İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsseldən Tiflisə tələb, Bakıya isə...

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Gürcüstan hakimiyyətinin Avropa dəyərlərinə uyğun istiqamətdə addımlar atmayacağı təqdirdə, Brüsselin hökumətlə əməkdaşlıq etməyəcəyini bildirib. “Gürcüstan hakimiyyəti Avropa dəyərlərinə doğru irəliləməyə başlamayana qədər onlarla əməkdaşlıq etməyəcəyik”, deyə Kos vurğulayıb.

Komissarın sözlərinə görə, Gürcüstan hakimiyyəti irəli getmək əvəzinə, qəbul etdiyi çoxsaylı qanunlarla geriyə addımlar atır. O qeyd edib ki, Avropa İttifaqı Gürcüstan hökuməti ilə fəal əməkdaşlığı bərpa etməkdə maraqlıdır, lakin bunun üçün Tiflis konkret addımlar atmalıdır. Kos eyni zamanda vurğulayıb ki, Gürcüstan hakimiyyəti ilə əməkdaşlığın olmaması Avropa İttifaqının ölkə vətəndaşlarına və vətəndaş cəmiyyətinə dəstəyinin dayandırılması demək deyil. Onun sözlərinə görə, Brüssel Gürcüstanın vətəndaş cəmiyyəti ilə əməkdaşlığı davam etdirir və əhaliyə müxtəlif sahələrdə yardım göstərmək niyyətindədir.
Gürcüstan 2023-cü ilin dekabrında Avropa İttifaqına namizəd statusu əldə edib. Lakin Tiflisin Avropaya inteqrasiya kursu ilə bağlı qərarları və qəbul etdiyi qanunlar Brüssel ilə münasibətlərdə gərginliyə səbəb olub. Gürcüstan hökuməti 2024-cü ilin noyabrında Avropa İttifaqına üzvlük danışıqlarının 2028-ci ilin sonunadək gündəliyə daxil edilməyəcəyini açıqlayıb.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

Qeyd edək ki, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı 2025-ci il sentyabrın 18-də Bakıda olub, Azərbaycan rəsmiləri ilə görüşlər keçirib və Ağdama səfər edib. Görüşlərdə regional sülh, nəqliyyat bağlantıları və azad edilmiş ərazilərin bərpası kimi məsələlər müzakirə olunub. Bununla belə, Aİ–Azərbaycan münasibətlərinin hələ də əsaslı dönüş nöqtəsinə çatdığını söyləmək çətindir. Tərəflər arasında enerji, nəqliyyat və regional təhlükəsizlik sahələrində əməkdaşlıq imkanları olsa da, siyasi münasibətlərdə qarşılıqlı gözləntilər və fikir ayrılıqları qalmaqdadır. Brüsselin Gürcüstan hakimiyyəti ilə əməkdaşlığın bərpasını konkret siyasi şərtlərlə əlaqələndirməsi isə Aİ-nin region ölkələrinə münasibətdə fərqli yanaşmalarının müzakirəsini yenidən aktuallaşdırır. Bakı üçün əsas məsələ Avropa İttifaqı ilə münasibətlərin bəyanatlar səviyyəsindən çıxaraq qarşılıqlı maraqlara əsaslanan, bərabərhüquqlu və praktik əməkdaşlıq formatında inkişaf etməsidir.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirdi ki, Marta Kosun Tiflisə ünvanladığı bəyanat təkcə Gürcüstanla bağlı deyil: " Bu, Brüsselin Cənubi Qafqaza baxışının dəyişdiyini göstərən siyasi mesajdır. Avropa İttifaqı artıq region ölkələrinə vahid paketlə yanaşmır. Hər paytaxt üçün ayrıca kart, ayrıca qiymət müəyyən edilir. Yəni Tiflis üçün qiymət dəyərlərdir, Bakı üçün isə maraqlardır. Bu fərqin bir neçə səbəbi var. Birincisi, Gürcüstan özü Avropa qapısını döyüb, namizəd statusu alıb və bununla da Brüsselə öz daxili siyasətinə müdaxilə üçün açar verib. Azərbaycan isə bu yolu seçməyib. Deməli, Brüsselin Bakıya qarşı şərt kartı yoxdur, sadəcə əməkdaşlıq təklifi var. İkincisi, Avropanın enerji xəritəsində Azərbaycan alternativi az olan tərəfdaşdır. Rusiya qazından uzaqlaşan Avropa qapını Bakıya bağlamaq kimi ağır bədəl ödəyə bilməz. Üçüncüsü, Orta Dəhliz və sülh prosesindən sonra açılacaq yeni nəqliyyat xətləri Bakını regionun əsas qovşağına çevirir. Brüssel bu oyundan kənarda qalmaq istəmir.
Digər tərəfdən, reallıq ondan ibarətdir ki, Brüsselin Tiflisdə hakimiyyəti yan keçərək birbaşa vətəndaş cəmiyyəti ilə işləmək strategiyası Bakıda da diqqətlə izlənilir. Bu model bəzi paytaxtlarda daxili işlərə qarışmaq kimi qəbul olunur. Bu baxımdan, Bakının Brüssellə münasibətlərdə suverenlik xəttini qorumaqda israrlı olması təsadüfi deyil. Bununla belə, bir sıra ekspertlər hesab edir ki, Gürcüstanla münasibətlərin soyuması Azərbaycan üçün də risk daşıyır. Çünki Gürcüstan Bakının Avropaya açılan əsas tranzit qapısıdır. Tiflis Brüsseldən uzaqlaşdıqca Moskva bu boşluğu doldurmağa çalışacaq. Moskvanın Gürcüstanda möhkəmlənməsi isə Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi layihələrin siyasi fonunu dəyişə bilər. Yəni Gürcüstan məsələsi Bakı üçün kənardan seyr edilən mənzərə deyil, birbaşa öz maraqlarına toxunan prosesdir.
Ankara isə burada balanslaşdırıcı rol oynayacaq. Türkiyə həm Bakının strateji müttəfiqi, həm də Avropa ilə Orta Dəhlizi birləşdirən körpüdür".

Siyasi təhlilçi hesab edir ki, Bakı-Ankara xətti Brüsselin Gürcüstanda itirdiyi təsiri regionda kompensasiya etmək üçün də aktuallaşa bilər: "Məncə, yaxın gələcəkdə Brüssel Bakı ilə münasibətlərdə daha praqmatik olacaq, siyasi tənqidi isə əsasən Avropa Parlamentinin tribunasına buraxacaq. Bakı üçün isə əsas sınaq bu fürsəti bəyanatlardan konkret layihələrə çevirməkdir. Enerji, nəqliyyat, rəqəmsal əlaqələr və azad edilmiş ərazilərin bərpası və.s. Hər halda, Tiflisin itirdiyi Avropa kartı Bakı üçün yeni imkan pəncərəsi aça bilər. Əsas odur ki, bu pəncərədən bərabərhüquqlu tərəfdaş kimi baxılsın".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR