Onlayn ictimai-siyasi qəzet
NATO Hərbi Komitəsinin nümayəndələri Kiyevə rəsmi səfərə gəliblər. Nümayəndə heyətinə Alyansın 32 üzv ölkəsindən, o cümlədən Türkiyədən hərbi nümayəndələr daxildir. Bu, səkkiz ildən sonra Ukraynaya ilk belə səfərdir.
NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Dragone səfərdə əsas məqsədin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyi ilə danışıqlar aparmaq olduğunu deyib. Tərəflər cəbhə xəttindəki vəziyyəti və NATO-nun Ukraynaya davamlı hərbi və strateji dəstəyini müzakirə etmək niyyətindədir.
Onun sözlərinə görə, səfər Ukrayna ilə Alyans arasında əməkdaşlığın gücləndiyini nümayiş etdirir. Hərbi Komitənin rəhbəri, həmçinin, Rusiyanı təxribat, kiberhücumlar və NATO hava məkanını pozmaqda ittiham edib.
Bu arada xəbər yayılıb ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığı Rusiya ilə uzunmüddətli müharibə planı hazırlayıb və plan bir neçə həftədir Milli Təhlükəsizlik və Müdafiə Şurası (NSDC) tərəfindən nəzərdən keçirilir. Bu barədə “Ukrainska Pravda” iki yüksək vəzifəli mənbəyə istinadla məlumat yayıb. Plan strateji məsələlərlə yanaşı, Kiyevin müdafiəyə yanaşmasını da əhatə edir.
Səfərin bu planla hər hansı əlaqəsi mümkünmü? Niyə məhz 8 il sonra? Bu, müharibədə hansısa dönüşəmi işarədir?
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, NATO Hərbi Komitəsinin səkkiz ildən sonra bütün üzvlərin nümayəndələri ilə Kiyevə gəlməsi Ukraynaya dəstəyin davam etdiyini və müharibənin nəticələrinin Alyansın təhlükəsizliyi üçün də əhəmiyyət daşıdığını göstərir: “Ukraynanın uzunmüddətli müharibə planı ilə səfər arasında məntiqi əlaqə ehtimalı var. Lakin bu hadisə hələ müharibədə dönüş demək deyil. Sadəcə bu hadisə Ukraynanın və onun müttəfiqlərinin qarşıdakı mərhələyə daha sistemli hazırlaşdığını göstərən mühüm siqnaldır. Əgər NATO ölkələri Kiyevin yeni müdafiə strategiyasına uyğun olaraq yardımın həcmini və xarakterini dəyişsələr, bu, müharibənin gedişinə təsir edə bilər. Əks halda, səfər əsasən siyasi həmrəylik və hərbi məsləhətləşmə xarakteri daşıyan hadisə olacaq”.
Etibar Seyidağa,
Musavat.com
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ