Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ukraynaya qarşı müharibəsini fəal şəkildə dəstəkləyən məşhur “Rıbar” (“Рыбарь”) teleqram kanalının yaradıcısı Mixail Zvinçukun Monteneqroda saxlanılması Moskva ilə Podqoritsa arasında yeni gərginliyə səbəb olub. Hadisəyə Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev də sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, Zvinçukun saxlanılmasını Monteneqronun baş naziri Miloyko Spaiç şəxsən təsdiqləyib.
Baş nazir bildirib ki, ölkəsi öz milli maraqlarını qoruyur və heç kimin Monteneqronun Avropa gələcəyini təhlükə altına almasına imkan verilməyəcək.
“Biz əvvəllər də xəbərdarlıq etmişdik ki, Monteneqronun Avropaya inteqrasiya yolunu hibrid təsir və sabitliyi pozmaq cəhdləri müşayiət edir. İndi tələsik bəyanatlar verməyin vaxtı deyil, lakin sadəlövh nəticələr çıxarmağın da zamanı deyil”, – deyə Spaiç vurğulayıb.
Onun sözlərinə görə, hadisə ilə bağlı bütün əlaqələr və mümkün təsir mexanizmləri geniş kontekstdə araşdırılmalıdır.
Zvinçukun saxlanıldığını “Rıbar” kanalı da təsdiqləyib. Kanalın açıqlamasına əsasən, o, digər Rusiya vətəndaşları ilə birlikdə Monteneqroda olub və ölkəyə qanuni əsaslarla gəlib.
Kanalın nümayəndələri səfərin məqsədinin Çetinye monastırında çəkiliş aparmaq olduğunu, bunun üçün əvvəlcədən rəsmi müraciət edildiyini bildiriblər.
Lakin Monteneqronun “Vijesti” nəşri fərqli məlumat yayıb. Nəşrin yazdığına görə, Zvinçuk və çəkiliş qrupu ölkənin Avropa İttifaqına inteqrasiyasını mənfi aspektdən təqdim edən sənədli film hazırlayırmış. Filmdə Avropaya inteqrasiyanın siyasi təzyiqlə həyata keçirilən və turizm üçün mənfi nəticələr doğuran proses kimi göstərilməsi nəzərdə tutulubmuş.
Məlumata əsasən, çəkiliş qrupundan dronlar, mürəkkəb rəqəmsal avadanlıqlar, elektron cihazlar və mobil telefonlar götürülüb. Saxlanılan şəxslər Kotor şəhərində təhlükəsizlik orqanlarına aparılaraq dindirilib.
Rusiyanın BAZA nəşri Zvinçuk barəsində Monteneqronun milli təhlükəsizliyinə təhdid yaratmaq ittihamı ilə cinayət işi başlandığını yazıb. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.
Diqqətçəkən məqam odur ki, Zvinçuk saxlanılmasından az əvvəl Monteneqrodan foto paylaşaraq sanksiyalara və ölkəyə giriş qadağasına baxmayaraq, buraya daxil olduğunu bildirib.
Hadisədən sonra Dmitri Medvedev Avropa və ABŞ vətəndaşlarının saxlanılması ilə bağlı hədələyici bəyanat səsləndirib.
Medvedev iddia edib ki, Avropa ölkələrində Rusiya vətəndaşlarına qarşı təqib kampaniyası aparılır və istənilən rusiyalı saxlanıla bilər.
“İndi, çox güman ki, öz adamlarımızı çıxarmaq üçün avropalı və amerikalı axmaqlardan ibarət mübadilə fondunu artırmaq lazım gələcək. Başqa cür mümkün deyil”, – deyə o bildirib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Avropaya səfər edən rusiyalıları da xəbərdar edərək onların həbs riski ilə üzləşə biləcəyini söyləyib.
Medvedevin açıqlaması Monteneqroda aparılan araşdırmaya cavab olaraq Qərb ölkələrinin vətəndaşlarının mümkün saxlanılması barədə açıq hədə kimi diqqət çəkib.
Qeyd edək ki, “Rıbar” Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı geniş məlumat və şərhlər yayan, Kremlin hərbi-siyasi mövqeyini dəstəkləyən ən tanınmış rusdilli teleqram kanallarından biridir.
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ