Onlayn ictimai-siyasi qəzet
2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkında 3 min 341 ədəd minik avtomobili istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 1 min 655 ədəd və yaxud 33 % az, 2022-ci ilin göstərici ilə müqayisədə isə 2 min 2 ədəd və yaxud 2,5 dəfə çoxdur.
Bundan başqa, ötən il Neftçala Sənaye Məhəlləsində 658 ədəd (4,6 % və 3,5 % az), Naxçıvan Avtomobil Zavodunda isə 39 ədəd (8 dəfə az və 39,3 % çox) minik avtomobili istehsal edilib.
Ötən il ölkədə 4 min 38 ədəd avtomobil istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 32,7 % azdır. (report)
Maraqlıdır, görəsən ölkəmizdə yerli avtomobillərə maraq nə dərəcədədir?
Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev Musavat.com-a bildirib ki, Azərbaycanda yerli avtomobil istehsalının inkişaf etdirilməsi ölkə iqtisadiyyatı, sənaye potensialının artırılması, yeni iş yerlərinin yaradılması və xaricdən avtomobil idxalından asılılığın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Ekspert hesab edir ki, məsələyə yalnız avtomobillərin ölkə daxilində istehsal edilməsi və ya yığılması prizmasından yanaşmaq düzgün olmaz: “Burada əsas məsələ istehsal olunan nəqliyyat vasitələrinin keyfiyyəti, texniki göstəriciləri, təhlükəsizlik səviyyəsi, qiymət siyasəti, istismar müddəti və Azərbaycan yollarına uyğunluğudur. Hazırda ölkəmizdə Hacıqabul, Neftçala və Naxçıvanda avtomobil istehsalı və yığılması həyata keçirilir. Müxtəlif xarici markaların avtomobilləri yerli müəssisələrdə yığılaraq bazara təqdim olunur. Bu, avtomobil sənayesinin formalaşması baxımından müsbət addımdır. Ancaq etiraf etməliyik ki, yerli istehsal avtomobillərə vətəndaşların marağı hələlik arzuolunan səviyyədə deyil. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. İlk növbədə, Azərbaycan avtomobil bazarında uzun illər ərzində xarici istehsalçılara qarşı müəyyən etimad formalaşıb. Vətəndaşlarımız avtomobil alarkən əsasən onun markasına, mühərrikinin etibarlılığına, yanacaq sərfiyyatına, ehtiyat hissələrinin əlçatanlığına, servis xidmətinə və gələcəkdə ikinci əl bazarında hansı qiymətə satıla biləcəyinə diqqət yetirirlər. Xüsusilə, son illərdə Çin istehsalı olan avtomobillərin, hibrid və elektrik nəqliyyat vasitələrinin bazarda geniş yayılması rəqabəti daha da gücləndirib. Belə şəraitdə yerli istehsal avtomobillərin alıcı cəlb etməsi üçün yalnız ölkəmizdə yığılması kifayət deyil. Həmin avtomobillər həm qiymət, həm keyfiyyət, həm də texniki imkanlar baxımından rəqabətədavamlı olmalıdır. Rəsmi statistikaya nəzər saldıqda görürük ki, 2024-cü ildə Azərbaycanda 5998 minik avtomobili istehsal edildiyi halda, 2025-ci ildə bu göstərici 4038 ədədə enib. Bu isə təxminən 32,7 faiz azalma deməkdir. Əlbəttə, istehsalın azalmasını birbaşa vətəndaşların marağının azalması kimi qiymətləndirmək düzgün olmaz. Burada istehsal planları, sifarişlərin həcmi, bazardakı rəqabət, istehsal xərcləri və digər iqtisadi amillər də rol oynaya bilər. Ancaq bu göstəricilər onu deməyə əsas verir ki, yerli avtomobil sənayesinin inkişafı üçün hələ kifayət qədər böyük işlər görülməlidir”.
A.Nəbiyevin fikrincə, yerli avtomobillər daxili tələbatı ödəyə bilmir: “Hesab edirəm ki, mövcud istehsal həcmi və model çeşidi ilə Azərbaycanın avtomobil bazarının bütün tələbatını ödəmək hələlik mümkün deyil çünki ölkəmizdə avtomobillərə olan tələbat kifayət qədər müxtəlifdir. Bir vətəndaş qənaətcil şəhər avtomobili almaq istəyir, digəri ailəsi üçün geniş və komfortlu nəqliyyat vasitəsinə üstünlük verir, başqa bir alıcı isə yüksək keçicilik qabiliyyətinə malik avtomobil axtarır. Eyni zamanda, taksi fəaliyyəti, yükdaşımalar, kənd təsərrüfatı, dövlət qurumları və kommersiya müəssisələrinin də fərqli texniki göstəricilərə malik avtomobillərə ehtiyacı var. Yerli müəssisələr müəyyən seqmentlər üzrə bu tələbatın bir hissəsini qarşılaya bilər. Lakin daxili bazarın böyük hissəsini təmin etmək üçün istehsal gücü artırılmalı, model çeşidi genişləndirilməli, müasir texnologiyalar tətbiq edilməli və avtomobillərin qiyməti alıcıların imkanlarına uyğunlaşdırılmalıdır. Burada xüsusi diqqət yetirilməli məsələlərdən biri də yerli istehsal anlayışıdır. Avtomobilin bütün əsas hissələrinin xaricdən gətirilərək Azərbaycanda yığılması ilə mühərrik, transmissiya, elektron sistemlər və digər komponentlərin ölkə daxilində istehsal edilməsi eyni anlayış deyil. Ona görə də gələcəkdə məqsəd yalnız avtomobil yığmaq yox, mərhələli şəkildə ehtiyat hissələrinin və müxtəlif texniki komponentlərin də yerli istehsalını təşkil etmək olmalıdır. Bu, həm maya dəyərinin azalmasına, həm yeni iş yerlərinin yaradılmasına, həm də avtomobil sənayesində peşəkar mütəxəssislərin yetişdirilməsinə imkan verə bilər. Digər tərəfdən, vətəndaşın yerli avtomobilə marağını artırmaq üçün onun həmin avtomobilə etibar etməsi vacibdir. Alıcı bilməlidir ki, aldığı avtomobilin ehtiyat hissələrini rahat tapa biləcək, texniki nasazlıq yarandıqda peşəkar servis xidməti alacaq və avtomobil bir neçə ildən sonra da öz istismar keyfiyyətini qoruyacaq. Əgər vətəndaş avtomobili aldıqdan sonra ehtiyat hissəsi üçün həftələrlə gözləməli olursa və ya servis şəbəkəsi məhduddursa, təbii olaraq növbəti seçimində başqa markaya üstünlük verəcək. Bu baxımdan yerli istehsalçılar yalnız avtomobil satışı ilə deyil, satışdan sonrakı xidmət sistemi ilə də rəqabət aparmalıdırlar”.
Ekspert Azərbaycan yollarının yerli istehsal avtomobillərə uyğunluğunu da şərh edib: “Avtomobilin ölkəmizdə istehsal edilməsi onun avtomatik olaraq Azərbaycan yollarına uyğun olması demək deyil. Bu uyğunluq konkret modelin konstruksiyasından, asqı sistemindən, klirensindən, mühərrik və transmissiya xüsusiyyətlərindən, təkərlərinin ölçüsündən və ümumi texniki dözümlülüyündən asılıdır. Azərbaycanda yol infrastrukturu regionlar üzrə fərqlənir. Bakı şəhərində və əsas magistral yollarda müasir standartlara uyğun, keyfiyyətli asfalt örtüyünə malik yollar mövcuddur. Bununla yanaşı, bəzi şəhərətrafı ərazilərdə, qəsəbələrdə, kənd yollarında və regionlarda asfalt örtüyünün sıradan çıxması, çalaların yaranması, yol səthinin qeyri-bərabər olması və yağış sularının yollarda toplanması kimi problemlərlə qarşılaşırıq. Belə şəraitdə avtomobilin yalnız şəhər daxilində hamar asfalt üzərində sınaqdan keçirilməsi kifayət etmir. Yerli istehsal avtomobilləri müxtəlif yol və iqlim şəraitində uzunmüddətli sınaqlardan keçirilməlidir. Daha bir vacib məqam təhlükəsizlikdir. Yerli istehsal avtomobillərin qiymətinin münasib olması təhlükəsizlik avadanlıqlarının hesabına təmin edilməməlidir. Avtomobillərdə ABS, elektron sabitlik sistemi, təhlükəsizlik yastıqları, təhlükəsizlik kəmərləri və digər müasir aktiv və passiv təhlükəsizlik vasitələri müvafiq standartlara cavab verməlidir. İstehsalçıların avtomobillərin qəza sınaqları və təhlükəsizlik göstəriciləri barədə şəffaf məlumat təqdim etməsi də alıcı etimadının formalaşmasında mühüm rol oynayır. Mən bir yol-nəqliyyat eksperti olaraq hesab edirəm ki, Azərbaycanda avtomobil istehsalının inkişafı üçün yerli müəssisələrlə yanaşı, müstəqil texniki sınaq və qiymətləndirmə imkanlarının genişləndirilməsi də vacibdir. İstehsal olunan avtomobillər Bakı şəhərinin intensiv nəqliyyat şəraitində, magistral yollarda, dağlıq ərazilərdə və kənd yollarında real istismar sınaqlarından keçirilməlidir. Belə sınaqlar nəticəsində hansı modelin hansı yol şəraitinə daha uyğun olduğu müəyyən edilə bilər. Bununla yanaşı, yerli istehsal avtomobillərin taksi parklarında, korporativ nəqliyyatda və müxtəlif müəssisələrdə istifadəsi üzrə uzunmüddətli istismar nəticələrinin öyrənilməsi də faydalı olar. Bu, həm istehsalçılara avtomobillərin zəif tərəflərini müəyyən etməyə, həm də vətəndaşlara daha obyektiv seçim etməyə kömək edər. Dövlət tərəfindən yerli avtomobil sənayesinə dəstək verilməsi vacibdir, lakin bu dəstək yalnız güzəştlər və maliyyə mexanizmləri ilə məhdudlaşmamalıdır. Əsas məqsəd rəqabətədavamlı, təhlükəsiz və keyfiyyətli məhsul istehsalının stimullaşdırılması olmalıdır. Yerli avtomobillərin alınması üçün sərfəli kredit və lizinq imkanlarının yaradılması, uzunmüddətli zəmanətlərin verilməsi, servis şəbəkəsinin regionlara qədər genişləndirilməsi və ehtiyat hissələrinin davamlı təminatı vətəndaşların marağını artıra bilər. Eyni zamanda, avtomobil sənayesi üçün mühəndislərin, texniki mütəxəssislərin, diaqnostika ustalarının və digər peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Nəzərə almalıyıq ki, müasir avtomobil artıq yalnız mühərrik və mexaniki hissələrdən ibarət deyil. Burada elektronika, proqram təminatı, sensorlar, təhlükəsizlik sistemləri və mürəkkəb idarəetmə texnologiyaları mühüm yer tutur. Bu sahədə inkişaf etmək istəyiriksə, müasir texnologiyalara və insan kapitalına investisiya qoymalıyıq”.
Nigar Həsənli
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ