İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni evlərində Türkiyə işığı – Azərbaycan da işin içində

Ermənistan və Türkiyə arasında Gümrü-Qars elektrik verilişi xəttinin bərpası və işə salınması istiqamətində rəsmi danışıqlar aktiv faza qədəm qoyub. Oktyabrın 5-də İrəvanda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan ilə Türkiyənin Elektrik Enerjisinin Ötürülməsi Təşkilatının (TEİAŞ) baş direktoru Mustafa Pustunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında bu layihə ətraflı müzakirə edilib.

Paşinyan daha əvvəl qeyd etmişdi ki, Ermənistan və Azərbaycanın enerji sistemlərinin də beynəlxalq sülh və rifah marşrutları çərçivəsində birləşdirilməsi nəzərdə tutulur. Gümrü-Qars xəttinin bərpası həm ikitərəfli əməkdaşlıq, həm də Cənubi Qafqazın enerji şəbəkələrinin Türkiyə vasitəsilə Avropaya inteqrasiyası (Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlıq) kontekstində strateji addım kimi dəyərləndirilir.

Bu təmasları Azərbaycansız Türkiyə-Ermənistan yaxınlaşması kimi dəyərləndirmək olarmı, yoxsa Ankaranın emosiyalarla siyasət yürüdən tərəf olmadığını deməliyik?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Ermənistanla Türkiyə arasında Gümrü-Qars elektrik verilişi xəttinin bərpası istiqamətində danışıqların intensivləşməsi Azərbaycanın regional maraqları baxımından da diqqətəlayiq hadisədir. Ancaq bu prosesi avtomatik olaraq Türkiyənin Azərbaycandan uzaqlaşması və ya Bakı ilə razılaşdırılmamış siyasi xətt yürütməsi kimi qiymətləndirmək düzgün olmaz: “Burada iqtisadi maraqlar, regional kommunikasiyaların açılması və Cənubi Qafqazda yeni əməkdaşlıq formatlarının formalaşması kimi amillər var.

Burada ilk növbədə Türkiyənin xarici siyasətində iqtisadi və strateji maraqların rolunu nəzərə almaq lazımdır. Ankara regionda nəqliyyat, enerji və ticarət əlaqələrinin genişlənməsində maraqlıdır. Ermənistanla münasibətlərin normallaşdırılması da bu çərçivədə qiymətləndirilə bilər”.

Politoloq qeyd edib ki, Türkiyənin siyasətini siyasi emosiyalarla yürüdülən siyasət hesab etmək düzgün olmaz: “Dövlətlərarası münasibətlərdə iqtisadi fayda, enerji təhlükəsizliyi, regional təsir imkanları və uzunmüddətli geosiyasi hesablamalar mühüm rol oynayır. Ankara Ermənistanla əlaqələri genişləndirməklə Cənubi Qafqazda iqtisadi və siyasi mövqelərini gücləndirməyə çalışa bilər. Bu, Türkiyənin Azərbaycanla strateji müttəfiqliyinə zidd olan siyasət deyil. Ancaq Ermənistanla yaxınlaşmanın hansı şərtlər daxilində həyata keçirilməsi Bakı üçün prinsipial əhəmiyyət daşıyır”.

Y.Bağırzadə hesab edir ki, Ankara ilə İrəvanın elektrik xəttinin bərpasını müzakirə etməsi özlüyündə Azərbaycanın prosesdən kənarlaşdırılması demək deyil.

Etibar Seyidağa,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR