İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhali gündəlik ehtiyacları üçün daha çox borclanır

Bu il iyulun 1-nə Azərbaycan əhalisinin borc yükünün sərəncamında qalmış gəlirlərinə nisbəti ötən il iyulun 1-i ilə müqayisədə 0,3 faiz bəndi artaraq 18,7 % olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilib.
“Əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir”, – deyə hesabatda qeyd olunub.

İqtisadçı Vüsalə Əhmədova Musavat.com-a şərhində bildirib ki, əhalinin gəlirlərinin böyük hissəsinin borc ödənişlərinə yönəldiyi görünür:
“Kredit, borc, vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra əhalinin istehlak, yığım və digər məqsədlər üçün istifadə edə biləcəyi gəlirləri "sərəncamda qalan gəlirlər" adlanır. Sərəncamda qalan gəlirlərin artması onu göstərir ki, əhalinin nominal gəlirləri yüksəlib. Yəni, bu, məşğulluğun artması, əməkhaqlarının və pensiyaların indeksləşdirilməsi, sahibkarlıq və digər gəlirlərin çoxalması ilə bağlı ola bilər. "Əhalinin borc yükü" isə, vətəndaşların kredit və digər borc öhdəliklərini yerinə yetirmək üçün gəlirlərinin nə qədər hissəsini ayırmalı olduğunu göstərən iqtisadi göstəricidir. Mərkəzi Bankın məlumatından aydın olur ki, borc yükü gəlirlərdən daha sürətlə artıb. Yəni, əhalinin gəlirlərinin daha böyük hissəsi borcların ödənilməsinə sərf olunur. İstehlak və yığım üçün qalan vəsait isə azalıb. Borc yükünün artmasının hansı amillərlə bağlı olduğuna gəlincə, məsələn, əhali gündəlik ehtiyaclarını maliyyələşdirmək üçün daha çox kredit götürürsə, ümumi borc öhdəlikləri təbii olaraq böyüyəcək. Kreditlərin faiz dərəcələri, müddətləri və ödəniş qrafikləri ailələrin dövri borc ödənişlərinə təsir edir. Xüsusilə, qısa müddətli və yüksək aylıq ödənişli kreditlər gəlirlərin daha böyük hissəsinin borca ayrılmasına səbəb olur. Həmçinin də, ərzaq, kirayə, kommunal xidmətlər, nəqliyyat və digər zəruri xərclər artdıqda, gündəlik ehtiyacları qarşılamaq üçün əlavə borclanmaya ehtiyac yaranır. Belə olan halda, əməkhaqqı və digər gəlirlər yüksəlsə belə, kreditlərin həcmi və ya mövcud borclar üzrə ödənişlər daha sürətlə artır. Nəticədə, gəlirlərin artması borc yükünün azalmasına kifayət etmir”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR