqid edən tanınmış dissident idi. Lakin hadisənin arxasında konkret şəxsin və ya qurumun dayandığını həmin vaxt hüquqi baxımdan sübut etmək mümkün olmayıb.

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin adı da müxtəlif araşdırmalarda və ehtimallarda çəkilib. Lakin DTK və Bolqarıstan hakimiyyəti qətldə iştirakı inkar edib. 1991-ci ilin aprelindəisə DTK-nın 1-ci baş idarəsinin “K” idarəsinə rəhbərlik etmiş Oleq Kaluqin “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, 1978-ci ildə öz müavini Sergey Qolubevi və onun rəhbərlik etdiyi 12 saylı laboratoriyanı Markovun öldürülməsi üçün bolqar tərəfinə vasitə təqdim etməyə cəlb edib.

1993-cü ildə isə DTK-nın keçmiş polkovniki Oleq Qordiyevski isə bildirib ki, Markovun “aradan götürülməsi” general Sergey Qolubev tərəfindən hazırlanıb. Onun sözlərinə görə, Qolubev zəhəri şəxsən aparıb və həmin maddə xüsusi hazırlanmış çətirin ucunda yerləşdirilib. Bununla belə, Qordiyevski əsas məsuliyyətin SSRİ-yə deyil, Bolqarıstanın xüsusi xidmət orqanlarına aid olduğunu vurğulayıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR