İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa küçələrində etiraz, hakimiyyət dəhlizlərində narahatlıq: Makron dövrünün son sınağı

Yanacağın litri bəzi məntəqələrdə 5 manatı keçir, minlərlə məktəbli saxlanılır, “sarı jiletlilər”in qayıdışı müzakirə olunur. Fransa 2027-ci il prezident seçkiləri ərəfəsində hansı sınaqlarla üzləşib?

Parisdən Marselə, Liondan digər şəhərlərə qədər məktəblilər və tələbələr küçələrə çıxır, polis müdaxiləsi mübahisələrə səbəb olur.

Yanacağın qiyməti bəzi məntəqələrdə Azərbaycan manatı ilə 5 manatı keçir, dövlət borcu isə 3,6 trilyon avroya yaxınlaşır.

Bunun fonunda oktyabrın 17-si üçün “sarı jiletlilər” hərəkatını canlandırmaq çağırışları yayılır.

İlk baxışda fərqli görünən bu hadisələrin ortaq tərəfi var: dövlətin maliyyə imkanları ilə cəmiyyətin sosial gözləntiləri arasında ziddiyyət dərinləşir.

2017-ci ildə ölkənin siyasi sistemini yeniləmək vədi ilə hakimiyyətə gəlmiş Emmanuel Makron indi prezidentliyinin son mərhələsində bu problemlərin yaratdığı siyasi nəticələrlə üzləşir.

Screenshot_9.png (403 KB)

Məktəbdən başlayan etiraz bütün ölkəyə yayıldı

Son etiraz dalğasının başlanğıcında siyasi partiyaların deyil, məktəblilərin gündəlik problemləri dayanırdı.

Paris ətrafındakı Kretey şəhərində yerləşən Antuan de Sent-Ekzüperi liseyində müəllim çatışmazlığı, məktəb binasının yararsız vəziyyəti və tədris şəraitinə etiraz edən şagirdlərin aksiyası qısa müddətdə başqa təhsil müəssisələrinə də yayıldı.

Oktyabrın 6-da keçirilən nümayişlərə Daxili İşlər Nazirliyinin məlumatına görə, 266 min nəfər qatıldı. Təşkilatçılar isə iştirakçı sayını 450 min nəfər göstərdilər. İki gün sonra keçirilən aksiyalarda rəsmi olaraq 71 500 nəfərin iştirak etdiyi bildirildi. Onlardan 24 500-ü Parisdə idi.

Etirazların əsas səbəbləri müəllim çatışmazlığı, məktəblərin vəziyyəti, siniflərin yüklənməsi və ali təhsilə qəbul sistemidir. Hökumətin təşkil etdiyi məsləhətləşmələr zamanı daxil olmuş təxminən 67 min müraciətin 70 faizində dərs cədvəllərindən narazılıq ifadə edilib.

Fransada dövlət təhsili pulsuzdur, lakin bu, keyfiyyət və imkan bərabərliyi ilə bağlı problemləri aradan qaldırmır.

Xüsusilə Parisin sosial-iqtisadi baxımdan daha həssas ətraf ərazilərində şagirdlərin üzləşdiyi çətinliklər imkan bərabərliyi barədə suallar doğurur.

Etirazların sosial şəbəkələr vasitəsilə sürətlə yayılması isə yeni nəslin siyasi təşkilatlanma üsullarının dəyişdiyini göstərir. Bu gənclərin əksəriyyəti ənənəvi partiya strukturlarından kənarda öz tələblərini ifadə etməyə çalışır.

Saxlanılanların 86 faizi uşaqlardır

Hadisələrin ən narahatedici tərəflərindən biri azyaşlıların kütləvi şəkildə polis nəzarətinə götürülməsidir.

Fransa Ədliyyə Nazirliyinin oktyabrın 9-da açıqladığı məlumata əsasən, sentyabrın 21-dən oktyabrın 8-i saat 17:00-dək 6 877 nəfər polis nəzarətinə (garde à vue) götürülüb. Onların 5 890 nəfəri, yəni 86 faizi 18 yaşına çatmamış uşaqlardır.

Bu şəxslərin 2 376-sı barəsində cinayət təqibi başlanılıb; onların 1 923-ü azyaşlıdır. İstintaq dövründə həbs qərarı verilən 21 nəfərin altısı uşaqdır. Polis nəzarətinə götürülmək isə təqsirin sübuta yetirilməsi və ya məhkumluq demək deyil.

Müqayisə üçün qeyd etmək lazımdır ki, 2023-cü ildə 17 yaşlı Nahel Merzukun polis tərəfindən öldürülməsindən sonra Fransanı bürüyən iğtişaşlarda 4 481 nəfər saxlanılmışdı. Hazırkı etirazlarda polis nəzarətinə götürülənlərin sayı artıq həmin göstəricini keçib.

901dc5ded9bfbdccbcae4a2a40b1439d.jpg (113 KB)

Polisin güc tətbiqi: təhlükəsizlik, yoxsa hüquq pozuntusu?

Etirazlar zamanı baş verən ağır xəsarət hadisələri Fransada polis fəaliyyətinə nəzarət mexanizmlərini yenidən gündəmə gətirib.

Reuters-in oktyabrın 10-da dərc etdiyi araşdırmaya görə, Fransa polisinin daxili nəzarət qurumu IGPN güc tətbiqi ilə bağlı 24 hadisəni araşdırır.

Ən ağır hadisələrdən biri 14 yaşlı Eden adlı yeniyetmə ilə bağlıdır. Polis tərəfindən yaxın məsafədən atılan gözyaşardıcı qaz mərmisinin üzünə dəyməsi nəticəsində onun çənəsi sınıb, dişləri zədələnib. Hadisədə iştirak etmiş polis əməkdaşı barəsində daimi şikəstliyə səbəb olan zorakılıq ittihamı üzrə istintaq aparılır.

Lens şəhərində 15 yaşlı yeniyetmə polis qumbarası ilə əlaqələndirilən hadisədə əlini və qolunun bir hissəsini itirib. Digər şəhərlərdə uşaqların göz və üz nahiyələrindən ağır xəsarət alması barədə də məlumatlar var.

Fransa Milli Elmi Tədqiqat Mərkəzinin tədqiqatçısı Sebastian Roş 12 gün ərzində dörd azyaşlının geri dönməz xarakterli xəsarət almasına diqqət çəkib.

Bu hadisələrdə polisin qanunsuz hərəkət etdiyinə dair bütün hüquqi nəticələr hələ müəyyən edilməyib. Lakin xəsarətlərin ağırlığı müstəqil və səmərəli araşdırmanın vacibliyini göstərir.

Hökumət isə etirazlar zamanı polis əməkdaşlarına hücumları, məktəblərin yandırılmasını və ictimai əmlaka vurulan ziyanı əsas gətirərək təhlükəsizlik tədbirlərinin zəruriliyini müdafiə edir. Rəsmi məlumata görə, təxminən 700 polis əməkdaşı və 200 şagird xəsarət alıb.

Təbii ki, ictimai asayişi qorumaq dövlətin vəzifəsidir. Ancaq bu, hüquq-mühafizə orqanlarına məhdudiyyətsiz güc tətbiq etmək səlahiyyəti vermir.

İnsan hüquqlarını beynəlxalq siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim edən Fransanın öz ərazisində baş verən hadisələrə münasibətdə də bu standartlara əməl etməsi vacibdir.

Screenshot_8.png (673 KB)

Yanacağın litri bəzi məntəqələrdə 5 manatı keçir

Oktyabrın 10-na dair CarbuPrix göstəricilərinə əsasən, SP95-E10 benzininin litri ölkə üzrə orta hesabla 2,219 avro, dizelin litri isə 2,351 avrodur. Bu, Azərbaycan manatı ilə təxminən 4,24 və 4,49 manat edir. Ayrı-ayrı məntəqələrdə, xüsusilə magistral yollarda qiymət 5 manatı keçir.

Beləliklə, 50 litrlik avtomobil çənini dizellə doldurmaq orta hesabla 117 avrodan çox başa gəlir.

Xüsusilə Paris ətrafında və kənd yerlərində yaşayan insanlar işə getmək, uşaqları məktəbə aparmaq və müxtəlif xidmətlərdən yararlanmaq üçün avtomobildən asılıdırlar.

Yanacağın bahalaşması bu səbəbdən yalnız nəqliyyat xərci deyil, ümumi yaşayış səviyyəsinə təsir edən amildir.

Bu mənzərə 2018-ci ilin noyabrında başlayan “sarı jiletlilər” hərəkatını yada salır.

Screenshot_7.png (1.17 MB)

Həmin vaxt hökumətin yanacaq vergilərini artırmaq planına qarşı yaranan etirazlar sürətlə sosial ədalət, yaşayış xərcləri və siyasi təmsilçilik məsələlərini əhatə edən ümummilli hərəkata çevrilmişdi.

Makron hökuməti nəticədə planlaşdırılan vergi artımından geri çəkilməyə məcbur oldu.

2026-cı ildə bahalaşmanın səbəbləri fərqlidir: beynəlxalq enerji bazarındakı gərginlik, Yaxın Şərq münaqişələri və təchizat problemləri qiymətlərə təsir edir.

17 oktyabrda “sarı jiletlilər” yenidən küçələrə çıxacaqmı?

Son həftələr sosial şəbəkələrdə həmin gün ölkə miqyasında nümayişlərin keçirilməsi və “sarı jiletlilər” hərəkatının yenidən canlandırılması barədə çağırışlar yayılır.

Çağırışların əsas mövzusu yanacaq qiymətlərinin bahalaşması və yaşayış xərclərinin artmasıdır. Bəzi paylaşımlarda məktəblilər, tələbələr, fermerlər və digər sosial qruplar birgə hərəkət etməyə dəvət olunurlar.

“Le Monde” və TF1-in sentyabrın 16-da dərc etdikləri araşdırmalara görə, çağırışlar tarixi “sarı jiletlilər” hərəkatının tanınmış nümayəndələri və ya böyük həmkarlar ittifaqları tərəfindən başladılmayıb. Bəzi afişaların süni intellekt vasitəsilə hazırlandığı müəyyən edilib.

Deməli, sosial şəbəkələrdə geniş yayılan çağırışların real küçə səfərbərliyinə çevrilib-çevrilməyəcəyi hələ məlum deyil.

Bununla belə, 17 oktyabr diqqətdən kənarda qala biləcək tarix deyil. Əgər təhsil sistemindən narazı gənclərlə yanacaq qiymətlərindən və alıcılıq qabiliyyətindən şikayət edən digər sosial qruplar arasında davamlı əməkdaşlıq yaranarsa, etirazların siyasi məzmunu genişlənə bilər.

post112185_6a9fdce43861e.jpg (132 KB)

Dövlətin borcu artır, cəmiyyətin gözləntiləri isə azalmır

Fransa hökumətinin vəziyyətini mürəkkəbləşdirən əsas amillərdən biri dövlət borcudur.

Təkcə üç ay ərzində borc 59,6 milyard avro artıb.

Fransa Milli Statistika İnstitutunun (INSEE) sentyabrın 29-da açıqladığı məlumata görə, dövlət borcu 2026-cı ilin ikinci rübünün sonunda 3 595,5 milyard avroya, yəni ÜDM-in 119 faizinə çatıb.

Hökumət büdcə kəsirini azaltmaq istəyir, vətəndaşlar isə daha yaxşı təhsil, səhiyyə, sosial təminat və alıcılıq qabiliyyətinin qorunmasını tələb edirlər.

Screenshot_5.png (460 KB)

2018-ci ildə Makron hökuməti sosial narazılığı azaltmaq məqsədilə müəyyən maliyyə güzəştlərinə gedə bilmişdi. İndiki maliyyə şəraitində oxşar addımların atılması daha mürəkkəbdir.

Makron dövrünün son sınağı

Emmanuel Makron 2017-ci ildə Fransa siyasətində yeni mərkəzçi model yaratmaq iddiası ilə hakimiyyətə gəldi. İqtisadi islahatlar, pensiya sistemində dəyişikliklər və Avropanın strateji müstəqilliyi onun prezidentliyinin əsas mövzuları oldu.

2018-ci ilin “Sarı jiletlilər” hərəkatı, pensiya islahatlarına qarşı nümayişlər və 2024-cü il parlament seçkilərindən sonra yaranmış siyasi parçalanma hakimiyyətin qarşısında duran problemləri artırdı.

2027-ci ildə isə Fransa yeni prezident seçəcək. Konstitusiyaya əsasən, Makron ardıcıl üçüncü dəfə namizəd ola bilməz.

Buna görə qarşıdakı seçkilərdə yalnız yeni prezidentin kimliyi deyil, Makronun qurmağa çalışdığı siyasi modelin gələcəyi də müzakirə olunacaq.

images.jpg (14 KB)

Fransanın sağ, sol və mərkəzçi qüvvələri iqtisadiyyat, miqrasiya, təhlükəsizlik və sosial dövlət məsələlərində fərqli proqramlarla çıxış edirlər. Hazırkı etirazların onların siyasi gündəminə təsir göstərəcəyi aydındır, lakin seçkilərin nəticəsini indidən müəyyən etmək mümkün deyil.

Fransa böhranı Azərbaycan üçün nə ifadə edir?

Paris Avropa İttifaqının aparıcı siyasi mərkəzlərindən biridir və uzun illər Cənubi Qafqaz proseslərində fəal rol oynayıb.

Son illərdə Fransa–Azərbaycan münasibətlərinin gərginləşməsi, Ermənistanla hərbi-siyasi əməkdaşlıq və qarşılıqlı diplomatik ittihamlar iki ölkə arasındakı münasibətlərə təsir göstərib.

Fransa xarici siyasəti yalnız prezidentin siyasi mövqeyi ilə deyil, dövlət institutları, diplomatik ənənələr və Avropa İttifaqı çərçivəsindəki maraqlarla müəyyənləşir.

Lakin ölkənin daxili siyasi böhranı Parisin xarici siyasətinin avtomatik dəyişəcəyi anlamına gəlmir.

9ffc7c96af341fb70f36025decf2a194.jpg (381 KB)

Azərbaycan üçün mühüm olan Fransanın daxili siyasi qarşıdurmasına münasibət bildirməkdən daha çox, müxtəlif siyasi və ictimai dairələrlə davamlı əlaqələrin inkişaf etdirilməsidir.

Fransa yenidən yol ayrıcındadır

Oktyabrın 17-si üçün yayılan çağırışların nə ilə nəticələnəcəyi hələ məlum deyil. Tələbə etirazlarının da hansı istiqamətdə inkişaf edəcəyini indidən söyləmək çətindir.

Ancaq bir məsələ artıq görünür: Makron prezidentliyinin son mərhələsində dövlət maliyyəsini sabitləşdirmək, ictimai təhlükəsizliyi qorumaq və sosial narazılıqlara cavab vermək kimi bir-biri ilə sıx bağlı vəzifələrlə qarşı-qarşıyadır.

Fransanın qarşısında duran əsas sual yalnız küçələrdəki nümayişlərin nə vaxt başa çatacağı deyil. Daha mühüm məsələ vətəndaşların gündəlik problemlərinə siyasi institutlar daxilində nə dərəcədə cavab tapılacağıdır.

Çünki demokratiyanın gücü yalnız seçkilərin keçirilməsi ilə deyil, cəmiyyətin öz dövlətinə etimadı və hökumətin ictimai narazılıqları hüquqa uyğun yollarla həll etmək bacarığı ilə də ölçülür.

Makron dövrünün necə xatırlanacağını isə yalnız keçmiş islahatların nəticələri deyil, prezidentliyinin son aylarında bu problemlərə veriləcək cavablar da müəyyən edəcək.

Elnur Məcidli
Paris, Fransa, 11 oktyabr 2026-cı il

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR