İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan əraziləri dəyişmək istəyir – Azərbaycana sərf edirmi?

Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Azərbaycan və Ermənistan arasında illərdir müzakirə olunan anklav/eksklav kəndlərin taleyi ilə bağlı növbəti diqqətçəkən bəyanatla çıxış edib.

Erməni diplomat tərəflər arasında bu məsələnin həlli üçün müxtəlif variantların, o cümlədən ərazilərin dəyişdirilməsi imkanlarının masada olduğunu bildirib.
Mirzoyan jurnalistlərə açıqlamasında qeyd edib: "Ölkələrin malik olduğu anklavlara gəlincə... biri bir ölkədə, digəri isə digərində qala bilər. Onlar qarşılıqlı olaraq dəyişdirilə də bilər, yaxud başqa həll variantları da mümkündür".

Mirzoyandan bir gün öncə Nikol Paşinyan da bu cür açıqlama verib. Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın anklav və eksklav kəndlərlə bağlı son bəyanatları Azərbaycan-Ermənistan münasibətlərində yeni müzakirələrə yol açıb. İrəvan ərazilərin qarşılıqlı dəyişdirilməsi variantını gündəmə gətirir.

Bəs bu təklif Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur? Bakı hansı şərtlərlə razılaşa bilər və ərazi mübadiləsi ölkəmizə strateji üstünlük qazandıra bilərmi?

Polkovnik Rövşən Məhərrəmov: "Ali Baş Komandanın bir əmri kifayətdir ki..."

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Paşinyan və Mirzoyanın son açıqlamaları Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesində anklav məsələsinin həlli üçün yeni imkanların müzakirə oluna biləcəyini göstərir, ancaq bu bəyanatları artıq əldə edilmiş razılaşma kimi təqdim etmək olmaz: “Əgər ərazi mübadiləsi Azərbaycanın anklavlarının taleyini həll edir, Kərkinin qaytarılmasına şərait yaradır, sərhəd təhlükəsizliyini gücləndirir və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında etibarlı əlaqənin qurulmasına kömək edirsə, belə bir model prinsipcə Bakı üçün faydalı ola bilər. Amma ərazilər yalnız sahələrinin bərabərliyinə görə dəyişdirilərsə, onların strateji dəyəri və nəqliyyat əhəmiyyəti nəzərə alınmazsa, bu, Azərbaycanın maraqlarına uyğun nəticə verməyə bilər. Əsas məsələ torpaqların sadəcə dəyişdirilməsi deyil, bu prosesin Azərbaycanın ərazi bütövlüyünə, təhlükəsizliyinə və uzunmüddətli geosiyasi maraqlarına nə qazandıracağıdır. Buna görə də Azərbaycan üçün ən düzgün yanaşma ərazi mübadiləsini nə əvvəlcədən rədd etmək, nə də şərtsiz qəbul etməkdir. Məsələyə hər bir ərazinin hüquqi statusu, strateji əhəmiyyəti və Azərbaycanın ümumi milli maraqları əsasında qiymət verilməlidir”.

Polkovnik qeyd edib ki, ərazilərin sahəsinin bərabər olması onların strateji və iqtisadi dəyərinin də bərabər olması demək deyil: “Məsələn, bir ərazi kiçik olsa da, mühüm avtomobil yoluna, nəqliyyat qovşağına və ya sərhəd keçidinə nəzarət baxımından böyük əhəmiyyət daşıya bilər. Digər ərazi isə daha geniş olsa belə, belə üstünlüklərə malik olmaya bilər. Azərbaycanın Ermənistan ərazisindəki anklavları Ermənistanın əsas nəqliyyat marşrutlarına yaxınlığı baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu coğrafi amil danışıqlarda Bakının əlində müəyyən üstünlük yarada bilər. Beynəlxalq münasibətlər üzrə təhlillərdə də Azərbaycan anklavlarının Ermənistanın yol şəbəkəsi ilə əlaqəsi məsələsinin mümkün ərazi mübadiləsini sadə və birmənalı həll yolu olmaqdan çıxardığı vurğulanır. Ona görə də Azərbaycan yalnız ərazilərin kvadratkilometrlərini müqayisə etməklə qərar verməməlidir. Mümkün razılaşma ölkəmizin təhlükəsizlik maraqlarını, nəqliyyat imkanlarını və uzunmüddətli strateji mövqeyini gücləndirməlidir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR